RU

Çap mediasının gələcəyi: Qəzetlər yenidən dirçələcəkmi? – Rauf Arifoğlunun təklifləri

BAKI, 5 noyabr. TELEQRAF

Azərbaycanda çap mediasının taleyi ilə bağlı müzakirələr yenidən aktuallaşıb. Cəmiyyətdə “qəzet dövrü bitib” kimi fikirlər səslənsə də, məsələyə fərqli yanaşmalar da var.

"Yeni Müsavat" Media Qrupunun rəhbəri Rauf Arifoğlu Teleqraf-a açıqlamasında bildirib ki, qəzetlərin zəifləməsi reallıq olsa da, bu, onların tamamilə sıradan çıxması anlamına gəlmir. Onun sözlərinə görə, çap medianın yenidən dirçəlişi üçün həm potensial, həm də real icra mexanizmləri mövcuddur.

Rauf Arifoğlunun fikrincə, qəzetlərin media aləmində mövqeyinin zəifləməsi birdən-birə baş verməyib.

"Bu, problemlərin uzun illər həll olunmamasının nəticəsində baş verib. Problemlər əsasən aşağıdakılardan ibarətdir. Kontentin dəyərinin azalması – İnternetin operativliyi səbəbindən qəzetlərin xəbərləri köhnəlmiş hesab olunur. Həmçinin analitik dərinlik zəifləyib. Digər məsələ çatdırılma və yayım şəbəkəsinin çökməsidir. Köşklərin bağlanması və abunə sisteminin geri düşməsi tirajları azaldıb. Vizual və texniki gerilik də qəzetlərin günün tələbləri ilə uyğunlaşmamasına gətirib çıxarıb. Dizayn, səhifə tərtibatı və çap keyfiyyəti müasir oxucunun gözləntisinə uyğun deyil. Nəhayət, kadr axını problemi.Təcrübəli jurnalistlərin internet media sektoruna keçidi nəticəsində qəzet redaksiyaları zəiflədi" - deyə, R.Arifoğlu qeyd edib.

R.Arifoğlu bildirir ki, qəzetlərin sıradan çıxması, ümumiyyətlə, cəmiyyətin düşüncəsinə mənfi təsir göstərə bilər: “Televiziya kino sənayesini məhv etmədi, sosial media televiziya kanallarını yox etmədi. Hər media forması öz funksiyasını adaptasiya edərək yaşayır. Qəzet də məhv edilməməli, yenidən qurulmalıdır.”

Dirçəliş üçün yol xəritəsi

Rauf Arifoğlu çap mediasının əvvəlki nüfuzunun bərpası üçün mərhələli həll planı təklif edir: "Birincisi, dövlət dəstəyi yeni mexanizmlə həyata keçirilməlidir. Dəstək kiçik və aylıq deyil, birdəfəlik modernləşmə kapitalı formasında olmalı, layihələr biznes plana əsaslanmalıdır. Aparıcı qəzetlər üçün 1–2 milyon manatlıq inkişaf paketləri nəzərdə tutulmalıdır. İkincisi, kontent yenidən formalaşdırılmalıdır. Qəzet operativ xəbər yox, analitik düşüncə platforması olmalı, araşdırma yazıları, esse və müsahibələr ön plana çəkilməlidir. Qəzet materiallarının tam şəkildə sayta köçürülməsi dayandırılmalıdır. Üçüncüsü, çap və yayım infrastrukturunun müasirləşdirilməsi. Birgə çap mərkəzləri və yeni satış nöqtələri yaradılmalı, regionlara abunə paylanması bərpa olunmalıdır. Dördüncüsü, yeni abunə modelləri hazırlanmalıdır. Çap və onlayn kombinə edilmiş paketlər, şirkətlər və universitetlər üçün xüsusi tariflər tətbiq oluna bilər. Nəhyət, kadrların yetişdirilməsi üçün təlim, redaksiya məktəbləri yaradılmalı, təqaüdlər ayrılmalıdır".

“Qəzet ölməyib — yenidən doğulmağa ehtiyac duyur”

Rauf Arifoğlu hesab edir ki, çap medianın yaşaması yalnız informasiya çatdırmaq funksiyası ilə bağlı deyil — bu, cəmiyyətin intellektual səviyyəsi, müzakirə mədəniyyəti və ictimai yaddaşın qorunması məsələsidir:

“Qəzetin bağlanması sadəcə bir media platformasının yox olması deyil, düşüncə mədəniyyətinin zəifləməsidir. Qəzet ölməyib, o, yenidən doğulmağa ehtiyac duyur.”

Избранный
36
4
teleqraf.com

5Источники