RU

Elton Məmmədovu həbsxanadan qurtaran əmlakları

Novxanıda bağ evi, üç son model avtomobil, kafe...

Adı son günlər Ramiz Mehdiyev işində və AMEA-da 3 milyonluq cinayətdə hallanan keçmiş deputat, hazırda AMEA-nın Sosial Xidmətlər Şöbəsinin müdiri olan Elton Məmmədov ətrafında söz-söhbət bitmir.

Yada salaq ki, ötən həftə Baş Prokurorluq Elton Məmmədovla bağlı  rəsmi xəbər və xəbərdarlıq yayıb. 

 Bildirilib ki, E.Məmmədovun Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi üzrə istintaqa çağırılması xəbərini təkzib etməsi yalan informasiyadır. “AMEA-da baş verən qanunsuzluqlar barədə Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla israf etmə) və 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə ibtidai istintaqı davam etdirilən cinayət işi üzrə 3 milyon manat büdcə vəsaitinin əsassız olaraq xərclənməsinə şübhələr müəyyən edilib. İstintaq tədbirləri nəticəsində əsassız olaraq xərclənmiş 3 milyon manat büdcə vəsaitinin Elton Məmmədov tərəfindən tam şəkildə dövlət büdcəsinə ödənilməsi təmin edilib”.

Məlumatda o da bildirilirdi ki,  mediada həqiqətə uyğun olmayan və cəmiyyətdə çaşqınlıq yaradan açıqlamalar yaydığına, həmçinin ibtidai istintaqın obyektivliyinə və ictimai etimada xələl gətirə biləcək hərəkətlərə görə E. Məmmədov Baş Prokurorluğa dəvət olunub, ona qanunvericiliyin tələbləri izah edilməklə rəsmi xəbərdarlıq edilib.

Yada salaq ki, Cinayət Məcəlləsinin 308.2-ci maddəsi (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 179.4-cü maddəsi (xüsusilə külli miqdarda mənimsəmə və ya israf etmə) iqtisadi fəaliyyət sahəsində ciddi cinayətlər kateqoriyasına daxildir. Xüsusilə 179.4-cü maddədə qeyd olunur ki, təqsirkar şəxsə etibar edilmiş özgə əmlakının mənimsənilməsi və ya israf edilməsi “xüsusilə külli miqdar”da baş verdikdə, bu, artıq ağır cinayət hesab olunur.

Qanunvericiliyə əsasən, “xüsusilə külli miqdar” 500 min manatdan yuxarı olan məbləğ kimi müəyyən edilir. Lakin Cinayət Məcəlləsinin 73.3-cü maddəsinə əsasən, əgər təqsirləndirilən şəxs istintaq dövründə dəymiş zərəri tam şəkildə və ya onun azı 50 faizini dövlət büdcəsinə ödəyərsə, bu halda o, cinayət məsuliyyətindən azad oluna bilər.

Bəs E.Məmmədov bu pulu necə ödəyib? İddia olunur ki, sabiq deputat qeyd olunan pulu ödəmək üçün olan-qalan hər şeyini satıb. Yəni 3 milyonu ödəmək  heç də asan olmayıb. (Mənbə: oxu24.com). 

Belə ki, o, Novxanı qəsəbəsindəki dəbdəbəli bağ evini, 3 ədəd son model avtomobili, “20 Yanvar” metrosu ətrafında yerləşən kafesini, “MAİN” Yaşayış Kompleksində beş ədəd 2 və 3 otaqlı mənzilləri, böyük sahəyə malik avtoqarajı, Həsən Əliyev küçəsində - keçmiş “Tramvay Parkı”nın yerində yerləşən özünəməxsus şirkətin inşa etdiyi hündürmərtəbəli binadakı iki mənzili dəyər-dəyməzinə satıb.

Xatırladaq ki, E.Məmmədov keçmiş nəqliyyat naziri Ziya Məmmədovun qardaşıdır. Qardaşların hər ikisinin dövlətə xəyanət və başqa ağır cinayətlərdə ittiham olunan Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA-nın keçmiş prezidenti Ramiz Mehdiyevin sadiq adamları olduğu bildirilir.

Elşən MƏMMƏDƏLİYEV, 
“Yeni Müsavat”  




Избранный
33
1
musavat.com

2Источники