RU

“2020 də 44 gün” kitabı təqdim olundu Video Fotolar

ain.az, Qafqazinfo portalına istinadən məlumat yayır.

Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun (DABF) təşəbbüsü ilə Bakıdakı Ukrayna Mərkəzində hərbi-siyasi icmalçı Oleksandr Kovalenkonun qələmə aldığı, Ukrayna və rus dillərində nəşr olunan “2020-də 44 gün” adlı kitabın təqdimatı keçirilib.

“Qafqazinfo” xəbər verir ki, tədbirdə millət vəkilləri Əlibala Məhərrəmzadə, Kamran Bayramov, ictimai-siyasi xadimlər, hərbi ekspertlər və media nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edən DABF-nin baş katibi və Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun (UABD) sədri Hikmət Cavad bildirib ki, “2020-də 44 gün” kitabı 2020-ci ildə Qarabağda baş verən hadisələrin xronoloji təsviridir və müəllif bu hadisələri 44 gün ərzində izləyərək Ukrayna ictimaiyyətinə obyektiv şəkildə çatdırıb.

H.Cavad qeyd edib ki, diaspor təşkilatları informasiya müharibəsində mühüm rol oynayır və bu kimi nəşrlər Azərbaycanın haqq səsinin dünyaya çatdırılmasına xidmət edir: “Oleksandr Kovalenko Ukraynanın ən tanınmış hərbi icmalçılarındandır. O, 44 günlük Vətən müharibəsi zamanı Azərbaycanın ədalətli mövqeyini dəstəkləyib, hər gün həm Azərbaycan, həm də Ukrayna media resurslarında çıxışlar edirdi. Bu gün də Polşa və Avropa mediasında Ukrayna müharibəsi barədə danışır. Biz onunla birlikdə qərara gəldik ki, müharibənin bütün cəhətlərini, cəbhədə, informasiya meydanında və beynəlxalq arenada baş verənləri əks etdirən bir kitab nəşr edək. Kitabda Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın necə tarixi qələbə qazandığı faktlarla göstərilir”.

DABF baş katibi əlavə edib ki, Azərbaycan diasporu Ukraynanın suverenliyini və xalqını hər zaman dəstəkləyir. Nəşrdə I və II Qarabağ müharibələri arasında aparılan müqayisələr, eləcə də Ukraynaya qarşı Kremlin təbliğatı ilə bağlı təhlillər yer alıb. 

Qeyd olunub ki, kitabın Azərbaycan dilində tərcüməsi artıq hazırdır və yaxın zamanda çap olunacaq. Gələcəkdə ingilis, polyak, isveç və digər dillərə də tərcüməsi planlaşdırılır.

Kitabın müəllifi, Ukraynanın “İnformasiya Müqaviməti” qrupunun hərbi-siyasi icmalçısı Oleksandr Kovalenko çıxışında qeyd edib ki, 44 günlük müharibə yalnız tarixi ədalətin bərpası deyil, həm də regional və qlobal geosiyasi nizamda mühüm dönüş nöqtəsi olub. Müəllif əlavə edib ki, kitabda 2014–2020-ci illər arasında Ukraynada baş verənlərlə Qarabağ müharibəsi arasında paralellər aparılıb.

O.Kovalenko kitabın Ukrayna xalqı üçün də bir mesaj daşıdığını vurğulayıb: “Azərbaycan xalqı sübut etdi ki, ədalət gözləməyə dəyər. Azadlıq üçün 30 il gözləyən Azərbaycan sonda öz şərtləri ilə sülhə nail oldu. Bu, Ukrayna üçün də mühüm nümunədir. Ədalətli sülh yalnız güc mövqeyindən əldə edilə bilər”.

Digər çıxışçılar da Azərbaycan və Ukraynanın oxşar mübarizələr apardıqlarını və hər iki xalqın məqsədinin ədalətli sülhə nail olmaq olduğunu xatırladıblar.

Təqdimatın sonunda müəllifin iştirakı ilə imza mərasimi keçirilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
18
7
qafqazinfo.az

8Источники