RU

Millət vəkillərindən hökumətə: “Özəlləşdirmə çekləri problemini həll edin”

Ayna saytından verilən məlumata görə, ain.az xəbər verir.

Milli Məclis üzvlərindən yekdil rəy: bir milyona yaxın vətəndaşı əhatə edən məsələyə birdəfəlik nöqtə qoyulmalıdır

Əllərində özəlləşdirmə payları (çeklər) qalan yüzminlərlə vətəndaş adından Milli Məclis rəhbərliyinə və üzvlərinə ünvanlananan müraciətə reaksiyalar davam edir. Parlament nümayəndələri vətəndaşların haqlı tələblərinin ən qısa zamanda yerinə yetirilməsini zəruri hesab edirlər.

(MÜRACİƏT, BİRİNCİ YAZI, İKİNCİ YAZI)

Qeyd edək ki, dövlətin qiymətli kağızının tədavül müddətinin qanunsuz olaraq 2011-ci ildə dayandırılmasından narazı qalan vətəndaşlar pozulan hüquqlarının bərpasını tələb edirlər. Çek sahiblərinin deputatlara müraciətində bildirilir ki, yüzminlərlə vətəndaşın hüquqlarının əlindən alınmasına təcili diqqət yetirilməli və yardım olunmalıdır. Haqqı pozulan vətəndaşlar Milli Məclis üzvlərinə müraciətlərində özəlləşdirmə çeklərinin tədavül müddətinin bitməsinin niyə qanunsuz olduğunu hüquqa uyğun şəkildə izah edirlər. Deputatlardan xahiş olunur ki, Prezidentə məsələni doğru-düzgün formada çatdırsınlar, Nazirlər Kabinetindən, Konstitusiya Məhkəməsindən, bütün aidiyyəti dövlət orqanlarından vətəndaşların hüquqlarının bərpasını tələb etsinlər.

Qeyd edək ki, ötən il özəlləşdirmə çekləri sahiblərinin müraciətləri əsasında Prezident İlham Əliyevin adından problemin aradan qalxması, tarixi ədalətin bərpası üçün Konstitusiya Məhkəməsinə məktub ünvanlanmışdı. Amma Konstitusiya Məhkəməsi haqqı tapdanmış yüzminlərlə vətəndaşın problemi ilə bağlı müsbət qərar vermədi. Vətəndaşlar deputatlara ünvanladıqları müraciətdə Milli Məclis üzvlərindən problemin həllinə yardımçı olmalarını xahiş edirlər.

AYNA Milli Məclisə ünvanlanmış sözügedən müraciətə parlament üzvlərinin münasibini öyrənməyə davam edir.

Deputat Elman Nəsirov:

“Əvvəlki illərdə də oxşar müraciətlər edilib. Xatirimdədir ki, vətəndaşların müraciəti ilə bağlı aidiyyəti orqanlara ünvanlanan müraciəti imzalayanlardan olmuşam. Təəssüf ki, hələlik özəlləşdirmə çekləri ilə bağlı hansısa qərar verilməyib. Görünür, ya məsələ araşdırılma mərhələsindədir, ya da hansısa çatışmazlıq var.

Onu deyim ki, Ulu Öndər Heydər Əliyevin əhaliyə özəlləşdirmə çeklərinin verilməsi ilə bağlı qərarı mütərəqqi addım idi. Sovetdən qalma dövlət əmlakının Azərbaycan vətəndaşları arasında bərabərhüquqlu şəkildə bölünməsi, özəlləşdirməyə çıxarılacaq dövlət əmlakının 65 faizinin əvəzsiz olaraq ölkə vətəndaşları arasında paylanılması, habelə inflyasiyadan qorunmaqla, hər bir vauçer üçün konkret məbləğin müəyyən edilməsi mühüm qərar idi.

Zamanında çeklərindən istifadə edən vətəndaşlar oldu, bu məsələdə hansısa pozuntular da yaşandı. Amma əlində çeki qalmış vətəndaşların bundan yararlana bilməsi lazımdır. Bu məsələnin hansısa formada həlli vacibdir. Aidiyyəti dövlət orqanları araşdırma aparmalı, yekun qərar verməlidir. İndi Milli Məclisdə gələn ilin dövlət büdcəsi ilə bağlı müzakirələr gedir. Komitə müzakirəsi zamanı fürsət düşərsə, vətəndaşların müraciətini aidiyyəti hökumət nümayəndələrinin diqqətinə çatdıracam.

Məlumdur ki, bu gün Azərbaycanda cənab Prezident İlham Əliyevin rəhbərliyi altında köklü islahatlar həyata keçirilir, iqtisadiyyatımız güclənir. Bu islahatlar vətəndaşların rifah halının yüksəldilməsinə, dövlət-vətəndaş münasibətlərinin daha da yüksəlməsinə xidmət edir. Çeklər məsələsinin birdəfəlik həlli əlində qiymətli kağızları olan vətəndaşların həm hüquqlarının bərpasına, həm də rifahının yaxşılaşmasına gətirib çıxarar”.

Deputat Aydın Hüseynov:

“Müstəqilliyimizi yeni qazandığımız vaxt Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıtması ilə ölkəmizdə iqtisadi-siyasi, sosial-ictimai münasibətlərdə yeni mərhələnin başlanğıcı qoyuldu. Həmin vaxt Ulu Öndərin vətəndaşlarımızın sosial rifahının yaxşılaşdırılması istiqamətindəki addımlarından biri də özəlləşdirmə çeklərinin dövriyyəyə buraxılması idi. O, yaxşı bilirdi ki, hər bir inkişaf etmiş ölkənin yüksək tərəqqi mərhələsinə çatması birbaşa azad və liberal iqtisadiyyatın təmin edilməsindən asılıdır.

1995-ci ildə “Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramı”nın təsdiq edilməsi ilə ölkəmizdə özəlləşdirmənin dərin əsasları qoyuldu. Özəlləşdirmə proqramı hazırlanarkən bu sahədə bir çox xarici ölkələrin təcrübəsi öyrənildi və nəzərə alındı. Nəticədə Azərbaycanda özəlləşdirmənin qarışıq modeli tətbiq edildi, dövlət əmlakının bir hissəsinin əmək kollektivi üzvlərinə və ölkə vətəndaşlarına əvəzsiz verilməsi qərara alındı.

Özəlləşdirmə siyasətinin ən mühüm istiqamətlərindən biri 1996-cı il tarixli fərmanla “Azərbaycan Respublikasında dövlət özəlləşdirmə payları (çekləri) haqqında” Əsasnamənin təsdiq edilməsi idi. Eyni zamanda, Ulu Öndər özəlləşdirmə vauçerlərinin dövriyyəyə buraxılması barədə fərman imzaladı. Bununla da vətəndaşlar dövlət müəssisələrinin səhmlərinin və ya hissələrinin satın alınmasında həmin çeklərdən istifadə etməklə, güzəştli qaydada iştirak hüququna malik oldular. Onu da deyim ki, bir çox vətəndaşlarımız bundan istifadə etdilər.

Təbii ki, çeklərindən istifadə etməyən vətəndaşlarımız var ki, onların da haqqı tanınmalıdır. Xatırladım ki, cənab Prezident İlham Əliyev dövlət mülkiyyətinin özəlləşdirilməsi prosesində sosial ədalət prinsipinin əsas tutulması baxımından bir neçə dəfə çeklərin müddətinin uzadılması barədə fərmanlar imzalayıb. Bu müddətlərdə çeklərdən istifadə edə bilməyənlər yararlandılar. Amma çeklərini saxlayanlar oldu ki, indi onlar haqlarının bərpasını istəyirlər. Düşünürəm ki, qiymətli kağızları əlində qalan vətəndaşların məsələsi həllini tapmalıdır. Hər halda bu, hüquqi yolla həllini tapsa, daha yaxşı olar”.

Deputat Elman Məmmədov:

“Hökumət hüququ pozulan insanların hüquqlarının bərpasını təmin etməlidir. Cənab Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmiz günü-gündən çiçəklənir, inkişaf edir. Bu gün işğaldan azad edilən Qarabağımızda genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirilir. Vətəndaşlarımızın rifahının yaxşılaşdırılması istiqamətində əməli addımlar atılır.

Prezident hər zaman vətəndaşın rifahının yaxşılaşdırılması, onların hüquqlarının qorunması istiqamətində mütərəqqi addımlar atır. Hər şey vətəndaşın yaxşı yaşaması üçündür. Əgər vətəndaşımızın hüququ pozulubsa, onun bərpasında hansısa əngəllər varsa, aradan qaldırılmalıdır. Milli Məclisdə bir millət vəkili olaraq bu məsələnin qaldırılmasına çalışacam. Hüquq deyirsə ki, vətəndaş haqlıdır, onun haqqı tanınmalıdır.

1990-cı illərin sonlarında Ulu Öndər Heydər Əliyevin bununla bağlı qərarı cəmiyyətdə ruh yüksəkliyi ilə qarşılandı. Hamı bu çeklərin sayəsində əmlaka sahib olacağını, dividendlər əldə edəcəyini düşünürdü. Xatırlayıram, zamanında insanların məlumatsızlığından istifadə edən bir qrup işbaz özəlləşdirmə ilə bağlı fırıldaqlar etdi. Amma bundan səmərəli istifadə edən vətəndaşlarımız da oldu. Təəssüf ki, prosesdə pozuntular da baş verdi.

Məlumdur ki, çeklər üçün konkret müddət nəzərdə tutulmamışdı. İndi əlində qiymətli kağızı qalan vətəndaşlar da bundan nə vaxtsa istifadə edə biləcəklərini düşünüblər. Hesab edirəm ki, məsələ birdəfəlik həll edilsə, narazılıq da aradan qalxar, çek sahibləri də rahatlıq taparlar. Bu məsələyə məntiqli yekun vurulmalıdır. Yəqin ki, vətəndaşların müraciətinə müsbət cavab veriləcək. Problem varsa, qanunauyğun formada həllini tapmalıdır”.

Deputat Tahir Rzayev:

“Bu problemə birdəfəlik nöqtə qoyulması vacibdir. Özəlləşdirmə çeklərinin dövriyyəyə buraxılması vətəndaşların mülkiyyət hüququna sahib olmasına imkan yaradırdı. Təbii ki, zamanında çeklərindən faydalanan insanlar oldu. Əksəriyyət isə özəlləşdirmə çeklərini “qara bazar”da satdı və bu çekləri alan şəxslər qiymətləndirmə əsasında müəyyən sexləri, zavodları özəlləşdirdilər.

Lakin bir çox vətəndaş çeklərini qoruyub saxladılar və düşündülər ki, gələcəkdə daha çox faydalana biləcəklər. Təəssüf ki, bu çeklərin yenidən dövriyyəyə buraxılmasına imkan yaradılmadı. Bir neçə il öncə özəlləşdirmə çeklərinin yenidən dövriyyəyə buraxılması ilə bağlı məlumatlar yayılmışdı, amma heç bir nəticə olmadı. Hesab edirəm ki, sözügedən məsələyə yenidən qayıtmaq lazımdır.

Cənab Prezident hər zaman öz çıxışlarında bildirib ki, insanların haqları və tələbləri təmin olunmalıdır. Əllərində çekləri qalan vətəndaşların bundan istifadəsinə şərait yaradılması vacibdir. Bu məsələ hansısa formada həllini tapmalıdır. Ya çeklərdən özəlləşdirmədə istifadəyə şərait yaradılmalıdır, ya da vauçerlər qiymətləndirilməsi müqabilində vətəndaşlara kompensasiya ödənməlidir. Axı, özəlləşdirmə çekləri vətəndaşların haqqıdır, onlar bundan yararlana bilməyiblər. Mən hökumət nümayəndələrinə, aidiyyəti orqanlara səslənirəm ki, bu problemin aradan qaldırılması yollarını tapsınlar və məsələ müsbət həllini tapsın”.

Deputat Ceyhun Məmmədov:

“Burada əsas məsələ qanunun tələb etdiyi formada məsələnin həllinə qovuşmasıdır. Özəlləşdirmə paylarından istifadə edə bilməyən vətəndaşların şikayətlərini, tələblərini anlayıram. Hüquq da onların haqlı olduğunu deyir.

Hər halda, dövlət qurumları və İqtisadiyyat Nazirliyi bu məsələ ilə bağlı ətraflı araşdırma apara, müvafiq qərar verə bilər. Qanun vətəndaşın tərəfindədirsə, aidiyyəti orqanlar lazımi addımları atmalıdırlar. Biz hüquqi dövlətdə yaşayırıq və hüquq nəyi diktə edirsə, o formada da problemlər həll olunmalıdır”.

QEYD

Ötən əsrin sonlarında, konkret desək, 1996-cı ildə Ulu Öndər Heydər Əliyevin fərmanı ilə vətəndaşlara mülkiyyət sahibi olmaq üçün paylanmış qiymətli kağızlar 2011-ci ildən bu yana tədavüldə deyil. Əllərində qiymətli kağız olan vauçerləri qalmış yüzminlərlə vətəndaş tədavül müddətinin bitməsinin qanunsuz olduğunu, hüquqlarının bərpa olunmasını istəyir.

Zaman-zaman özəlləşdirmə çekləri ilə bağlı müxtəlif sahələrin ekspertləri, hüquqşünaslar, deputatlar, ziyalılar hökumətə pozulan hüquqlarının bərpası ilə bağlı müraciətlər edirlər. Müraciət edən şəxslər konkret arqumentlərlə çıxış edir ki, SSRİ dövrü və ya ondan əvvəlki illərdə ölkə daxilində yaranmış sərvətlərin 65 faizinin özəlləşdirmə çekləri vasitəsilə aparılması çeklərin üzərində yazılan “Bu özəlləşdirmə çekləri Azərbaycan Respublikasının dövlət mülkiyyəti ilə təmin edilir” sözləri ilə düz mütənasibdir.

Çeklərin hər birinin dəyəri eynidir və 1 pay 4 çekdən ibarətdir. Bu hissəyə düşən əmlak ekvivalenti payı qanunda inflyasiyadan qorunan əmlak ekvivalenti payı kimi göstərilib. Eyni zamanda, çeklərin etibarlılıq müddəti kimi bir anlayış və göstəriş yoxdur. Əllərində çekləri qalmış vətəndaşlar özəlləşdirmə prosesində iştirak edə bilmədikləri səbəbindən o çekləri hələ də saxlamaqdadırlar.

Vurğulanır ki, tədavüldən çıxarılan özəlləşdirmə çekləri qiymətli kağızlar hesab olunsa da, bu çeklərlə bağlı verilən qərarlar qanunvericiliklə düzgün aparılmayıb. Belə olan təqdirdə əlində özəlləşdirmə payları qalan şəxslərlə bağlı konkret addımlar atılması tələb olunur.

Əlavə qeyd

Hamı bilməlidir ki, Ulu Öndər Heydər Əliyev tərəfindən verilən miras özəlləşdirmə payı mülkiyyət hüququ və bu hüququ təsdiq edən dövlət qiymətli kağızı olan özəlləşdirmə çekləri qanunla verilib!

Heydər Əliyevin özəlləşdirmə qanununun icrası üçün verdiyi və imzaladığı 450 nömrəli Fərman isə qanunla müəyyən edilmiş qaydada hər bir vətəndaşa düşən miras özəlləşdirmə paylarını təsdiq edən özəlləşdirmə çeklərinin dövlət öhdəliyi olaraq vətəndaşlara paylanılması və birincili olaraq yerləşdilməsini icra etmək üçün verilib. Bu gün də qüvvədə olan bu Fərmanla təsdiq olunmuş özəlləşdirmə çekləri haqqında Əsasnamənin 5-ci bəndi ilə bütün özəlləşdirmə dövründə özəlləşdirmə çeklərindən ödəmə vasitəsi kimi qəbulundan imtina etmək qəti qadağan olunub.

Fərman nə hüquq verir, nə də qanunun verdiyi hüququ ala bilər! Kompensasiya ödəmədən, məmurların hiyləsi ilə Fərman əsasında özəlləşdirmə çeklərini dövriyyədən cıxarmaqla aparılan özəlləşdirmə qanunsuzluq, xalqa qarşı ədalətsizlik və dövlətə qarşı təxribatdır!

Konstitusiya Məhkəməsinin ekspertləri olan hüquqşünas alimlərin 2022-2023-cü illərdə apardıqları elmi-praktik araşdırmaların nəticəsi kimi, 10-dan çox alimin rəyi əsasında yazılmış, Prezidentin nəzarətində olan Ali Attestasiya Komissiyasının “Qanun” jurnalında dərc olunmuş 4 məqalədə təsdiqlənmiş hüquqi faktlardan sonra, artıq hüquqşünaslar və ziyalılar mətbuatdakı çıxışlarında 13 ildir çeklərsiz aparılan özəlləşdirmənin xalqa qarşı cinayət və dövlətə qarşı təxribat olduğunu açıq-aşkar səsləndirirlər. Bu isə öz növbəsində tarixi ədalətin bərpa ediləcəyinə böyük ümidlər yaradır.

Alimlərin araşdırmasından məlum olur ki, qanunla inflyasiyadan qorunuan hər özəlləşdirmə payına düşən əmlak payı dəyəri bu gün üçün ən azı 20 000 ABŞ dolları dəyərindədir və Ulu Öndərin xalqa vədinə əsasən, tarixi ədalət naminə bu gün qanunvericiliklə Azərbaycan İnvestisiya Holdinqindəki bütün müəssisələrin və gələcəkdə özəlləşdiriləcək bütün orta və iri müəssisələrin əmlak dəyərinin ən azı 65%-i özəlləşdirmə çekləri ilə əvəzləndirilməlidir.

Qanunla bütün investorlar kollektivə məxsus 15%-dan qalan səhmlər və 50%-in üstünə gələrək ancaq özəlləşdirmə çekləri ilə ödəməlidir. Dövlət qanunla belə müəssisələrin ancaq ona məxsus olan 35%-nin pulla satışını həyata keçirə bilər. Ulu Öndərin imzaladığı qanunlar və Konstitusiya yeni ictimai sistemə keçid üçün sosisal tarixi ədalət naminə ölkənin ən kasıb vaxtında dövlətin iqtisadi və sosial siyasətinin əsası kimi qəbul olundu. Ümummilli Lider qanunla bütün özəlləşdiriləcək orta və böyük müəssisələrin 50+15%-nin özəlləşdirmə çekləri ilə aparılacağını dünyaya elan etdi. Hətta icarəyə verilmiş müəssisələrin gələcəkdə özəlləşdirilməsi və investisiya müsabiqələrinin özəlləşdirilməsi ancaq qanunun qoyduğu bu qayda ilə aparılmalı idi. Dövlət öhtəliyi kimi qanunla qoyulmuş bu qaydaları heç bir Fərman və hətta sonradan qəbul olunacaq hec bir qanun Konstitusiyaya zidd olaraq dəyişə bilməz!

Mövzuya dair daha ətraflı məlumatla bu KEÇİDə daxil olmaqla tanış ola bilərsiniz.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
31
ayna.az

1Источники