RU

İnvestisiya reytinqinin qalxması Azərbaycana başqa üstünlüklər də gətirir...


Perspektivdə investisiya reytinqini daha necə yüksəldə bilərik?

Prezident İlham Əliyevin “Azərbaycanın investisiya reytinqi artdıqca, buna uyğun olaraq kredit reytinqi də artır” fikri ölkənin iqtisadi inkişaf modelinin əsas istiqamətlərindən birini çox dəqiq ifadə edir. Bu bəyanat həm iqtisadi məzmun, həm də beynəlxalq maliyyə münasibətləri baxımından strateji əhəmiyyət daşıyır.

İnvestisiya və kredit reytinqləri bir-birinə sıx bağlı olan göstəricilərdir. İnvestisiya reytinqi ölkəyə sərmayə qoymaq üçün nə qədər “etibarlı” və risklərin az olduğu mühitin mövcudluğunu göstərir. Kredit reytinqi isə dövlətin və ya onun maliyyə institutlarının borc öhdəliklərini yerinə yetirmə qabiliyyətini qiymətləndirir. Bir ölkədə iqtisadi sabitlik, şəffaf maliyyə idarəçiliyi, aşağı borclanma səviyyəsi və güclü valyuta ehtiyatları varsa, bu göstəricilər reytinqlərin yüksəlməsinə birbaşa təsir göstərir.

Azərbaycan son illərdə bu sahədə mühüm nəticələr əldə edib. Ölkənin xarici borcu ÜDM-in cəmi bir hissəsini təşkil edir, valyuta ehtiyatları isə borc məbləğindən bir neçə dəfə çoxdur. Büdcə balansında nizam-intizamın qorunması, neft gəlirlərinin dayanıqlı idarə olunması və qeyri-neft sektorunun artımı beynəlxalq reytinq agentliklərinin qiymətləndirməsində müsbət rol oynayıb. Məsələn, “Fitch” və “S&P Global” Azərbaycanın kredit reytinqini “sabit” proqnozla qiymətləndirir ki, bu da regionda iqtisadi sabitliyin göstəricisidir.

İnvestisiya reytinqinin daha da yüksəlməsi üçün bir sıra strateji istiqamətlər üzrə fəaliyyətin gücləndirilməsi vacibdir.

Bu istiqamətdə əsas göstəricilərdən biri makroiqtisadi sabitliyin qorunmasıdır. İnflyasiyanın nəzarətdə saxlanılması, valyuta bazarında sabitlik və büdcə kəsirinin minimal səviyyədə olması reytinq agentliklərinin xüsusi diqqət yetirdiyi meyarlardandır. Azərbaycan Mərkəzi Bankının monetar siyasətində ehtiyatlı yanaşma və fiskal siyasətdə intizamın qorunması bu baxımdan mühüm əhəmiyyət daşıyır.

Digər tərəfdən, hüquq və institusional mühitin təkmilləşdirilməsi mühüm əhəmiyyət kəsb edir. Sərmayədarlar üçün mühüm məsələ mülkiyyət hüququnun təminatı və hüquqi mübahisələrin şəffaf, ədalətli həlli mexanizmlərinin olmasıdır. Məhkəmə sistemində islahatlar, elektron məhkəmə mexanizmlərinin tətbiqi və korrupsiyaya qarşı institusional tədbirlərin gücləndirilməsi ölkənin investisiya cəlbediciliyini artıracaq.

Bununla yanaşı qeyri-neft sektorunun inkişafı və ixracın şaxələndirilməsi xüsusi əhəmiyyətə malikdir.

Azərbaycan iqtisadiyyatının uzunmüddətli dayanıqlığı üçün neftdənkənar sahələrin inkişafı prioritet istiqamət kimi vurğulanır. Aqrar sənaye, logistika, turizm, informasiya texnologiyaları və “yaşıl enerji” kimi sahələrin artımı ölkənin reytinqlərinə müsbət təsir göstərəcək.

Maliyyə bazarlarının dərinləşdirilməsi bu istiqamətdə müstəsna rola malikdir. Korporativ idarəetmə standartlarının gücləndirilməsi, kapital bazarlarının inkişafı və bank sektorunda sağlam rəqabət mühitinin yaradılması həm daxili, həm də xarici investorların etimadını artırar.

Regional əməkdaşlıq və nəqliyyat layihələri iqtisadiyyatın dayanıqlılığina dəstək verir. Azərbaycanın coğrafi mövqeyi və artan tranzit potensialı investisiya reytinqi baxımından strateji üstünlük yaradır. Zəngəzur dəhlizinin reallaşması, Orta Dəhliz və Şimal-Cənub marşrutlarının aktivləşdirilməsi ölkənin iqtisadi çəkisini daha da artıracaq.

Beynəlxalq reytinq agentlikləri artıq ekoloji məsuliyyət və dayanıqlı inkişaf siyasətlərini də dəyərləndirmə meyarlarına daxil edirlər. Azərbaycanın alternativ enerji mənbələrinin inkişafı üzrə həyata keçirdiyi layihələr - xüsusilə Qarabağ və Naxçıvan bölgəsində günəş və külək enerjisi parklarının yaradılması - bu istiqamətdə mühüm addımdır.

Nəticə etibarilə, Azərbaycanın investisiya və kredit reytinqlərinin yüksəlməsi sadəcə iqtisadi göstəricilərin yaxşılaşması deyil, həm də dövlətin idarəetmə keyfiyyətinin və institusional etimadının beynəlxalq səviyyədə tanınması deməkdir. Prezident İlham Əliyevin vurğuladığı kimi, bu prosesin davamı ölkənin maliyyə etibarlılığını daha da gücləndirəcək, Azərbaycanı regionda iqtisadi sabitliyin mərkəzinə çevirəcək.

Dəniz NƏSİRLİ

Избранный
23
baki-xeber.com

1Источники