RU

İsveçdə “Qara cümə” ərəfəsində qiymət manipulyasiyaları artır

İsveçli ekspertlər və dövlət qurumları xəbərdarlıq edirlər ki, ölkədə bir çox onlayn mağazalar noyabrın sonunda keçiriləcək “Qara cümə” endirimləri ərəfəsində əvvəlcədən qiymətləri qaldıraraq, sonradan böyük endirim təəssüratı yaratmağa çalışırlar.

AZƏRTAC xəbər verir ki, “Prisjakt” qiymətlərin müqayisəsi platformasının məlumatına əsasən, təxminən üç milyon məhsulun təhlili təkcə oktyabr ayında 13 faiz məhsulun qiymətinin 10 faizdən çox artdığını göstərib. Bu halda mağazalar qanunu formal şəkildə pozmur, lakin faktiki olaraq alıcıları aldatmış olurlar. Çünki endirim elan edərkən son 30 gün ərzindəki ən aşağı qiyməti göstərmək məcburiyyətindədirlər, lakin bu “ən aşağı qiymət” əvvəlcədən süni şəkildə qaldırılmış olur.

Ekspertlər bildirirlər ki, xüsusilə də geyim, ayaqqabı və məişət texnikası kateqoriyalarında qiymət artımı daha çox nəzərə çarpır.

Vətəndaş məsələləri üzrə nazir Erik Slotner baş verənləri “qanundan sui-istifadə” adlandıraraq bildirib ki, hökumət qiymət manipulyasiyalarına qarşı yeni tədbirləri nəzərdən keçirməyə hazırdır.

“Bu, tamamilə qəbuledilməzdir. Qanun istehlakçıların müdafiəsi üçün yaradılıb, əgər onların əleyhinə istifadə olunursa, biz müdaxilə etməyə borcluyuq”, – deyə nazir vurğulayıb.

Qiymət məlumatı haqqında qanun 2022-ci ildə yenilənib, lakin ekspertlərin fikrincə, gözlənildiyi kimi işləmir. Rəsmilər nəzarəti gücləndirəcəklərini və istehlakçıların təqdim olunan endirimlərə etibar edə bilmələri üçün zərurət yarandıqda qanunvericiliyə dəyişiklik ediləcəyinə söz veriblər.

Избранный
9
3
yeniazerbaycan.com

4Источники