RU

Məcəllədə dəyişiklik: 7 yaşdan "qoca" maşınların qiyməti necə olacaq?

"Mövcud vəziyyətdə ikinci əl avtomobillərin qiymətində bahalaşma baş verəcək".

Ölkə.az xəbər verir ki, bunu Qaynarinfo-ya açıqlamasında Liberal İqtisadçılar Mərkəzinin rəhbəri Akif Nəsirli 7 ildən artıq istehsal tarixi olan gətirilmə avtomobillərə qoyulan aksiz dərəcəsinin artırılması təklifini şərh edərkən deyib. 

"Aksiz vergisi birbaşa olaraq idxal xərclərinə əlavə olunur. Yəni, 7 ildən köhnə avtomobillərin gətirilməsi daha baha başa gələcək. Bu isə ikinci əl avtomobillərin satış qiymətinin artmasına səbəb olacaq", deyə ekspert bildirib.

 

Akif Nəsirli deyir ki, Azərbaycanda satılan avtomobillərin əksəriyyəti məhz 7 ildən köhnə olan idxal modelləridir: Əsasən də Yaponiya, Koreya və Almaniyadan gətirilənlər. Bu seqmentdə təklif azalarsa, qiymətlərdə ən azı 10–20% bahalaşma ola bilər".

İqtisadçı düşünür ki, bahalaşma öz növbəsində köhnə maşın alanları yeni modellərə yönəldə bilər: 

"Amma bu, yalnız o halda baş verər ki, kredit və ya lizinq şərtləri əlverişli olsun. Köhnə avtomobillərin payı azalacaq, nisbətən yeni (5–7 yaşlı) avtomobillərin payı artacaq. Köhnə avtomobillərin azalması uzunmüddətli dövrdə bu seqmentdə tələbi azaldacaq. Amma qısamüddətli dövrdə, mövcud köhnə avtomobillər üçün ehtiyat hissələrinə tələbat artacaq".

Mərkəz sədri qeyd edir ki, dövlət bu yolla avtoparkın yenilənməsini və ekoloji yükün azaldılmasını hədəfləyir. Onun fikrincə, nəticədə proses aşağı gəlirli təbəqəyə mənfi təsir göstərəcək: 

"Köhnə avtomobil alanlar əsasən orta və aşağı gəlir qruplarıdır. Yeni aksiz artımı onların bazara çıxış imkanlarını məhdudlaşdıra bilər". 

Amma bu, iqtisadçıya görə, kredit və lizinq bazarına təkan verəcək:

"Yeni avtomobil almaq istəyənlər üçün kreditlə alış daha çox aktuallaşa bilər. Bu isə bank sektorunun avtokredit portfelini genişləndirə bilər.

Yəni bu addım avtomobil bazarında qiymət artımına, idxal strukturunun dəyişməsinə, ekoloji standartların yüksəldilməsinə və yeni avtomobillərin satışının stimullaşdırılmasına səbəb olacaq. Amma qısamüddətli dövrdə bazarda bahalaşma və təklifin azalması kimi mənfi təsirlər qaçılmaz görünür".

Qeyd edək ki, Azərbaycan Vergi Məcəlləsinə yeni dəyişikliklər təklif olunub. Dəyişikliyə görə, 2026-cı ildən Azərbaycana idxal olunan və istehsal tarixi 7 ildən çox olan minik avtomobilləri üçün aksiz dərəcəsi artırılacaq.

Mövcud Vergi Məcəlləsinə əsasən, aksiz dərəcəsi minik avtomobilləri üçün aşağıdakı qaydadadır:

* Mühərrikin həcmi 2000 kubsantimetrədək olduqda mühərrikin həcminin hər kubsantimetrinə görə 0,30 manat;

* Mühərrikin həcmi 3000 kubsantimetrədək olduqda 600 manat + mühərrikin həcminin 2001- 3000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə 5 manat;

* Mühərrikin həcmi 5000 kubsantimetrədək olduqda 18600 manat +mühərrikin həcminin 4001-5000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə 35 manat;

* Mühərrikin həcmi 5000 kubsantimetrdən çox olduqda 53600 manat + mühərrikin həcminin 5000 kubsantimetrdən çox hissəsi üçün hər kubsantimetrə görə 70 manat.

* Mühərrikin həcmi 3000 kubsantimetrdən çox və istehsal tarixi 3 ildən artıq olan minik avtomobillərinə görə isə mühərrikin həcmi 4000 kubsantimetrədək olduqda 5600 manat + mühərrikin həcminin 3001-4000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə 15 manat;

* Mühərrikin həcmi 5000 kubsantimetrədək olduqda 20600 manat +mühərrikin həcminin 4001-5000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə 40 manat;

* Mühərrikin həcmi 5000 kubsantimetrdən çox olduqda 60600 manat+mühərrikin həcminin 5000 kubsantimetrdən çox hissəsi üçün hər kubsantimetrə görə 80 manat aksiz dərəcəsi tətbiq edilir. Hazırda idxal olunan minik avtomobillərinin istehsal tarixi 7 ildən artıq olduqda, aksiz dərəcəsi yuxarıda qeyd edilən hesablanmış məbləğə benzin mühərrikli minik avtomobillərinə 1,2, dizel mühərrikli minik avtomobillərinə isə 1,5 yüksəldici əmsal tətbiq edilməklə hesablanır.

* Layihəyə əsasən isə, 2026-cı il yanvarın 1-dən Azərbaycana idxal olunan minik avtomobillərinin istehsal tarixi 7 ildən artıq olduqda, aksiz dərəcəsi hesablanmış məbləğə benzin mühərrikli minik avtomobillərinə 1,5, dizel mühərrikli minik avtomobillərinə isə 2 yüksəldici əmsal tətbiq edilməklə hesablanacaq.

Избранный
23
8
olke.az

10Источники