RU

BMT nin II Dünya Sosial Sammiti

ain.az, Xalq qazeti portalına istinadən məlumatı açıqlayır.

Qətərin paytaxtı Doha şəhərində BMT-nin İkinci Dünya Sosial Sammiti öz işinə başlayıb. 8 mindən çox iştirakçının qatıldığı sammitdə Azərbaycan Prezidentinin tapşırığı ilə ölkəmizi Baş nazirin müavini Samir Şərifovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir.

2030 Dayanıqlı İnkişaf Gündəliyinin reallaşdırılmasına, xüsusilə də sosial inkişaf gündəliyinin təşviqinə həsr olunan sammitin ilk günündə “Doha Siyasi Bəyannaməsi” qəbul edilib.

Baş nazirin müavini S.Şərifov Dünya Sosial Sammitinin plenar iclasında çıxış edib. Çıxışda o, Azərbaycanda Kopenhagen Bəyannaməsi üzrə sosial sahədə nəzərdə tutulan öhdəliklərin icrası barədə məlumat verib, sosial inkişaf məsələləri üzrə beynəlxalq əməkdaşlığa yaxından qoşulduğunu, bir çox inkişafda olan ölkələrə təhsil, səhiyyə və humanitar sahədə yardım göstərdiyini bildirib. O, həmçinin bu ölkələrlə sosial və dövlət xidmətlərinin xüsusi yaradılmış mərkəzlər vasitəsilə əhaliyə effektiv göstərilməsində Azərbaycanın uğurlu təcrübəsini bölüşdüyünü, bu istiqamətdə əməkdaşlığın genişləndirilməsinə və həmin ölkələrə yardım göstərilməsini davam etdirməyə hazır olduğunu bəyan edib.

Sonda S.Şərifov Azərbaycanın yenicə qəbul edilmiş Doha Siyasi Bəyannaməsinin və cari ilin iyulunda qəbul edilmiş İnkişaf üçün Maliyyələşdirmə üzrə Sevilya Bəyannaməsindən irəli gələn öhdəliklərin beynəlxalq əməkdaşlıq çərçivəsində icra edilməsinə Azərbaycanın sadiqliyini, ona müvafiq dəstəyin göstərilməsini davam edəcəyini bir daha təsdiqləyib.

Azərbaycan nümayəndə heyəti sammit çərçivəsində keçirilmiş “Aclıq və Yoxsulluğa qarşı Qlobal Alyansı”nın birinci iclasında, “Sosial inkişafın üç sütununun gücləndirilməsi: yoxsulluğun aradan qaldırılması, tam və məhsuldar məşğulluq və hamı üçün layiqli əmək və sosial inteqrasiya” mövzusunda təşkil olunan dəyirmi masada, eləcə də bir sıra ikitərəfli görüşlərdə iştirak edib.

İkinci Dünya Sosial Sammiti noyabrın 6-dək davam edəcək.

XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
3
13
xalqqazeti.az

10Источники