Bu həftə futbol üzrə Azərbaycan çempionatının (Premyer Liqa) 2025/2026-cı illər mövsümünün ilk Azərbaycan derbisi baş tutacaq.
Arena.az xəbər verir ki, Premyer Liqanın 2025/2026-cı illər mövsümünün 11-ci turu çərçivəsində “Qarabağ” “Neftçi”ni qəbul edəcək.
“Zəfər turu” çərçivəsində noyabrın 9-da “Azərsun Arena”da keçiriləcək bu qarşılaşmaya saat 18:44-də start veriləcək.
Peşəkar Futbol Liqası bu qarşılaşma öncəsi komandalar arasında indiyədək keçirilmiş oyunlarda vurulan qolların statistikasını təqdim edib:
İlk qolu Zaur Qarayev (“Qarabağ”) vurub – 26.09.1992. “Neftçi” – “Qarabağ” – 1:1.
“Neftçi”nin ilk qoluna Ərani Beydiyev imza atıb – 26.09.1992. “Neftçi” – “Qarabağ” – 1:1.
Derbidə 103 futbolçu rəqib qapısına qol vurub.
“Qarabağ”ın 55 oyunçusu qol sevinci yaşayıb.
“Neftçi”nin 53 futbolçusu rəqib qapısına yol tapıb.
5 futbolçu hər iki komandada qola sevinib.
Mahir Emreli (“Qarabağ”) derbilərin bombardiridir – 9 qol.
Növbəti derbisinə çıxacaq Abdullah Zubir (“Qarabağ”) 8 dəfə fərqlənib və rekorda çatmaq imkanına malikdir.
“Neftçi”nin heyətində isə Nikolas Kanales və Flavinyo daha çox – hərəyə 4 dəfə fərqləniblər.
Hər iki komandada qol vuranlar arasında Filip Ozobiç daha çox – ümumilikdə 6 dəfə rəqib qapılarına yol tapıb.

