RU

İrandan növbəti təxribat: “Tramp marşrutu”na qarşı çıxır

“Bizim siyasətimiz region ölkələri ilə dostluq və əməkdaşlığa əsaslanır və İran “3+3” formatına önəm verir. Ölkələr qonşularının maraqlarını nəzərə almalıdırlar, bu, davamlı sülh üçün ilkin şərtdir”.

“Cebheinfo.az”-ın məlumatına görə, iranlı politoloq Həsən Şirzadi noyabrın 4-də “Orbeli 2025” beynəlxalq forumunda belə deyib.

“Biz ABŞ-a etibar etmirik, onlar İrana qarşı sanksiyalar tətbiq ediblər. Niyə onlara etibar etməliyik? Onlar Müdafiə Nazirliyinin adını Müharibə Nazirliyi olaraq dəyişdiriblər və Venesuelanı təhdid edirlər. Əgər ABŞ Cənubi Qafqaz regionu üçün yaxşı bir şey etmək istəyirsə və hər şey belə bitərsə, bu, əladır. Əgər onlar Ermənistan və Azərbaycana sülh yolunda kömək edirlərsə, bu, yaxşıdır. Amma mən bunun perspektivinə o qədər də inanmıram.

Onların “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) ilə bağlı planları nədən ibarətdir? Əgər marşrut budursa, yollarımız və Ermənistanla əlaqələrimiz məhdudlaşdırılmayacaqsa, heç bir problem yoxdur. Bu halda, bu yol İran yolu ilə rəqabət aparacaq və bu, problem deyil, biz buna hazırıq. Rəqabət hər şeydə yaxşıdır. 

Lakin başa düşdüyüm qədər ABŞ həmişə hərbi komponenti nəzərə alır. Sərhədlərimiz boyunca Amerika podratçılarının təhlükəsizlikdə rol oynaması bizim üçün qəbuledilməzdir. Əgər bu, iqtisadi layihədirsə, deməli, çox yaxşıdır. Amma onlar bunun sırf iqtisadi layihə olduğunu sübut etməlidirlər”.

İranlı ekspert əlavə edib ki, rəsmi Tehran layihənin hərbi, siyasi və ya digər məqsədlər üçün deyil, sırf iqtisadi məqsəd daşıdığından əmin olmalıdır.

Özünü politoloq kimi təqdim edən Həsən Şirzadinin çıxışı İran rejiminin Azərbaycanla Ermənistan arasında sülh sazişinin paraflanmasından və kommunikasiyaların açılmasına dair razılaşmadan narahatlığını göstərir.

Yəni İran müxtəlif siyasi təxribatlara əl atmaqla regionda sülhün bərqərar olmasına və Zəngəzur dəhlizinin açılmasına mane olmağa çalışır. Rəsmi Tehran xüsusilə də “Tramp marşrutu”ndan ABŞ-ni guya İrana qarşı təhlükə yaradacağı barədə fərziyyələr irəli sürməklə Zəngəzur dəhlizinin açılmasına qarşı çıxır. 

Həsən Şirazadi İranın “3+3” formatına önəm verdiyini iddia edir. Halbuki, üç Cənubi Qafqaz ölkəsinin İran, Türkiyə və Rusiya regional iqtisadi əməkdaşlığını nəzərdə tutan “3+3” platforması ilk dəfə 2020-ci ildə Azərbaycan tərəfindən irəli sürülüb.

İran isə Zəngəzur dəhlizini özünün “qırmızı xətt”i elan etməklə “3+3” platforması üçün həlledici amil olan nəqliyyat-ticarət əlaqələrinin açılmasını əngəlləyib. Lakin indi İran rejimi növbəti təxribata əl ataraq özünü “3+3” platformasının az qala təşəbbüskarı kimi göstərməyə çalışır.

Əslində, panfarsist molla rejiminin niyyəti aydındır. İran bununla “region ölkələrinin problemlərini bölgə dövlətləri özləri həll etməlidir” tezisini yenidən gündəmə gətirməyə çalışır. Yəni Tehran ABŞ-nin dəstəyi ilə “Tramp marşrutu”nun açılmasına qarşı çıxır. 

Şirzadinin “Tramp marşrutu”nun Ermənistanla əlaqələri məhdudlaşdıracağı və ABŞ hərbçilərinin guya İran sərhədi boyunca düzüləcəyi barədə iddiaları isə daha çox kommunikasiyaların açılmasını sabotaj etməyə xidmət edir. 

Избранный
31
1
cebheinfo.az

2Источники