RU

Trampın oğlu İrəvandan Bakıya niyə gəlmir?

Sabiq nazir səbəbi açıqladı: “Onun səfər etməməsində bu məqam rol oynaya bilər”

Ermənistan noyabrın 12-də ABŞ prezidentinin oğlu kiçik Donald Trampın səfərini gözləyir. Ermənistan mətbuatının məlumatına görə, səfər zamanı iki əsas mövzu ətrafında müzakirələr aparılacaq. Birincisi, Amerika biznesinin “TRİPP Marşrutu”nun (Zəngəzur dəhlizi) tikintisində iştirakının rəsmiləşdirilməsi və bu nəqliyyat arteriyasının ABŞ şirkəti tərəfindən idarə olunması ilə bağlıdır. Bakı artıq Cənub Qaz Dəhlizindən tutmuş Transxəzər təşəbbüsünə qədər mürəkkəb enerji və infrastruktur layihələrini uğurla həyata keçirdiyini sübut edib. İndi bu xəritəyə yeni bir xətt əlavə olunur - Zəngəzur dəhlizi, amerikalıların terminologiyasında TRIPP - Trump Route for International Peace and Prosperity. TRIPP, Çinin “Kəmər və yol” layihəsinə geoiqtisadi alternativ kimi nəzərdə tutulur. O, Azərbaycan və Naxçıvan üzərindən Xəzəri Şərqi Aralıq dənizi ilə birləşdirərək Mərkəzi Asiya ilə Avropa arasında ən qısa yük marşrutu olmalıdır. Vaşinqton ilkin mərhələ üçün Ermənistana 145 milyon dollar ayırır, lakin əsas rol Bakıya məxsusdur. Azərbaycan yalnız marşrutun şimal və cənub girişlərinə nəzarət etmir, həm də paralel İran layihəsi - “Araz dəhlizi”ndə iştirak edir. Beləliklə, ölkə eyni anda üç gücün - ABŞ, İran və Türkiyənin maraqları ilə ziddiyyətə girmədən iki strateji sxemdə iştirak üstünlüyünə malik olur. İkinci mövzu isə kiçik Donald Trampın şirkətlərindən biri ilə erməni tərəfi arasında pilotsuz uçuş aparatlarının tədarükü üçün böyük müqavilənin hazırlanması ilə bağlıdır. 

47 yaşlı kiçik Trampla Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüşün planlaşdırılıb-planlaşdırılmadığı hələlik məlum deyil. Bildirilir ki, səfəri çox güman ki, Ermənistanın ABŞ-dəki yeni səfiri Narek Mkrtçyan təşkil edir. Kiçik Donald Tramp sahibkardır. O, bacısı İvanka Tramp və qardaşı Erik Trampla birlikdə atasının şirkətində işləyir, icraçı vitse-prezident vəzifəsində çalışır.

ABŞ Dövlət Departamenti oktyabrın 29-da bəyan edib ki, ABŞ hakimiyyəti ilin sonuna qədər Vaşinqton razılaşmalarını həyata keçirmək üçün Ermənistan və Azərbaycanla ilk birgə işçi qrupları yaratmaq niyyətindədir. TRIPP layihəsinin ümumi dəyəri təxminən 300 milyon dollar qiymətləndirilir. Bunun 140 milyon dolları ABŞ tərəfindən ayrılıb, lakin qalan 160 milyon dolların mənbəyi hələ müəyyən edilməyib.

Vaşinqton çox yaxşı anlayır ki, Bakı olmadan regional marşrutların heç biri işləməyəcək. Azərbaycan əsas kommunikasiya nöqtələrini - limanları, dəmir yolu qovşaqlarını, enerji magistrallarını, Ələt və Sanqaçal logistika mərkəzlərini nəzarətində saxlayır. Bu infrastruktur artıq beynəlxalq şəbəkələrə inteqrasiya olunub, onları kənardan keçmək texniki və iqtisadi baxımdan mənasızdır. World Bank və McKinsey-nin hesablamalarına görə, TRIPP marşrutunun reallaşması Mərkəzi Asiya ilə Avropa arasındakı ticarət dövriyyəsini beş il ərzində 35 faiz artıra, Azərbaycanın tranzit gəlirlərini isə illik üç milyard dollara çatdıra bilər. Zəngəzur dəhlizi birbaşa Azərbaycanla bağlı məsələ olduğu üçün Trampın oğlunun Bakıya da gəlməsi məqsədəuyğun olardı. Lakin onun Bakıya səfər edəcəyi barədə rəsmi məlumat yoxdur. Trampın oğlu İrəvandan niyə Bakıya gəlmir? Azərbaycan tərəfinin prosesi uğurla apardığına əminlik, arxayınlıq, Ermənistan tərəfinin isə zəif bənd olmasından narahatlıq burada rol oynaya bilərmi?

fikret.jpeg

Fikrət Yusifov

“Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar İctimai Birliyinin sədri, sabiq maliyyə naziri Fikrət Yusifov “Yeni Müsavat”a bildirdi ki, ABŞ prezidentinin oğlunun Ermənistana səfəri ilk növbədə Zəngəzur dəhlizi üzərindən “Tramp yolu”nun açılması istiqamətində işlərlə bağlı ola bilər. Bu səfərin bir başqa hədəfi də ticarət əlaqələri qurmağı hədəfləyir: “ABŞ-dən Ermənistana hansı pilotsuz uçuş aparatlarının göndərilməsi ilə bağlı məsələ isə bir qədər düşündürücüdür. Ermənistan yenə də silahlanmaqda davam edirmi? ABŞ-də istehsal olunan pilotsuz uçuş aparatlarının hərbin bu sahədəki ən son nailiyyətləri əsasında istehsal edildiyini nəzərə alsaq, o halda ortaya suallar çıxır - Ermənistan bu silahlardan kimə qarşı istifadə etməyi düşünür? Biz əgər Ermənistanla sülh müqaviləsi bağlamağın bir addımlığındayıqsa, o halda kasıb Ermənistanın böyük pullar hesabına ən müasir silahları almaqda məqsədi nədir?

Heç şübhəsiz ki, Birləşmiş Ştatların rəsmilərinin yaxın gələcəkdə Zəngəzur dəhlizindən keçəcək “Tramp yolu” ilə bağlı Azərbaycana səfərləri olacaq. Lakin Ağ Evdə yaxşı bilirlər ki, Ermənistandan fərqli olaraq, Azərbaycan dəhlizin açılması üçün öz üzərinə düşən işlərin böyük əksəriyyətini tamamlayıb. Kiçik Trampın bu dəfə Bakıya səfər etməməsində bu məqam rol oynaya bilər. Bu mənada indi ABŞ administrasiyasının diqqəti daha çox Ermənistan tərəfdə yolun çəkilişi ilə bağlı proseslərin başlanmasına rəvac verməkdir. Düşünürəm ki, kiçik Donald Trampın Ermənistan səfərinin əsas hədəfi də budur".

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

Избранный
66
2
musavat.com

3Источники