RU

Bəzi ölkələrdə 100 faizlik göstərici Azərbaycanda 6 faizdir...


Tahir Mirkişili: “Azərbaycanın qeyri-neft sektoru bu gün iqtisadiyyatın aparıcı təkanverici qüvvəsinə çevrilib”

“Bizim iqtisadi göstəricilərimiz çox müsbətdir. Düzdür, ümumi daxili məhsul çox artmır. Bunun da əsas səbəbi neft hasilatının obyektiv səbəblərə görə aşağı düşməsidir. Ancaq bu gün iqtisadiyyatımızın aparıcı təkanverici qüvvəsi qeyri-neft sektorudur. Bu, bizim ümumi iqtisadiyyatımızın əksəriyyətini təşkil edir”. Bunu Prezident İlham Əliyev AMEA-nın 80 illik yubiley yığıncağında çıxışı zamanı bildirib.

Ölkə başçısı çıxışında qeyd edib ki, bu gün dünyanın aparıcı reytinq agentlikləri - iki aparıcı beynəlxalq reytinq agentliyi bizim kredit reytinqimizi qaldırıb və bunu investisiya reytinqinə uyğun səviyyədə artırıb: “Bu, əlbəttə ki, ölkəmizdə gedən iqtisadi islahatların təzahürüdür. Çünki bu gün bizim iqtisadiyyat sağlam iqtisadiyyatdır. Biz heç kimdən asılı deyilik. İqtisadi müstəqillik təbii olaraq siyasi müstəqilliyi də gücləndirir. Bizim xarici borcumuz çox aşağı səviyyədədir. Sirr deyil ki, bir çox inkişaf etmiş ölkələrdə xarici borc o ölkələrin ümumi daxili məhsulunun yüz faizini, bəlkə də daha çox təşkil edir. Bizdə isə bu, cəmi 6 faizdən bir qədər çoxdur. Bizim valyuta ehtiyatlarımız ildən-ilə artır və bu il də əhəmiyyətli dərəcədə artıb, 80 milyard dolları ötüb. Bizim valyuta ehtiyatlarımız xarici borcumuzdan 16 dəfə çoxdur. Biz əgər istəsək, xarici borcumuzu bir neçə ay ərzində sıfırlaya bilərik. Yəni, bu göstəriciyə görə Azərbaycan bu gün dünya miqyasında aparıcı yerlərdədir”.

“…Bu maliyyə potensialı texnoloji, elmi və bərpaolunan enerji sahələrinə daha çox investisiya yatırmağa imkan verir”

Millət vəkili Tahir Mirkişili “Bakı-Xəbər”ə şərhində bildirdi ki, Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyi münasibətilə keçirilən tədbirdə Prezident İlham Əliyevin çıxışı həm tarixi retrospektiv, həm də gələcəyə yönəlik strateji baxış baxımından mühüm əhəmiyyət daşıyır: “Dövlət başçısının nitqiXXI əsrin yeni çağırışları fonunda Azərbaycanın texnoloji və intellektual inkişafının konturlarını müəyyənləşdirdi. Prezident çıxışında bir sıra nüanslara toxundu. O cümlədən, ölkənin valyuta ehtiyatlarının 80 milyard dolları ötdüyünü, xarici borcun ümumi daxili məhsulun cəmi 6 faizini təşkil etdiyini dilə gətirdi. Bu, Azərbaycanın iqtisadi müstəqilliyinin göstəricisidir və bu maliyyə potensialı texnoloji, elmi və bərpaolunan enerji sahələrinə daha çox investisiya yatırmağa imkan verir. Azərbaycanın qeyri-neft sektoru bu gün iqtisadiyyatın aparıcı təkanverici qüvvəsinə çevrilib və texnoloji innovasiyalar burada da əsas rol oynayır”.

Günel CƏLİLOVA

Избранный
27
baki-xeber.com

1Источники