RU

Elmi, intellektual və texnoloji inkişaf müstəqil Azərbaycanın yeni yüksəliş mərhələsi

ain.az, Ses qazeti portalına istinadən məlumat verir.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) 80 illik yubileyinə həsr olunmuş yığıncaqda Prezident İlham Əliyevin çıxışı elmin dövlət siyasətində tutduğu yerin nə qədər strateji əhəmiyyət daşıdığını bir daha nümayiş etdirir. Elmi inkişaf yalnız bir sahənin deyil, bütövlükdə cəmiyyətin tərəqqisinin əsas hərəkətverici qüvvəsidir. Dövlətimizin başçısının fikirlərində elmi irsə hörmət, intellektual potensialın qorunması və müasir innovasiyaların tətbiqi məsələləri vahid bir konseptual yanaşma çərçivəsində təqdim olunub. Elmə dövlət səviyyəsində verilən önəmin məqsədi aydındır, bilik və texnologiya əsrində Azərbaycan rəqabətqabiliyyətli və intellektual gücə əsaslanan inkişaf modelinə malikdir.

AMEA-nın yaranması və fəaliyyəti milli intellektual ənənənin təməl daşlarından biridir. Ötən dövr ərzində akademiya elmin təşkilatlanmasında, yeni istiqamətlərin formalaşdırılmasında və elmi məktəblərin yaradılmasında mühüm rol oynayıb. Müstəqillik dövründə isə bu ənənə yeni keyfiyyət mərhələsinə yüksəlib, dövlət tərəfindən elmi tədqiqatlara ayrılan maliyyə resursları artırılıb, institutların fəaliyyət mexanizmləri yenilənib, gənc alimlərin dəstəklənməsi prioritet istiqamət kimi müəyyən edilib. Bu, elmi mühitin sabitliyini və davamlılığını təmin edən başlıca amildir. Prezident İlham Əliyevin “Azərbaycan alimləri bundan sonra da ölkəmizin uğurlu inkişafına öz töhfələrini verəcəklər” fikri elm adamlarına inamın ifadəsidir, həmçinin onlara göstərilən strateji etimadın təntənəsidir.

Müasir elmi siyasətin əsasında Ulu Öndər Heydər Əliyevin ideyaları dayanır. 1970-ci illərdə məhz Ümummilli Liderin rəhbərliyi ilə elmin dövlət idarəçiliyində rolu gücləndirilmiş, Azərbaycan Milli Elmlər Akademiyasının fəaliyyəti yeni mərhələyə qədəm qoymuşdu. O dövrdə yaradılan elmi-tədqiqat institutları, gənc alimlər üçün tətbiq olunan təqaüd və ixtisasartırma mexanizmləri gələcək nəsillər üçün intellektual baza formalaşdırdı. SSRİ-nin aparıcı universitetlərinə göndərilən yüz minlərlə azərbaycanlı gəncin təhsili nəticəsində elmi və texnoloji biliklər ölkəyə gətirildi, elmi kadr potensialı gücləndirildi. Bu model bu gün də uğurla davam etdirilir, minlərlə gənc dünyanın nüfuzlu ali məktəblərində təhsil alır, elmi biliklərini və müasir yanaşmalarını doğma Vətənin inkişafına yönəldir.

Son illərdə elmi fəaliyyətin müasir tələblərə uyğunlaşdırılması istiqamətində atılan addımlar genişmiqyaslı islahatlar səviyyəsinə çatıb. Elmə ayrılan dövlət vəsaitinin iki dəfədən çox artırılması, elmi müəssisələrin modernləşdirilməsi və elmi infrastrukturun yenilənməsi bu istiqamətdə aparılan siyasətin sistemliliyini nümayiş etdirir. Akademiyanın maddi-texniki bazasının yenilənməsi, Milli Ensiklopediya binasının və yeni kitabxanaların inşası, laboratoriyaların müasir texnologiyalarla təchiz olunması elmin praktiki nəticəliliyini artıran amillərdəndir. AMEA-nın yubiley tədbirindəki çıxışında Prezident İlham Əliyevin xatırlatdığı kimi, Elm Fondu hələ 2009-cu ildə yaradılmışdır: “O vaxt bu Fondun yaradılmasının əsas məqsədi Azərbaycan alimlərinə maddi dəstək vermək, elmin inkişafına qrantlar çərçivəsində təkan vermək idi. Elmin inkişafı üzrə Milli Strategiya, “Elm haqqında” və Dövlət Proqramı qəbul edilmişdir. Yəni, görülmüş bütün işləri sadalamaq üçün çox vaxt lazımdır. Sadəcə olaraq, bunu bildirməliyəm ki, bütün başqa sahələrdə olduğu kimi, bu istiqamətdə də Heydər Əliyev siyasəti davam edir, yaşayır, yeni formalarla zənginləşir”.

Prezident İlham Əliyev çıxışında son 10 ilin bizim üçün inkişaf və zəfərlərlə zəngin illər olduğunu diqqətə çatdırıb. Ərazi bütövlüyünün bərpası və suverenliyin təmin olunması yalnız hərbi və diplomatik uğur deyil, həm də milli elmi potensialın müstəqil şəkildə formalaşdırılmasına şərait yaradan tarixi hadisədir. “Bizim qədər parlaq, tam və mütləq Qələbə qazanan ikinci ölkə olmayıb”, – deyən dövlətimizin başçısı bu fikirlə elmi müstəqillik ideyasının Zəfər fəlsəfəsi ilə birləşdiyini nümayiş etdirib. Bugünkü mərhələdə elmin əsas vəzifəsi azad edilmiş ərazilərin bərpasında, yeni şəhərsalma və texnoloji layihələrin reallaşdırılmasında aparıcı rol oynamaqdır. Bu, həm milli resursların səmərəli idarə olunmasına, həm də intellektual yenidənqurma prosesinə təkan verir.

Azərbaycan Prezidentinin “Tükənməz sərvət intellektual potensialdır, amma o halda əgər buna sərmayə qoyularsa” fikri müasir dövrün reallığını əks etdirir. Təbii sərvətlər məhduddur, lakin insan kapitalı, elmi bilik və texnoloji yaradıcılıq sonsuz inkişaf potensialına malikdir. Dövlət bu sərmayəni müxtəlif istiqamətlərdə – gənclərin təhsili, elmi layihələrin dəstəklənməsi, innovativ sahibkarlığın təşviqi və texnoloji inkubasiya proqramlarının genişləndirilməsi vasitəsilə həyata keçirir. Bu yanaşma nəticəsində elm təkcə nəzəri bilik sahəsi kimi deyil, həm də iqtisadiyyatın, idarəetmənin və milli təhlükəsizliyin dayağı kimi formalaşır. Elmin inkişafı yalnız mütəxəssislərin deyil, bütövlükdə cəmiyyətin rifahının təminatıdır.

Müasir dövrün əsas çağırışlarından biri süni intellekt texnologiyalarının sürətli inkişafıdır. Süni intellekt artıq qlobal iqtisadiyyatın, müdafiə və təhlükəsizlik sistemlərinin ayrılmaz hissəsinə çevrilib. Azərbaycan bu prosesdən kənarda qala bilməz, həmin istiqamətdə öz elmi-tədqiqat bazasını gücləndirir, yerli mütəxəssislərin potensialını qlobal standartlara uyğun inkişaf etdirir. Bu məqsədlə dövlətin dəstəyi ilə rəqəmsal innovasiyalar, startap layihələri və elmi mərkəzlər yaradılır. Süni intellektin tətbiqi təkcə texnologiya sahəsində deyil, həm də iqtisadi planlaşdırma, ekologiya, enerji və kənd təsərrüfatında səmərəliliyi artırmaq üçün mühüm əhəmiyyət daşıyır.

Azərbaycan Milli Elmlər Akademiyasının 80 illiyi milli düşüncənin, intellektual irsə sədaqətin və texnoloji tərəqqiyə açıq strategiyanın təntənəsidir. Prezident İlham Əliyevin çıxışı bir daha sübut edir ki, elm dövlətin gələcək modelinin əsasını təşkil edir. Bu siyasətin mahiyyəti ondan ibarətdir ki, təbii sərvətlərin yerini bilik, elmi yaradıcılıq və texnoloji innovasiya tutmalıdır. Ulu Öndər Heydər Əliyevin əsası qoyduğu bu elmi-siyasi xətt müasir çağırışlara uyğun şəkildə davam etdirilir. Elm, intellekt və texnologiyanın sintezi gələcəyin müstəqil, güclü və dayanıqlı dövlətinin təminatıdır.

Heydər Əsədov

Milli Məclisin deputatı

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
14
2
sesqazeti.az

3Источники