RU

Dilimizə başqa dillərdən söz qatmaq təxribatdır - Prezident nöqtəni qoydu...


Vüsalə Ağabəyli: “Bu, həm məsuliyyət çağırışıdır, həm də dilə qarşı biganəliyin artıq qəbul edilməyəcəyinin birmənalı göstəricisidir”

Ana dilimiz bizim tükənməz sərvətimizdir və bu misilsiz sərvəti qorumaq üçün hər kəs əlindən gələni etməlidir. Amma təəssüf ki, AMEA-nın Nəsimi adına Dilçilik İnstitutu da daxil olmaqla, aidiyyəti qurumlar dilin saflığının qorunması üçün lazımı təbliğat işi qura bilmir.

Baxmayaraq ki, indiyə qədər dillə bağlı qurumlar, şöbələr yaradılıb, ana dilimizin saflığının qorunmasına xidmət edən sənədlər imzalanıb. Amma bu sənədləri, Dövlət Proqramlarını aidiyyəti qurumlar normal şəkildə icra edə bilməyiblər, nəticədə də dil yad sözlərlə çirklənməyə başlayıb.

Prezident İlham Əliyev Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubiley yığıncağında çıxışı zamanı ana dilimizin saflığının mütləq şəkildə qorunmalı olduğunu bəyan edib.

Prezident Əliyev bildirib: “Bizim dilimiz qədimdir, 50 milyondan çox insan üçün Ana dilidir, çox zəngindir və xarici kəlmələrə ehtiyac da yoxdur.

Düzdür, beynəlxalq leksikon var və hər birimiz bu leksikondan istifadə edirik. Amma əgər Azərbaycan dilində əzəli bir kəlmə varsa, başqa dildən kəlməni gətirib əvəzləmək nə məqsəd daşıyır? Bu, ya səhvdir, ya təxribatdır. Hər ikisi də qəbuledilməzdir”.

Prezident birmənalı şəkildə bildirdi ki, ana dilinin saflığını qorumaq lazımdır, başqa dildən hansısa kəlmələri gətirib əvəzləmək ya səhvdir, ya təxribat.

“Prezidentin çıxışı bir növ milli dil strategiyasının yenilənməsi üçün siqnaldır”

Filologiya elmləri doktoru, dosent Vüsalə Ağabəyli “Bakı-Xəbər”ə bildirdi ki, Prezident İlham Əliyevin AMEA-nın 80 illik yubileyində səsləndirdiyi fikirlər həm dil siyasətimiz, həm də milli identikliyimizin, kimliyimizin qorunması baxımından son dərəcə əhəmiyyətlidir: “Dövlət başçısının vurğuladığı kimi, Azərbaycan dili həm qədimliyi, ifadəliliyi, həm də zənginliyi baxımından müasir dövrün tələblərinə tam cavab verir. Bu səbəbdən də dilimizdə qarşılığı olan sözlərin yerinə yad kəlmələrin işlədilməsi nə elmi, nə də mədəni baxımdan əsaslıdır.

Prezidentin “ya səhvdir, ya təxribatdır” ifadəsi burada təsadüfi deyil - bu, həm məsuliyyət çağırışıdır, həm də dilə qarşı biganəliyin artıq qəbul edilməyəcəyinin birmənalı göstəricisidir.

Bu çağırış dilçilər, müəllimlər, media nümayəndələri və ümumilikdə bütün cəmiyyət üçün konkret istiqamətlər müəyyənləşdirməlidir.

Birincisi, dil siyasətinin gücləndirilməsi, o cümlədən lüğət və terminologiya sahəsində sistemli işlərin aparılması vacibdir. Təbii ki, prezidentin də vurğuladığı kimi, işlənməsi mühüm olan beynəlxalq leksikonlardan, terminlərdən qaçmırıq, onlarla yanaşı, azərbaycandilli terminologiya da geniş istifadəyə verilməlidir”.

V.Ağabəylinin fikrincə, digər tərəfdən isə, KİV və sosial media dilin saflığının qorunmasında mühüm rol oynayır. “Bu platformalarda düzgün dilin təşviqi və dil normalarına riayət olunması istiqamətində maarifləndirici proqramlar həyata keçirilməlidir. Bu gün sosial media, telekanallar daha çox auditoriya üçün əlçatandır. Televiziyaya yol açan bayağı verilişlər, digər dillərdən götürülmüş sözlərin həmin dialoqlarda istər aparıcılar, istər qonaqlar tərəfindən ifrat dərəcədə istifadəsi Azərbaycan ədəbi dilini korlamaqla yanaşı, ictimailəşməsinə, kütləviləşməsinə də səbəb olur. Buna görə də, ölkə başçısının çağırışını birmənalı olaraq qəbul edib aparıcıların nitqinə və ictimai verilişlərə ciddi senzuralar tətbiq edilməlidir. Ana dilinin təbliği istiqamətində faydalı proqramlar, layihələr təqdim edilməlidir.

Bundan başqa, təhsil müəssisələrində dilin düzgün istifadəsi ilə bağlı həm müəllim hazırlığı, həm də dərs vəsaitləri yenilənməlidir. O cümlədən, xüsusi nitq dərsləri tədris qrafiklərinə salınmalı və azərbaycançılıq ideologiyasının təmin olunması uğrunda Azərbaycan ədəbi dili ciddi şəkildə təbliğ edilməlidir.

Prezidentin çıxışı bir növ milli dil strategiyasının yenilənməsi üçün siqnaldır. Bu istiqamətdə AMEA, Elm və Təhsil Nazirliyi, Medianın İnkişafı Agentliyi və digər qurumlar arasında koordinasiyalı fəaliyyətin gücləndirilməsi vacibdir. Ən əsası, dilə münasibət yalnız filoloqların deyil, cəmiyyətin hər bir üzvünün məsuliyyət sahəsinə çevrilməlidir. Ana dilinin saflığı milli kimliyimizin və dövlət müstəqilliyimizin əsas sütunlarından biridir”-deyə V.Ağabəyli bildirdi.

İradə SARIYEVA

Избранный
48
baki-xeber.com

1Источники