RU

Qətər rəsmisi: İnsan hüquqlarının qorunması üçün güclü milli institutlar yaradılmalıdır

 İnsan hüquqlarının qorunması istiqamətində əsas məqsəd milli institutların gücləndirilməsi və beynəlxalq öhdəliklərin balanslı şəkildə yerinə yetirilməsidir. Bunu Qətər Dövlətinin Milli İnsan Hüquqları Komitəsinin Proqramlar və Maarifləndirmə Departamentinin direktoru Hamad Əl-Həcri  noyabrın 5-də Bakıda keçirilən XXI əsrdə dövlət suverenliyi və milli konstitusiyalar: qlobal çağırışlar, tendensiyalar və perspektivlər — “2025: Konstitusiya və Suverenlik İli” çərçivəsində beynəlxalq elmi-praktiki konfransda çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, Qətər bu sahədə bir sıra beynəlxalq razılaşmalara qoşulub.


“Hazırda Qətər 7-dən çox beynəlxalq insan hüquqları razılaşmasının iştirakçısıdır. Hökuməti təşviq edirik ki, bu istiqamətdə daha çox razılaşmalar əldə etsin. Bəzən maraqlar toqquşur, amma əsas məqsədimiz insan hüquqlarına hörmətlə yanaşmaq və insanları qorumaqdır", - o deyib.

Əl-Həcri qeyd edib ki, BMT ilə əməkdaşlıq Qətərin insan hüquqları strategiyasının mühüm hissəsidir.


“Biz Birləşmiş Millətlər Təşkilatı ilə sıx əməkdaşlıq edirik, eyni zamanda milli dəyərlərimizi və suveren qərarlarımızı qoruyuruq. Qətərin mövqeyi aydındır: güclü milli sistem və güclü institutlar olmadan insan hüquqlarının davamlı müdafiəsi mümkün deyil", - o vurğulayıb. 


Qətər son illərdə insan hüquqları sahəsində institusional islahatları genişləndirir. Milli İnsan Hüquqları Komitəsi 2002-ci ildə yaradılıb və hökumətdən müstəqil fəaliyyət göstərir. Komitə BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı ilə birgə təlim və maarifləndirmə proqramları həyata keçirir.

Gülnar Nazimqızı 

Избранный
24
anews.az

1Источники