RU

Yeni antibiotik tapılıb: alimlər 50 il əvvəl kəşf edilmiş maddədə gizli potensial aşkarlayıb

"Alimlər mövcud antibiotikin araşdırılması nəticəsində gözlənilməz bir "sürpriz"lə üzləşib..."

Köhnə maddədən yeni ümid

"ACS Publications" onlayn nəşrinin yazdığına görə, Böyük Britaniyanın Uorik Universiteti və Avstraliyanın Monaş Universitetinin alimləri çox güclü təsirə malik yeni antibiotik aşkar edib. Maraqlıdır ki, kəşf yeni bir dərman yaratmaqla deyil, əksinə, artıq məlum olan bir antibiotikin yenidən araşdırılması ilə mümkün olub.

Məsələ burasındadır ki, premetilenomisin C-lakton adlı bu maddə başqa bir antibiotikin - metilenomisin A-nın istehsalı zamanı yaranan aralıq birləşmədir. Bu maddə 50 ildən çoxdur tanınıb, lakin onun antibakterial xüsusiyyətləri yalnız indi üzə çıxıb. 

Araşdırma göstərib ki, bu "aralıq məhsul" əslində güclü antibiotik potensialına malikdir. Tədqiqatçılardan olan kimyaçı Lona M. Alxalaf qeyd edir: "Bu kəşf həqiqətən sürpriz olub. Çünki bu bakteriya 1950-ci illərdən bəri laboratoriyalarda model kimi istifadə olunur".

Yeni maddə köhnə antibiotikdən 100 dəfə güclüdür

Alimlər metilenomisin A-nı daha dərindən araşdırmaq üçün onun sintezində iştirak edən genləri modifikasiya edib və yaranan birləşmələri testdən keçirib. Nəticələr gözlənilməz olub.

Premetilenomisin C-lakton metilenomisin A-dan 100 dəfə daha effektivdir. Xüsusilə antibiotiklərə davamlı bakteriyalara qarşı güclü təsir göstərir. Bu maddə rezistent qızılı stafilokokka (MRSA), vankomisinə davamlı enterokokka qarşı yüksək effektivlik nümayiş etdirib.

Ən vacib məqam isə budur: bakteriyalar 28 günlük test zamanı bu maddəyə qarşı davamlılıq (rezistentlik) inkişaf etdirə bilməyib. Bu, antibiotiklərin ən böyük problemlərindən biri olan rezistentlik riskinin daha aşağı ola biləcəyini göstərir.

Qlobal tibbi problemlə mübarizə üçün yeni yanaşma

Alimlər hesab edir ki, bu kəşf antibiotiklərin yaradılmasına yeni yanaşma gətirə bilər: mövcud dərman maddələrinin aralıq mərhələlərini araşdırmaqla yeni antibiotiklər tapmaq mümkündür. Kimyaçı Qreq Çallisin deyir: "Bu kəşf antibiotik axtarışında yeni paradiqma təklif edir".

Bu cür maddələrin tapılması çox vacibdir. Çünki antibiotiklərə davamlılıq (rezistentlik) artıq qlobal təhlükəyə çevrilib - bir çox infeksiyalar müalicəyə tabe olmur, adi xəstəliklər yenidən ölümcül ola bilər. Buna səbəb antibiotiklərin həddindən artıq və yanlış istifadəsi, özbaşına dərman qəbulu, kənd təsərrüfatında antibiotiklərdən geniş istifadə, rezistent bakteriyaların insanlardan-insanlara ötürülməsidir.

Yeni kəşf hələ ilkin mərhələdədir və klinikaya keçməsi üçün əlavə sınaqlar aparılmalıdır. Lakin nəticələr ümidvericidir: alimlər antibiotik qıtlığı və rezistentlik kimi qlobal problemi həll etməyə bir addım daha yaxın ola bilər.

Moderator.az

Избранный
51
1
moderator.az

2Источники