RU

Azərbaycana gələn hər 100 turistin 80-i Bakıdan kənara çıxmır - kimin günahıdır...


Ramin Qafarov: “Bölgələrdəki turizm obyektlərində çalışanların əcnəbi dil bacarıqlarının da zəif olması faktı mənfi rol oynamaqdadır”

Dünyada turizm hər bir ölkə üçün ən dinamik inkişaf edən sahələrdən biri sayılır. Son illər ölkəmizdə keçirilən beynəlxalq səviyyəli oyunlar, tədbirlər, konfranslar turist axınında əhəmiyyətli rol oynayır.

Turist axınının bu qədər genişlənməsi ölkəmiz üçün iqtisadi baxımdan çox vacibdir. Məlumdur ki, turistlərin bu qədər çox axın etməsi qeyri-neft sektorunun inkişafına birbaşa təsir göstərir.

Açıqlanan rəsmi məlumatlara görə, Azərbaycana gələn turistlərin 80 faizindən çoxu yalnız paytaxt Bakını seçir. Ölkəyə gələn hər 100 turistdən cəmi 20-si Bakıdan kənara, rayonlara gedir. Bu isə o deməkdir ki, bölgələrimiz xarici turist cəlb etməkdə paytaxt hotellərinə uduzur.

Bəs rayonların turizm potensialını artırmaq üçün konkret olaraq hansı addımlar atılmalıdır?

“Turistlər Bakıya ona görə üstünlük verirlər ki, paytaxtda xidmət nizamlı xarakter daşıyır, rəqabət mövcuddur və ən əsası da, bu sahədə keyfiyyət üstündür”

Turizm sahəsi üzrə ekspert Ramin Qafarov “Bakı-Xəbər”ə şərhində bildirdi ki, turizm qeyri-neft sektoru sahələri sırasında ən çox gəlir gətirən sahələrdəndir: “Ölkəmizdə turizm son illər çox sürətlə inkişaf edir. Ancaq bu sahədə bütün mövcud potensialımızı ortaya qoya bilmirik - ölkəyə daha çox xarici turist cəlb edə bildiyimiz halda buna nail ola bilmirik. Potensial turistlərin diqqətini cəlb etmək, onların tələb və istəklərini təmin etmək üçün turizm bazarımızda rəqabətədavamlı məhsullar yaratmalıyıq. Bunun üçün hazırda qloballaşma dövründə, o cümlədən regional səviyyədə inteqrasiya sadəcə zəruridir. Turistlər Bakıya ona görə üstünlük verirlər ki, paytaxtda xidmət nizamlı xarakter daşıyır, rəqabət mövcuddur və ən əsası da, bu sahədə keyfiyyət üstündür. Bölgələrimizdəki turizm obyektlərində çalışanların əcnəbi dil bacarıqlarının da zəif olması faktı mənfi rol oynamaqdadır. Belə vəziyyətlə bölgələrimizdə turizm sektorunu inkişaf etdirə bilmərik”.

Həmsöhbətimiz onu da əlavə etdi ki, turistlərin Bakıda gecələməyə üstünlük verməsinin səbəblərindən biri budur ki, Bakıda hotellərin sayı regionlara nisbətən daha çoxdur. Bayram günlərində, tətillərdə paytaxtda əlverişli qiymətə hotel tapmaq daha asandır: “Quru sərhədlərin bağlı olması bu sahədə əsas problem olaraq qalır. Turistlərin ölkəyə girişi və çıxışı yalnız Heydər Əliyev Beynəlxalq Hava Limanı vasitəsilə mümkündür. Hətta sərhədlər açıq olduqda da uçuşların 90 faizi Bakıya idi. Yəni turistlərin giriş-çıxışı Bakıdan olduğu üçün bu amil istər-istəməz statistikaya təsir göstərir”.

Günel CƏLİLOVA

Избранный
26
baki-xeber.com

1Источники