RU

Ekspertlər təyyarədə ən pis yerləri açıqladı: Hamısı eyni zonanı seçdi

Mütəxəssislər hesab edir ki, təyyarədə ən əlverişsiz yerlər adətən onun arxa hissəsində yerləşir. 

HİT.az xəbər verir ki, bu nəticə Böyük Britaniyanın “Express” nəşrinin sifarişi ilə aparılan araşdırma zamanı əldə olunub.

Səyahət zamanı sərnişinləri müxtəlif narahatlıqlar gözləyə bilər — səs-küylü qonşular, uşaq ağlaması, eləcə də güclü turbulans. Lakin mütəxəssislər bildirir ki, oturacaq seçimini düzgün edən sərnişinlər bu riskləri azalda bilər.

“Thomas Cook” şirkətinin rəqəmsal texnologiyalar direktoru Nikolas Smit bildirib: “Təyyarənin ən arxa hissəsindəki yerlər adətən daha az cəlbedicidir. Onlar mətbəxə və tualetlərə yaxın yerləşir, xidmət gecikə bilər, yemək seçimi məhdud olur və bu zonada türbülensiya daha güclü hiss edilir".

O, türbülensiyaya həssas sərnişinlərə xüsusilə bu hissədən uzaq durmağı məsləhət görür.

Smit əlavə edib ki, yaxşı yer seçmək və ya yaxınlarınızla yanaşı oturmaq istəyirsinizsə, əlavə ödəniş etməyə hazır olmalısınız: “Əvvəlcədən planlaşdırma vacibdir: əsəbi sərnişinlər qanadlara yaxın, tranzitə tələsənlər isə ön keçid yerlərini seçməlidir. Üç nəfərlik cərgədə səyahət edən cütlüklər isə pəncərə və keçid yerlərini tutub ortanı boş buraxa bilər".

Səyahət bloqu “The Gap Decaders”in yaradıcısı İzzi Nikols da bu fikirlə razıdır: "Təyyarənin arxa hissəsində daha çox səs-küy olur, çünki mühərriklər və mətbəx bu hissədədir. Bundan əlavə, siz sonuncular sırasında təyyarəyə minəcək və onu tərk edəcəksiniz. Daha sakit uçuş istəyənlər ön sıraları seçməlidir — bu zona tualetlərdən və sərnişin axınından uzaqdır".

“Stasher” şirkətinin baş direktoru və həmtəsisçisi Ceykob Vedderbern-Dei isə əlavə edib ki, arxa hissə baqaj üçün də əlverişli deyil: “Mətbəx və tualet yaxınlığındakı yerlərdən uzaq durun, çünki heyət orada öz əşyalarını saxlayır və sərnişinlər üçün yer az qalır. Gec minənlər adətən çantalarını uzaqdakı rəflərə yerləşdirməli olurlar".

“Səyahət mütəxəssisi Andrea Platania” (“Transfeero” şirkətindən) qeyd edib ki, “ən son sıra” adətən ən narahatıdır: arxa dayağın məhdud hərəkəti, tualetə yaxınlıq və yüksək səs səviyyəsi burada problemlər yaradır. O, əlavə edib: “Ayaqlar üçün əlavə yer istəyənlər təcili çıxış və ya arakəsmə yaxınlığındakı yerlərə baxmalıdır, lakin bu zonalarda da məhdudiyyətlər olur — məsələn, sabit qol dayaqları və məhdud arxa söykənmə bucağı".

Turbulansdan əziyyət çəkən sərnişinlərə isə mütəxəssislər qanadların üzərindəki yerləri seçməyi məsləhət görürlər: "Bu zona təyyarənin ağırlıq mərkəzinə daha yaxındır, ona görə də burada silkələnmə daha az hiss olunur".

Samir
 

Избранный
3
28
hit.az

10Источники