RU

Süni intellekt bütün sahələri müsbət mənada alt üst edir AÇIQLAMA

Sherg.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Elvin Abbasov: Elmi-akademik potensialın texnoloji inkişafla birləşdirilməsi Azərbaycanın rəqəmsal gələcəyinin əsaslarını formalaşdıracaq

Elşad Yusifli: Universitetlərdə bütün fakültələrdə Sİ ilə əlaqəli fənlər tədris edilməlidir

Dünya yeni texnoloji mərhələyə qədəm qoyur. Süni intellekt, rəqəmsallaşma və kibertəhlükəsizlik artıq sadəcə texnologiya müzakirələrinin mövzusu deyil, iqtisadiyyatın, təhsilin və idarəçiliyin ayrılmaz hissəsinə çevrilib. Qlobal miqyasda sənaye, biznes və sosial həyat süni intellektin təsiri ilə köklü transformasiya yaşayır.

Prezident İlham Əliyev Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) çıxışı zamanı texnoloji inkişaf, süni intellekt, rəqəmsallaşma və kibertəhlükəsizliyin müasir dövrdə ölkəmiz üçün strateji əhəmiyyət daşıdığını vurğuladı. Dövlət başçısının bu fikirləri göstərir ki, Azərbaycanın gələcək inkişaf modeli elm və texnologiyanın inteqrasiyasına əsaslanmalıdır.

Azərbaycanın da bu dəyişikliklərə vaxtında və məqsədyönlü şəkildə uyğunlaşması, milli elmi və texnoloji potensialını süni intellekt dövrünə hazırlaması mühüm strateji əhəmiyyət kəsb edir.

İT mütəxəssisi Elşad Yusifli Sherg.az-a açıqlamasında bütün dünya industriyasının transformasiya etdiyini söyləyib: 

"Uzun müddət süni intellekt (Sİ) müəyyən bir sahənin, yəni yalnız mütəxəssislərin ixtisası kimi qəbul edilirdi. Lakin son bir-iki ildə baş verən inkişaflar göstərdi ki, artıq süni intellekt bütün ixtisaslarla birbaşa əlaqəlidir. Hüquqçu da, marketinqçi də, satışçı da, media işçiləri də, adi yazılım proqnozlaşdırma mütəxəssisləri də Sİ-dən istifadə etməlidirlər. Süni intellekt bütün sahələri müsbət mənada alt-üst edir.

Bu səbəbdən, süni intellekti öyrənən və onu işində tətbiq etməyə başlayan insanlar gələcəyin əmək bazarında yerini qoruyacaq. Əks halda, bu dəyişikliklərə uyğunlaşmayanlar bazardan silinib gedəcəklər. Azərbaycan olaraq bizim də bu prosesdən geri qalmamağımız vacibdir. Süni intellekt mövzusu orta məktəblərin tədris proqramlarına daxil edilməli, dərs vəsaitlərində bu texnologiyadan bəhs olunmalıdır. Universitetlərdə isə bütün fakültələrdə Sİ ilə əlaqəli fənlər tədris edilməlidir. Tələbə hansı ixtisası öyrənirsə, onunla paraleldə süni intellekti də öyrənməlidir".

İKT mütəxəssisi Elvin Abbasov isə Azərbaycanda texnologiyanın effektiv inkişafı üçün bir neçə vacib addımın atılmalı olduğunu vurğulayıb:

"Prezident İlham Əliyevin AMEA-da çıxışında vurğuladığı kimi, süni intellekt, rəqəmsallaşma və kibertəhlükəsizlik müasir dövrün əsas strateji istiqamətlərindəndir. Bu istiqamətlərin effektiv inkişafı üçün bir neçə vacib addım atılmalıdır.

İlk növbədə, elmi və texnoloji tədqiqatların dövlət səviyyəsində koordinasiyası gücləndirilməlidir. Akademik institutlarla texnoloji şirkətlər arasında əməkdaşlıq platformaları yaradılmalı, süni intellekt və kibertəhlükəsizlik üzrə milli tədqiqat mərkəzləri formalaşdırılmalıdır.

İkinci mühüm məsələ kadr potensialıdır. Universitetlərdə və elmi müəssisələrdə AI, məlumat elmi və kibertəhlükəsizlik istiqamətində müasir proqramlar tətbiq olunmalı, beynəlxalq təcrübəyə əsaslanan tədris metodikaları genişləndirilməlidir.

Üçüncü istiqamət innovasiya ekosisteminin gücləndirilməsidir. Startaplar, yerli texnoloji şirkətlər və dövlət qurumları arasında açıq innovasiya mühiti formalaşdırılmalı, süni intellekt tətbiqlərinin dövlət sektoruna inteqrasiyası sürətləndirilməlidir".

Mütəxəssis bildirib ki, kiberhücumlara qarşı dayanıqlılığı təmin etmək üçün milli təhlükəsizlik strategiyasında kibertəhlükəsizlik ayrıca prioritet kimi yer almalıdır: 

"Dövlət, özəl sektor və vətəndaş cəmiyyəti bu istiqamətdə koordinasiyalı fəaliyyət göstərməlidir.

Beləliklə, elmi-akademik potensialın texnoloji inkişafla birləşdirilməsi Azərbaycanın rəqəmsal gələcəyinin möhkəm əsaslarını formalaşdıracaq".

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
30
1
sherg.az

2Источники