RU

AzTV sədrinin əcəl, yoxsa dirçəliş zəngi? Helikopter arzusu və 6 7 minlik qonorar...

ain.az bildirir, Bakupost saytına əsaslanaraq.

Hesablama Palatasının Azərbaycan Televiziya və Radio Verilişləri QSC-də keçirdiyi auditin nəticələrini açıqlanmasından və nöqsanların elan edilməsindən sonra qurumun sədri Rövşən Məmmədovla bağlı qəribə iddialar səsləndirilməyə başlayıb. Hətta bu yoxlamanın Rövşən Məmmədovun “əcəl zəngi” olduğu bildirilir.

Rövşən Məmmədovun “vurulması”nın səbəbi kimi isə AzTV üçün helikopter almağa cəhd etməsi, üstəlik, bəzi əməkdaşlara 6-7 min qonorar verməsini göstərirlər.

Əgər Rövşən Məmmədov doğrudan da AzTV üçün helikopter almağa çalışıbsa, bunu yalnız və yalnız alqışlamaq olar. Cənubi Qafqazın ən qüdrətli dövləti olduğumuzla fəxr ediriksə; Azərbaycanın regional oyunçuya çevrilmək yolunda iddiasını ortaya qoyuruqsa; Suriya nizamlanmasında Azərbaycanın siyasəti, Qəzzadakı atəşkəsin təminində Azərbaycan sülhməramlı qüvvələri tərəflərin qeyd-şərtsiz qəbul etdiyi reallıqdırsa, bəs, bu cür dövlətin maliyələşdirdiyi kanalın niyə helikopteri olmamalıdır ki?

Regional aktora çevrilməkdə olan və bu potensiala malik ölkənin təbliğat aparatı ən müasir avadanlıqlarla təmin olunmalıdır. Azərbaycan mediası uzun illər ərzində resurs çatışmazlığı, texniki gerilik və motivasiya problemi ilə üzləşib. Dövlət televiziyası kimi önəmli bir orqanın müasir texnika ilə təchiz olunması və yaradıcı heyətin maddi baxımdan stimullaşdırılması əslində ümumi media sisteminə nəfəs vermək deməkdir. Bu, həm də milli informasiya təhlükəsizliyinin tərkib hissəsidir.

Guya, dron çəkilişi olduğu halda helikopterin gərəksizliyi haqda mövqeyə gəlincə, peşəkarlar yaxşı bilir ki, bunlar tamamilə ayrı-ayrı vasitələrdir. Helikopter yalnız “səmadan çəkiliş” üçün deyil, həm də hadisə yerinə çəkiliş qrupunun operativ şəkildə çatmasıdır, səmadan operator və aparıcının ehtiyac olduqda dərhal canlı reportaja başlamasıdır və s.

O ki qaldı Rövşən Məmmədovun “sevimlilərinə” yüksək qonorar verməsinə, bu məsələyə iki cür yanaşmaq olar: Əvvəla, Rövşən Məmmədovun peşəkarlıq dəyərləndirməsi hansı meyarlarla ölçülür? O meyarlar qəbul edilə və yaxud edilməyə bilər, ancaq fakt odur ki, bu, R.Məmmədovun baxışıdır və əlbəttə ki, bu baxışın, bu yanaşmanın öz kadrları olmalıdır, əks halda Rövşən Məmmədovla, məsələn, Arif Alışanovun nə fərqi olar ki?

İkincisi və ən mühümü, Rövşən Məmmədov yaradıcı şəxsə 6-7 min qonorar yazırsa, bu, bir daha AzTV-nin bu gənc sədrinin alqışlanmasından başqa heç nəyə səbəb ola bilməz.

Jurnalist, yazar, yaradıcı insan mütləq və mütləq qonorar almalıdır və min təəssüf ki, hazırda yazılı, onlayn mediada və yaxud televiziyalarda qonorar sistemi sıradan çıxmaqdadır. Sanki bir mexanik işə götürüblər, gün boyu bəlli texniki-informativ işləri görüb, ayda bəlli maaşını almalıdır.

Hanı bəs istedada verilən dəyər? Hanı bəs gecə-gündüz yatıb-oturmadan ortaya qoyulan layihələr, araşdırmalar, məqalələr, ssenarilər və s. Elə AzTV ilə də davam edək: Bu dövlət kanalının siması sayılacaq proqramları ərsəyə gətirənlər rəsmi dövlət strukturunda müəyyən edilən bəlli həddi aşmayan maaş almağa davam edəcəksə və nə etməsindən asılı olmayaraq, bu maddi qiymətləndirmə dəyişməyəcəksə, onda hansı yaradıcılıqdan söhbət gedə bilər?

Ümumiyyətlə, nə qədər yüksək maaş alsa da, yaradıcı şəxs üçün qonorar fərqli hissdir. Məsələ həm də ortaya qoyulan istedad nəticəsinə verilən maddiləşmiş təşəkkürdən, “çox sağ ol”dan gedir.

Rövşən Məmmədov rəsmi dövlət qurumunun dəmir tələbləri ilə məhdudlaşan maaş limitini qonorarla aşıb, yaradıcı komandasını maddi qayğılardan azad edirsə, onları ələbaxımlılıqdan qoruyursa, ona yalnız minnətdar olmaq lazımdır, nəinki ittiham etmək.

Bəlkə də R.Məmmədov hansısa qanunları pozur, verdiyi yüksək qonorarlar rəsmi qaydada təsdiqlənmiş, şəffaf mükafat deyil, rəsmi maaş sistemindən kənar əlavə ödəniş kimi təqdim olunur. Yəni bəzi hallarda əməkhaqqı aşağı göstərilib, fərqi isə qonorar adı ilə verilib. Bu isə formal olaraq maliyyə intizamının pozulması sayılır.

Amma məsələ buradadır ki, dövlət televiziyasının bu cür bürokratik çərçivəyə salınması yaradıcı prosesin ruhuna ziddir. Yaradıcılıq bəzən qaydaların içindən deyil, qaydanı pozmaq cəsarətindən doğur. Məmmədovun bu addımı, əgər doğrudan da AzTV-nin inkişafı, texniki təchizat baxımından üst səviyyəyə qalxması, dövlətimizin adına layiq olması və yaradıcı kollektivin yaxşı yaşaması üçündürsə, ən azı, müxtəlif orqanlarda çalışan həmkarları onu dəstəkləməlidir, “əcəl zəngi” çalmağa can atmamalıdır.

Əgər doğrudan kimsə hamsısa “zəngi” çalınıbsa, eşidilibsə, fikrimizcə, indiki halda o Azərbaycan televiziyasının dirçəlişinə çağırış zəngidir.

Azər

Baku Post

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
70
1
www.bakupost.az

2Источники