RU

“Çelsi”nin satış pullarının taleyi: Abramoviç və Britaniya hökuməti arasında yeni mübahisə

Londonun “Çelsi” futbol klubunun satışından əldə olunan ümumi 2,35 milyard funt sterlinqdən təxminən 987 milyon funt Ukraynadakı xeyriyyə təşkilatlarına ötürülə bilər.

Finss.az xəbər verir ki, bu barədə “The Times” nəşri, sövdələşmə ilə bağlı şirkətlərin hesabatlarına və ekspert rəylərinə istinadla məlumat yayıb.

Məlumata əsasən, 1,54 milyard funt klubun keçmiş sahibi Roman Abramoviçlə əlaqəli şirkətlər qarşısındakı kreditlərin və digər öhdəliklərin ödənilməsinə yönəldiləcək. Ekspertlər hesab edirlər ki, bu borcların silinməsi üçün alternativ mexanizmlər nəzərdə tutulmayıb.

Liverpul Universitetinin müəllimi, futbol maliyyəsi üzrə ekspert Kiran Maquayr “Daily Mail”ə açıqlamasında bildirib:“Vəsaitlərin bölgüsündəki ləngimə qismən Abramoviçlə əlaqəli tərəflərin qaldırdığı məsələlər və onun ofşor maliyyə şirkətinə qaytarılmalı olan kreditlərlə bağlıdır. Bu səbəbdən ayrılacaq məbləğ gözləniləndən xeyli az ola bilər – əgər ümumiyyətlə ayrılarsa.”

Qeyd edək ki, Roman Abramoviç 2003–2022-ci illərdə “Çelsi” klubunun sahibi olub. O, klubu 2003-cü ildə 140 milyon funta almış, 2022-ci ildə isə Böyük Britaniya hökumətinin sanksiyalarına məruz qaldıqdan sonra Todd Boeli və “Clearlake Capital” konsorsiumuna 4,25 milyard funt qarşılığında satmışdı.

Satışdan sonra Abramoviçin təşəbbüsü ilə yaradılan xeyriyyə fondu vasitəsilə vəsaitin 2,5 milyard funtunun müharibədən zərər çəkənlərə, qalan hissəsinin isə klubun inkişafına yönəldilməsi planlaşdırılırdı. Hazırda vəsait Böyük Britaniyada xüsusi bank hesabında saxlanılır, Abramoviçin həmin pullara çıxışı yoxdur, lakin hüquqi baxımdan vəsait hələ də onun adına məxsus sayılır.

2025-ci ilin iyununda Britaniya hökuməti bəyan edib ki, əgər Abramoviç 2,5 milyard funtu Ukraynanın xeyrinə verməyə razılaşmasa, məsələ məhkəməyə çıxarılacaq. Abramoviç isə vəsaitin bütün müharibə qurbanlarına, o cümlədən Rusiyada zərər çəkənlərə də paylanmasının tərəfdarı olduğunu bildirib.

Избранный
19
fins.az

1Источники