RU

UNESCO nun Baş Konfransının 43 cü sessiyasında Türk Mədəniyyəti və İrsi Fondunun unikal layihələrinin təqdimatı olub

Azertag saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Bakı, 5 noyabr, AZƏRTAC

Özbəkistanın Səmərqənd şəhərində UNESCO-nun Baş Konfransının 43-cü sessiyasının platformasında Türk Mədəniyyəti və İrsi Fondunun təşkilatçılığı ilə ilk dəfə olaraq türk sivilizasiyasının dərinliyini və böyüklüyünü əks etdirən unikal layihələrin təqdimatı keçirilib.

Bu barədə AZƏRTAC-a Türk Mədəniyyəti və İrsi Fondundan məlumat verilib.

Bildirilib ki, tədbir çərçivəsində türk dövlət başçılarının qəbul etdiyi “Türk dünyasına baxış – 2040” və “TÜRKTIME” strateji sənədlərinə uyğun olaraq hazırlanmış “Türk dünyasının mədəni kodu” adlı Türk dünyasının mədəni irsinə dair kataloq, Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin təşəbbüsü və türk dövlət başçılarının dəstəyi əsasında Fond tərəfindən həyata keçirilən çoxcildli, çoxdilli “Türk folklor irsi” antologiya nəşrinin təqdimatı baş tutub.

Təqdimatın davamında noyabrın 3-də UNESCO Baş Konfransının 43-cü sessiyasının qətnaməsi ilə qəbul edilmiş “15 dekabr - Türk Dili Ailəsi Gününün (World Turkic Language Family Day)” qeyd olunması ilə bağlı tədbir keçirilib.

Mərasimdə çıxış edən Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova Fond tərəfindən nəşr olunan “Türk dünyasının mədəni kodu” adlı çoxdilli kataloq və “Türk folklor irsi” antologiyası haqqında məlumat verib və Türk dünyasının mənəvi körpüsünə çevrilən bu layihələrin ərsəyə gəlməsində əməyi olan mütəxəssisləri, alimləri və Məşvərət Komitəsinin üzvlərini təbrik edib, onlara təşəkkürünü bildirib.

Kataloqun layihə kuratoru Rüstəm Müzəffərov, eləcə də Özbəkistandan tanınmış alim, “Türk folklor irsi” antologiyasının hazırlanmasında iştirak edən Jabbor Eşonqulov təqdim olunan nəşrlərin əhəmiyyətini vurğulayaraq, bu layihələrin təşəbbüskarı olan Türk Mədəniyyəti və İrsi Fondunun fədakar fəaliyyətini və Türk dünyasının mədəni irsinin qorunmasına verdiyi töhfəni yüksək qiymətləndiriblər.

Fəxri qonaq qismində Qırğız Respublikasının Prezidentinin müşaviri Arslan Qoyçiyev, Türkiyə Ədalət və İnkişaf Partiyasının sədr müavini, professor Kürşad Zorlu, Özbəkistan Respublikası Elmlər Akademiyasının vitse-prezidenti, professor Baxrom Abduxalımov iştirak ediblər. Onlar bu tarixi qərarın Türk dillərinin zənginliyinin və ortaq mənəvi köklərinin beynəlxalq səviyyədə tanıdılması baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb, tədbirin həyata keçirilməsində Türk Mədəniyyəti və İrsi Fondunun gördüyü işləri və səylərini yüksək qiymətləndiriblər.

Təqdimat zamanı çıxış edənlər arasında Azərbaycan Respublikasının UNESCO yanında Daimi Nümayəndəsi, səfir Elman Abdullayev, Qazaxıstanın elm və ali təhsil nazirinin müavini Talqat Yeşenkulov, Türkmənistanın Fransadakı səfiri və UNESCO yanında Daimi Nümayəndəsi Maksat Çariyev, eləcə də Macarıstanın UNESCO yanında Daimi Nümayəndəliyinin müavini xanım Kinqa Simon yer alıblar.

Tədbir Türk mədəniyyəti və irsinin səfiri, etnofolklor “TURAN” ansamblının solistlərinin ifası ilə davam edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
9
3
azertag.az

4Источники