RU

AYNA bizə zülm edir Bayıl, 20 ci Sahə sakinləri nəqliyyatsız qalıb

ain.az bildirir, Redaktor.az portalına istinadən.

Bakıda keçiriləcək Zəfər Paradı ilə əlaqədar 5, 6 və 8 noyabr tarixlərində nəqliyyat vasitələrinin hərəkətinə tətbiq ediləcək məhdudiyyət səbəbindən 2 müntəzəm marşrutun fəaliyyəti müvəqqəti olaraq dayandırılıb, 23 marşrutun hərəkət sxemi dəyişdirilib.

Redaktor.az xəbər verir ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) bu qərarı isə Bakının Səbail rayonunun Bayıl qəsəbəsinin, "20-ci Sahə", "6-cı Sahə", "Kristal Abşeron", "Neftçilər", "Şəhid və qazi ailələri", "Jurnalist binaları" yaşayış massivinin, Bibiheybət, Şıx qəsəbəsinin sakinlərini marşrutsuz qoyub.

Redaksiyamıza daxil olan məlumata görə, paytaxtda keçiriləcək parada görə bu gün həmin ərazilərin sakinlərinin gediş-gəlişi ciddi şəkildə çətinləşdirilib.

Şikayətçilərin sözlərinə görə, Bibiheybət məscidi - "Azneft" dairəsi, "20-ci Sahə" dairəsi - "Azneft" dairəsi istiqamətində ümumiyyətlə heç bir avtobus işləmir. "20-ci Sahə" dairəsindən keçən təkcə 6 nömrəli avtobusdur ki, o da Su İdmanı Sarayına qədər hərəkət edir. Yəni, bu ərazidən şəhərin mərkəzinədək heç bir avtobus hərəkət etmir və nəticədə insanlar işə, məktəbə gedib-gəlməyə nə yol tapır, nə avtobus.

“Formula-1 yarışları zamanı heç olmasa avtobusla müəyyən məsafə qət edə bilirdik, indi isə şəhərə çıxmaq üçün nə avtobus var, nə də taksi. Yağışlı havada taksilər gəlmir, alternativ marşrut da yaradılmayıb. Yaşından asılı olmayaraq hamı məktəbə və işə getməkdə böyük əziyyət çəkir,” - deyə sakinlər narazılıqlarını ifadə ediblər.

Onların sözlərinə görə, yollarda hərbi texnika və parad hazırlıqları ilə bağlı məhdudiyyətlər tətbiq edilsə də, bu müddət ərzində vətəndaşların rahat gediş-gəlişi üçün heç bir əlçatan alternativ variant nəzərdə tutulmayıb.

“Biz anlayırıq ki, dövlət tədbirləri keçirilir, amma bu, insanların hərəkət hüququnu bu qədər məhdudlaşdırmamalıdır. Heç olmasa müvəqqəti bir avtobus xətti təşkil oluna bilərdi. Bu gün "İçərişəhər”dəki məktəbdə oxuyan oğlum səhər tezdən məktəbə avtobusla gedib - həmin vaxt avtobuslar işləyirdi. Ancaq dərsdən çıxanda "Azneft"də yol bağlı olduğu üçün neçə kilometr yolu piyada Su İdmanı Sarayına qədər gəlməyə məcbur olub. Özüm işdən çıxanda evə hansı yolla gedəcəm, heç bilmirəm. Yol bağlıdır deyə, təkcə avtobus yox, taksi də yoxdur ki, minib gedəsən. Əgər insanlara alternativ marşrut verməyəcəklərsə, niyə bağlayırlar o yolu? Elədirsə, Formula-1-də olduğu kimi həmin ərazilərdəki məktəbləri bağlayın. Camaata işinin-gücünün dalınca getməyə alternativ yol verin, marşrut açın. Axı belə zülm olar? AYNA bizə zülm edir"- deyə şikayətçilərdən biri qeyd edib.

Mövzu ilə bağlı Redaktor.az-ın Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) ünvanladığı sorğu isə hələlik cavabsız qalıb.

Nuriyyə NATİQQIZI

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
22
1
redaktor.az

2Источники