RU

İşbazlar ətin qiymətini süni şəkildə qaldırırlar KOMİTƏ SƏDRİ

Modern.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Hazırda ölkənin bir çox şəhər və rayonlarında ət bazarında qiymət artımı müşahidə olunur. Satıcılar bildirirlər ki, xüsusilə yerli mal əti son həftələrdə əhəmiyyətli dərəcədə bahalaşıb. Qoyun ətində də oxşar dinamika müşahidə edilir.

Qiymət artımının səbəbi ilə bağlı fikir ayrılığı yaranıb. Bir qrup ekspert bunu bəzi təsərrüfatlarda müşahidə edilən dabaq xəstəliyi və heyvan tədarükündə yaranan çətinliklərlə izah edir. Onların fikrincə, xəstəlik riski səbəbindən bəzi fermerlər satışa çıxardıqları heyvanların sayını azaldıblar, bu da təklifin azalmasına və qiymətlərin qalxmasına gətirib çıxarıb.

Digər tərəfdən, bazarda fəaliyyət göstərən bəzi vətəndaşlar və iqtisadçılar hesab edirlər ki, qiymət artımı real iqtisadi səbəblərlə deyil, süni şəkildə yaradılan vəziyyətlə bağlıdır. Onların sözlərinə görə, bəzi topdansatış mərkəzlərində ətin qiyməti əvvəlcədən koordinasiyalı şəkildə artırılır və bu da pərakəndə bazara təsir edir. 

Hazırda ölkəyə ət idxalı əsasən Monqolustan, Hindistan və Braziliya kimi ölkələrdən həyata keçirilir. Bu vəziyyət bir tərəfdən qiymət artımının təsirini yumşaltsa da, digər tərəfdən idxaldan asılılığın dərinləşməsi və yerli istehsalın zəifləməsi riskini artırır. Ekspertlər bildirirlər ki, süni qiymət manipulyasiyası davam edərsə, yerli bazar uzunmüddətli perspektivdə öz dayanıqlığını itirə bilər.

Modern.az-a açıqlamasında Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev qeyd edib ki, ərzaq məhsullarının qiymətlərinin artması bu gün təkcə Azərbaycanda deyil, dünya bazarlarında da hiss olunan tendensiyadır.

“Bu, iqlim dəyişikliyi, təbii fəlakətlər, dünyada gedən müharibələr, eləcə də iqtisadi əlaqələrin müəyyən dərəcədə pozulması ilə bağlıdır. Buna görə də bəzi məhsulların qiymətlərində artım müşahidə edilir.

Son aylarda ölkəmizdə bəzi yoluxucu xəstəliklərin heyvanlar arasında yayılması da qiymətlərə müəyyən təsir göstərib. Lakin bu, qorxulu hal deyil. Bəziləri bunu ciddi şəkildə qabardırlar, amma tarixən belə xəstəliklər həm Azərbaycanda, həm də dünyanın bir çox ölkələrində baş verib. Bu hallar ya təbii şərait, ya da xəstəliklərin keçiciliyi ilə əlaqədardır”.

Komitə sədri bildirib ki, əgər bu gün müəyyən məhdudiyyətlər tətbiq olunubsa, bu, tam başadüşüləndir:

“Çünki görülən tədbirlər həmin xəstəliklərin yayılmasının qarşısını almağa yönəlib və ən əsası, insanların sağlamlığını qorumaq baxımından vacibdir.

Bu vəziyyəti xarici ölkələrdən ət idxalının artırılması ilə yerli məhsulların bazardan sıxışdırılması kimi qiymətləndirmək düzgün deyil. Əslində, bütün ölkələr bir-biri ilə qarşılıqlı şəkildə ət, süd və digər ərzaq məhsullarını idxal və ixrac edirlər. Tələbata uyğun olaraq Azərbaycana xaricdən ət məhsullarının gətirilməsinə də müsbət yanaşmaq lazımdır, çünki əhalinin tələbatı ödənməlidir. Əgər yerli istehsal bu tələbi tam qarşılamırsa, xarici iqtisadi əlaqələrin gücləndirilməsi vacibdir”.

Deputat vurğulayıb ki, bəzi işbazlar vəziyyətdən sui-istifadə edərək qiymətləri süni şəkildə artırmağa meyil göstərirlər:

“Süni qiymət artımı, təkcə ət məhsullarında deyil, digər ərzaq məhsullarında da müşahidə olunur. Məsələn, kiçik bir yağıntı və ya məhdudiyyət yaranan kimi, bazarda dərhal bahalaşma halları baş verir.

Ona görə də, yayılan bəzi şayiələr reallığı heç də əks etdirmir. Azərbaycan iqtisadiyyatı bu gün dayanıqlı və davamlıdır. Dövlət də yaranan çətinliklərin aradan qaldırılması üçün qabaqlayıcı tədbirlər görür və bu problemlərin mərhələli şəkildə həll olunacağı gözlənilir”,- deyə T.Rzayev qeyd edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
41
3
modern.az

4Источники