Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan Qazaxıstan taxılının Azərbaycan ərazisi vasitəsilə ölkəyə tədarük edildiyini bildirib.
Redaktor.az-a danışan Milli Məclisin deputatı Vüqar Bayramov bildirdi ki, Azərbaycan öz ərazisindən Ermənistanın yükləri üçün tətbiq olunan bütün məhdudiyyətləri aradan qaldırıb.
"Bu addım, əslində, Azərbaycanın sülh gündəliyinə verdiyi xüsusi töhfədir, çünki bu, Ermənistana yalnız Qazaxıstandan deyil, həm də Rusiyadan məhsulların idxalını həyata keçirmək imkanı tanıyır. Ümumilikdə, bu addım bir daha sübut edir ki, Azərbaycan Qafqazda sülh və əməkdaşlıqda maraqlıdır. Həmçinin, bu, kommunikasiyaların açılması baxımından mühüm zəminlərdən biridir. Çünki Zəngəzur dəhlizinin istifadəyə verilməsi ilə bağlı müzakirələr, məhz ölkələr arasında bu cür məhdudiyyətlərin aradan qaldırılmasını ehtiva edirdi. Eyni zamanda Ermənistan tərəfi də, Azərbaycan və Türkiyəyə malların keçidindəki məhdudiyyətlərin qaldırılması istiqamətində addımlar atır. Bu isə, təbii ki, bütövlükdə region üçün əməkdaşlıq imkanlarını genişləndirir. Aşqabadda əldə edilən razılaşmalardan sonra, bu gün Cənubi Qafqazda kifayət qədər əməkdaşlıq imkanları mövcuddur. Bu əməkdaşlıq imkanları isə nəticə etibarilə, Cənubi Qafqazın iqtisadi inkişafı üçün yeni perspektivlər yaradır", - deyə millət vəkili yekunlaşdırdı.
Xədicə BAXIŞLI