RU

ABŞ-da yük təyyarəsinin qəzaya düşməsi nəticəsində ölənlərin sayı 12-yə çatıb

UPS şirkətinə məxsus MD-11 təyyarəsi Luivil aeroportunda qəzaya uğrayıb, itkinlərin axtarışı davam edir...

Poliqon xəbər verir ki, Reuters Agentliyinin məlumatına görə, ABŞ-nin Kentukki ştatındakı Luivil beynəlxalq aeroportunda baş verən yük təyyarəsi qəzası nəticəsində ölənlərin sayı 12 nəfərə yüksəlib. İlkin məlumata əsasən, təyyarədə olan üç ekipaj üzvü hadisə yerində həlak olub, daha iki nəfərin cəsədi isə dağıntılar altından tapılıb.

UPS şirkətinə məxsus MD-11 model təyyarə 4 noyabr axşamı havaya qalxarkən qəza keçirib. Məlumata görə, uçuş zamanı təyyarənin sol qanadı alovlanıb, ardından bir mühərriki qoparaq ayrılıb. Nəticədə hava gəmisinin idarəetməsi itirilib və o, uçuş-enmə zolağının hasarını aşaraq yaxınlıqdakı sənaye zonasında yerə çırpılıb.

Hadisə nəticəsində ətrafdakı binalar, o cümlədən neft məhsullarının emalı zavodu da yanğına məruz qalıb. Fövqəladə xidmət orqanları yanğını bir neçə saat ərzində söndürə bilib.

Rəsmilərin məlumatına görə, 11 nəfər hazırda xəstəxanada müalicə alır, bir neçə nəfərin taleyi isə hələ də məlum deyil. Axtarış-xilasetmə əməliyyatları davam etdirilir. Qəza yerində təyyarənin bort yazıcıları (qara qutular) tapılıb və onların Vaşinqtona laborator analiz üçün göndəriləcəyi bildirilib.

Luivil aeroportunun fəaliyyəti bərpa edilsə də, qəzaya səbəb olan uçuş zolağının 10 gün bağlı qalacağı açıqlanıb.

Qəzaya uğrayan MD-11 model yük təyyarəsi 1991-ci ildə istehsal olunub. Bu modelin istehsalı 2000-ci ildə dayandırılıb və 2014-cü ildən etibarən sərnişin daşımalarında istifadə edilmir.

Aviasiya ekspertləri bildirirlər ki, MD-11-lərin bəzi versiyaları hələ də yük daşımalarında istifadə olunur, lakin onların texniki vəziyyəti və istismar müddəti ciddi nəzarət tələb edir. ABŞ-ın Federal Aviasiya Administrasiyası (FAA) hadisə ilə bağlı rəsmi istintaq başladıb.

Poliqon.info

Избранный
57
poliqon.info

1Источники