Bu gün UEFA Çempionlar Liqasının ümumi mərhələsinin 4-cü turu çərçivəsində keçirilən “Tottenhem” – “Kopenhagen” qarşılaşması başa çatıb.
90deqiqe.Az-ın məlumatına görə, görüş Londondakı “Tottenhem Hotspur” stadionunda oynanılıb və meydan sahiblərinin 4:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Londondan olan komanda hesabı 19-cu dəqiqədə Brennan Consonun qolu ilə açıb. 51-ci dəqiqədə Vilson Odober fərqi iki topa çatdırıb. 57-ci dəqiqədə Conson ikinci sarı vərəqə alaraq meydanı tərk edib. Azlıqda qalan “Tottenhem” buna baxmayaraq, Mikki van de Venin (64-cü dəq.) və Joau Palinyanın (67-ci dəq.) qolları sayəsində fərqi artıraraq inamlı qələbə qazanıb.
Bu nəticədən sonra “Tottenhem” 8 xalla ümumi mərhələnin yuxarı hissəsində qərarlaşıb. “Kopenhagen” isə 1 xalla turnir cədvəlinin son pillələrindən birində yer alıb.
Növbəti turda “Tottenhem” 26 noyabrda səfərdə PSJ ilə qarşılaşacaq, “Kopenhagen” isə həmin gün doğma meydanda “Kayrat”ı qəbul edəcək.