RU

ABŞ-də rekord həddə çatan şatdaun: Tramp danışıqlardan imtina edir...

Federal hökumət 35 gündür bağlıdır sosial proqramlar iflic vəziyyətindədir...

Poliqon xəbər verir ki, The Financial Times-ın məlumatına görə, ABŞ federal hökuməti tarixində ən uzunmüddətli bağlanma (şatdaun) astanasındadır. Respublikaçılar və demokratlar arasında yaranmış dərin siyasi qarşıdurma səbəbindən prezident Donald Tramp danışıqlar masasına oturmaqdan hələ də imtina edir.

35 gün maliyyələşmə olmadan...

Artıq 35 gündür ki, ABŞ hökuməti maliyyələşmədən məhrum qalıb. Bu, 2018–2019-cu illərdəki rekord göstərici ilə müqayisə oluna bilər. Nəticədə yüz minlərlə federal işçi ödənişsiz məzuniyyətə göndərilib, bir çox dövlət idarələri bağlanıb, təqribən 40 milyon amerikalının asılı olduğu ərzaq yardımı proqramları isə dayanmaq təhlükəsi ilə üz-üzə qalıb.

Prezident Tramp bəyan edib ki, ərzaq yardımı proqramları yalnız “radikal sol demokratlar” hökumətin maliyyələşməsini bərpa etməyə razılıq verdikdən sonra fəaliyyətini davam etdirəcək.

“Onlara sadəcə hökümətin fəaliyyətini açmaq lazımdır”, deyə Tramp bildirib və əlavə edib ki, respublikaçılar hökumətin açılması üçün artıq 14 dəfə səs veriblər, lakin demokratlar onu bağlı saxlamağı üstün tuturlar.

Sosial təminat və səhiyyə mübahisənin mərkəzində

Konqresdə respublikaçılar hökumət xərclərini mövcud səviyyədə saxlamağa imkan verəcək müvəqqəti razılaşma təklif ediblər. Lakin demokratlar bu təşəbbüsü rədd ediblər. Onların əsas tələbi ilin sonunda müddəti bitəcək səhiyyə ilə bağlı vergi güzəştlərinin ixtisar edilməməsidir. Demokratların fikrincə, bu güzəştlər milyonlarla amerikalı üçün həyati əhəmiyyət daşıyır.

Sosioloji sorğular göstərir ki, amerikalıların əksəriyyəti yaranmış böhranın məsuliyyətini prezident Tramp və respublikaçılar partiyasının üzərinə qoyur. NBC News-un məlumatına görə, seçicilərin 52 faizi məsuliyyətin Trampda olduğunu düşünür, yalnız 42 faiz demokratları günahkar sayır. Prezidentin reytinqi isə 43 faizə düşüb. Bu, yazla müqayisədə dörd bənd aşağıdır.

Ərzaq proqramlarında misilsiz böhran

Hökumətin bağlanması ən çox aztəminatlı təbəqələrə zərbə vurub. 60 ildən artıq fəaliyyət göstərən SNAP (Əlavə Ərzaq Yardımı Proqramı) ilk dəfə maliyyə mənbəyini itirib. Tramp administrasiyası federal məhkəməyə bildirib ki, noyabrda aztəminatlı ailələrə yalnız adətən verilən yardımların yarısı ödəniləcək. Lakin ertəsi gün prezident bu açıqlamanı öz sosial platforması Truth Social-da təkzib edib və vurğulayıb ki, yardım yalnız hökumət fəaliyyətini bərpa etdikdən sonra veriləcək.

Bəzi dövlət uşaq bağçaları da bağlanmağa məcbur olub. Ekspertlərə görə, məhz bu kimi real nəticələr amerikalılara hökumət böhranının təsirini daha aydın göstərir. Respublikaçı strateg Daq Hay deyib: “Bu, artıq ölkə əhalisinin böyük hissəsinə toxunur və təsiri çox ciddi olacaq”.

Siyasi dalan və gizli danışıqlar

Trampın sərt mövqeyinə baxmayaraq, Senatda qapalı danışıqların başladığı bildirilir. Senatın çoxluq lideri Con Tyun deyib ki, “artıq bir çıxış yoluna yaxınlaşırıq”, lakin o, indiki vəziyyətin əvvəlkilərdən fərqli olduğunu vurğulayıb və bu dəfə demokratlar böhranı siyasi təzyiq vasitəsinə çeviriblər.

Demokratlar hesab edir ki, onların mövqeyi 1 noyabrdan sonra daha da möhkəmlənib, çünki həmin tarixdən etibarən amerikalılar gələn il üçün tibbi sığortalarını yeniləməyə başlayıblar. Güzəştlərin dayandırılması nəticəsində xərclərin artması ictimai narazılığı gücləndirib və Ağ Evin üzərinə əlavə təzyiq yaradıb.

İqtisadi və ictimai etimad böhranı

Vaşinqton analitikləri hesab edir ki, bu uzunmüddətli böhran təkcə iqtisadiyyata deyil, həm də dövlətə olan ictimai etimada ciddi zərbə vura bilər. SNAP kimi sosial proqramlardakı kəsintilər artan ərzaq və kirayə qiymətləri fonunda insanların narazılığını dərinləşdirir.

The Financial Times yazır ki, hazırkı vəziyyət artıq sadəcə partiyalararası mübarizə deyil, ABŞ siyasi sisteminin kompromisə qadir olub-olmamasının sınağına çevrilib. Donald Tramp dialoqa getməkdən imtina etdiyi müddətdə milyonlarla amerikalı hökumət iflicinin gündəlik həyatlarına vurduğu təsiri hiss etməyə davam edir.

Poliqon.info

Избранный
13
poliqon.info

1Источники