RU

Azərbaycan Deflimpiya Komitəsi Tokio 2025 hazırlıqları ilə bağlı mətbuat konfransı keçirdi - FOTOLAR

Azərbaycan Deflimpiya Komitəsi tərəfindən 15–26 noyabr 2025-ci il tarixlərində Yaponiyanın paytaxtı Tokio şəhərində keçiriləcək “XXV Yay Deflimpiya Oyunları”na hazırlıqla bağlı mətbuat konfransı təşkil edilib. Tədbirdə idman ictimaiyyətinin nümayəndələri, Komitə rəsmiləri, məşqçilər, media təmsilçiləri və dəvətli qonaqlar iştirak ediblər.

QHT.az xəbər verir ki, konfransı giriş sözü ilə açan Azərbaycan Deflimpiya Komitəsinin baş katibi Namiq Novruzov əvvəlcə görülən genişmiqyaslı hazırlıq işləri barədə ictimaiyyətə ətraflı məlumat verib. O, ölkəmizin ilk dəfə olaraq bu nüfuzlu beynəlxalq turnirdə 6 idman növü üzrə 20 idmançı ilə təmsil olunacağını vurğulayaraq, Deflimpiya hərəkatının Azərbaycanda sistemli şəkildə inkişaf etdiyini qeyd edib.

Namiq Novruzov çıxışında dövlət tərəfindən eşitmə məhdudiyyətli idmançıların hazırlığına göstərilən diqqət və dəstəyin nəticəsində komandanın peşəkar səviyyədə formalaşdırıldığını bildirib, həmçinin 2026-cı ildə karate üzrə Avropa çempionatının Azərbaycanda keçiriləcəyini rəsmi şəkildə elan edib. Qeyd olunub ki, bu, ölkəmizin idman diplomatiyasının növbəti uğuru kimi qiymətləndirilməlidir. Sonda media nümayəndələrinin sualları cavablandırılıb.

Konfransda Azərbaycan Deflimpiya Komitəsinin İdarə Heyətinin üzvü, Prezident mükafatçısı Nərgiz Abdulova da iştirak edib. O, Tokioya yollanacaq komandaya uğurlar arzulayıb, idmançıların bu tarixi yarışda ölkəmizi layiqincə təmsil edəcəyinə inandığını bildirib:

“Bu gün Azərbaycan Deflimpiya hərəkatı yeni mərhələyə qədəm qoyur. İlk dəfə olaraq komandamız arasında 5 qadın idmançının yer alması həm idmanda gender bərabərliyinin təzahürüdür, həm də eşitmə məhdudiyyətli qadınların cəmiyyətə inteqrasiyası baxımından xüsusi əhəmiyyət daşıyır. Biz inanıram ki, idmançılarımız Tokioya qalib ruhu ilə yollanır və Vətənə medallarla dönəcəklər.”

Nərgiz Abdulova həmçinin tədbir zamanı ona göstərilən diqqətə görə Azərbaycan Deflimpiya Komitəsinin kollektivinə təşəkkür edib:

“Doğum günümü bu kollektivin içində qeyd etməyim mənim üçün çox dəyərlidir. Təbrikə və səmimi münasibətə görə Komitə rəhbərliyinə və əməkdaşlara təşəkkürümü bildirirəm.”

Konfransın sonunda Komitənin təsis olunduğu gündən bu günə qədər həyata keçirilən fəaliyyətə həsr olunmuş videomaterial nümayiş etdirilib.

Qeyd edək ki, 15–26 noyabr tarixlərində Tokio şəhərində keçiriləcək “XXV Yay Deflimpiya Oyunları”nda Azərbaycan komandası taekvondo, karate, cüdo, atıcılıq, stolüstü tennis və üzgüçülük olmaqla 6 idman növü üzrə mübarizə aparacaq. İlk dəfə olaraq Deflimpiya Oyunlarında 3-ü taekvondo, 1-i karate və 1-i üzgüçülük üzrə olmaqla ümumilikdə 5 qadın idmançı ölkəmizi təmsil edəcək.

Избранный
44
qht.az

1Источники