RU

“Qərbi Azərbaycana dönüş bizim təbii haqqımızdır” - Qafar Çaxmaqlı

 “Ermənistanın 90 faizi türk mənşəlidir” 

“Ermənilər 1828-dən sonra Azərbaycan torpaqlarına köçürülüb” 

"Azərbaycanlıların indiki Ermənistana qayıtması Ermənistan xalqını və dövlətini qorxutmamalıdır". 
Bu sözləri Prezident İlham Əliyev Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubiley yığıncağında çıxışı zamanı söyləyib. Dövlət başçısı bildirib ki, Qarabağ və Şərqi Zəngəzur haqqında danışdıqda Azərbaycan tarixi haqqında da danışılmalıdır: 

"Bizim zəngin tariximiz əfsuslar olsun ki, Ermənistan tərəfindən, erməni diasporu tərəfindən uzun illər ərzində təhrif edilmişdir və bu istiqamətdə bizə qarşı aparılan təbliğat bu gün də dayanmır. Ona görə bunun qabağına biz öz həqiqətlərimizi qoymalıyıq. Bu barədə mən 10 il bundan əvvəl Akademiyanın 70 illiyində danışmışam. Bu gün də bu barədə danışmaq istəyirəm ki, biz öz tariximizi tədqiq və təbliğ etməliyik. Azərbaycan vətəndaşları, Azərbaycan gəncləri bizim zəngin tariximizi bilməlidirlər. Bilməlidirlər ki, Azərbaycan xalqının tarixi, dövlətçilik tariximiz, xalqımızın qurub-yaratma qabiliyyəti çoxəsrlidir".
Azərbaycan lideri həmçinin qeyd edib ki, Azərbaycan xalqı böyük coğrafiyada yaşayıb və yaşayır: "Təkcə onu demək kifayətdir ki, bizim hüdudlarımızın o tayında hər istiqamət üzrə Azərbaycan əhalisi yaşayır. Ermənistanda da yaşayıb, amma oradan qovulub. Amma əminəm ki, yenə də yaşayacaq. Çünki biz bu gün bütün qonşu ölkələrlə sərhədlərimizin o tayında görürük ki, orada Azərbaycan əhalisi öz əzəli tarixi torpaqlarında yaşayır və yaşadıqları ölkələrdə ləyaqətli vətəndaşlar kimi yaşayırlar. Azərbaycanlılar heç vaxt separatizm xəstəliyinə düçar olmamışlar. Bizim xalqımız yaşadığı ölkələrin dövlətçiliyinə töhfə verib və bu gün heç bir ölkədə azərbaycanlılar heç bir dövlət üçün, heç bir başqa xalq üçün problem yaratmır və yaratmayacaq. Ona görə azərbaycanlıların indiki Ermənistana qayıtması Ermənistan xalqını və dövlətini qorxutmamalıdır. Mən bunu artıq bir müddət bundan əvvəl demişəm. Biz öz tarixi torpaqlarımıza qayıtmalıyıq, tanklarla yox, avtomobillərlə qayıtmalıyıq".
Dövlət başçısı vurğulayıb ki, burada əsas vəzifə dövlətin üzərinə düşür: "İctimai təşkilatlar və eyni zamanda, Azərbaycan alimləri, mən bilirəm və izləyirəm ki, bu istiqamətdə bir çox elmi əsərlər yaradıb. Onların sayı daha çox olmalıdır. Həm elmi əsərlər, sərgilər, təqdimatlar, tarixi xəritələrin dərc edilməsi. Təkcə XX əsrin əvvəllərində Çar Rusiyası tərəfindən dərc edilmiş xəritələrə baxmaq kifayətdir hər kəs görsün ki, indiki Ermənistan ərazisində toponimlərin mütləq əksəriyyəti Azərbaycan mənşəlidir. O xəritələrdə Sevan gölü adlı göl yoxdur. O xəritələrdə Göyçə gölüdür və bütün digər bizim istifadə etdiyimiz tarixi toponimlərimiz orada öz əksini tapıb. O xəritələri biz tərtib etməmişik ki, kimsə desin biz burada saxtakarlıq eləyirik. Bunu Çar Rusiyası edib. Həmin o Çar Rusiyası ki, vaxtilə erməniləri İrandan və Şərqi Anadoludan gətirərək bizim Qarabağ torpağında yerləşdirib ki, burada etnik və dini tərkib dəyişsin. Yəni bu xəritələr tamamilə tarixi həqiqətə əsaslanan xəritələrdir. Ona görə biz bunu təbliğ etməliyik, tədqiq etməliyik". 
Dövlət başçısı diqqətə çatdırıb ki, daha çox elmi əsərlər, daha çox hətta kiçikhəcmli bukletlər hazırlanmalıdır: "Daha çox elmi əsərlər, daha çox hətta kiçikhəcmli bukletlər hazırlanmalıdır ki, həm Azərbaycan gəncləri öz tarixini yaxından bilsinlər, həm dünya ictimaiyyəti bilsin və eyni zamanda, indiki Ermənistana bizim qayıdışımız da tamamilə məntiqli və ədalətli səslənsin. Ona görə Azərbaycan tarixi ilə bağlı bax, bu istiqamətdə əlbəttə ki, əlavə addımlara ehtiyac var. Bütövlükdə müstəqil Azərbaycan dövlətinin tarixi ilə bağlı sanballı elmi əsərlərə də böyük ehtiyac var. Artıq 30 ildən çoxdur ki, biz müstəqil dövlət kimi yaşayırıq və Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixində Azərbaycan bugünkü qədər güclü olmamışdır. Ona görə müstəqil Azərbaycanın tarixini tədqiq edən, təbliğ edən bir çox əsərlərə ehtiyac var".

Türkiyənin Ərciyəs Universitetinin professoru Qafar Çaxmaqlı Sherg.az-a açıqlamasında deyib ki, Azərbaycan dövlət başçısının AMEA-nın 80 illik yubileyində vurğuladığı məqamlar, diqqət yönəltdiyi məsələlər ziyalıların, ermənişünasların və bu sahə ilə məşğul olan adamların bundan sonra daha da gərgin şəkildə işləməsini şərtləndirir. Alim vurğulayıb ki, o hər zaman öz kitablarında, yazılarında göstərib ki, indiki Ermənistan ərazisində toponimlərin 90 faizindən çoxu Azərbaycan türklərinə aiddir, türk mənşəlidir:

 "Bizə məxsus toponimlərin dəyişdirilməsi prosesi daha çox sovet hökuməti illərinə təsafüd edir. Sadəcə, Göyçə gölü deyil, İrəvan xanlığı ərazisində 14 mahal var idi və hamısı Azərbaycan türklərinə aid ərazilər idi. Kəndlər, dağlar, dərələr, yaşayış yerləri Azərbaycan mənşəliydi. Ölkə rəhbərinin çar Rusiyasına aid xəritərlərə diqqət yönəltməsi də çox önəmlidir. Çünki çar Rusiyası tərəfindən tərtib olunmuş həmin xəritələrdə indiki Ermənistan adlı ərazidəki bütün adlar Azərbaycana məxsusdur. Hətta erməni müəlliflərin öz əsərlərinə istinad edə bilərik. Məsələn, Zaven Korkodyanın 1831-1931-ci illərdə Ermənistan əhalisi" adlı kitabında göstərilən yerlərin, məkanların hamısı Azərbaycan türkcəsindədir. Bunu digər erməni alimləri də təsdiqləyiblər. 1926-cı ildə Bakıda keçirilən I Türkoloji Qurultayda iştirak edən Raçya Acaryan da indiki Ermənistan ərazisindəki yer-yurd adlarının azərbaycanlılara aid olduğunu xüsusi vurğulamışdı. Bu, o deməkdir ki, sözügedən ərazilərə ermənilər sonradan köçürülüb. Bunun tarixi də bəllidir. 1828-ci ildə İrəvan Rusiya tərəfindən işğal ediləndən sonra həm Şərqi Anadoludan, həm də İran ərazisindən köçürülən ermənilər Azərbaycan torpaqlarında məskunlaşdırılıb. O zaman İrəvan xanlığının ərazisinə, Qarabağa və Naxçıvana ermənilər yerləşdirilmiş, məhz ondan sonra yer-yurd adlarını saxtalaşdırmağa, erməniləşdirməyə başlamışdılar. Amma müəyyən adları əvəzləmək imkanları olmayıb". 

Q.Çaxmaqlı qeyd edib ki, Qərbi Azərbaycana, yəni öz dədə-baba torpaqlarımıza iddiamızın əsasında o dayanır ki, həmin ərazilər mübahisəsiz tarixi Azərbaycan torpaqlarıdır: 

"Öz yurdlarımıza yenidən dönmək, orada həyat qurmaq, yaşamaq təbii haqqımızdır, heç kim buna qarşı çıxa bilməz. Əlbəttə, biz daim ermənilərin uydurma adları ilə yox, tarixi adlarımızla çıxış etməliyik. Öz təbliğatımızda, yazdığımız kitablarda daim türk adlarından istifadə etməliyik. İndiki Ermənistan ərazisində ermənilərə aid məkan, yer yoxdur, olmayıb. Bu, bizim əlimizi xeyli dərəcədə gücləndirə bilər. Ermənilər özləri də "Vanadzor" demirlər, Böyük Qarakilsə deyirlər. Yaxud "Leninakan" yox, Gümrü deyirlər. Bu ərazilərin hamısı tər-təmiz türk yurdlarıdır. Hamı bu məsələni mayak etməlidir. Dövlət başçısının çıxışı çox gözəl mesajdır. Azərbaycan alimləri, ictimai-siyasi xadimlər beynəlxalq aləmdə bu adlardan istifadə etməlidir". 

İsmayıl Qocayev

 

Избранный
24
1
sherg.az

2Источники