RU

Bakıdan Ermənistana buğda qatarı və son “ev tapşırığı”

Ermənistan üçün nəzərdə tutulan buğda konteynerləri böyük fasilədən sonra ilk dəfə Azərbaycan üzərindən keçərək son ünvana yol alıb. Qonşu ölkədəki xoşniyyətli sakinlər hadisədən sevinc və minnətdarlıq hissi keçirsə də, bəd niyyətlilər az qala, yasa batıb olayda yenə “siyasi çalar” axtarmaqdadırlar.

Əfsus ki, ikincilər erməni cəmiyyətində mühüm bir qisim, hətta bəlkə də əksəriyyət təşkil edir. Halbuki söhbət yalnızca Azərbaycanın iki xalq arasında qarşılıqlı etimadı gücləndirməyə yönəlik xoş məramından gedir. Qonşu ölkədə hakimiyyətdə kim olur-olsun, erməni tərəfi buna sevinməlidir ki, ölkənin ərzaq təhlükəsizliyi çoxşaxəli logistika hesabına möhkəmlənəcək. Rusiyanın inhisarçılığı tədricən aradan qalxacaq...

O səbəbə qətiyyən təəccüblü deyil ki, Nikol Paşinyan hökumətinin Bakı və Ankara ilə barışıq siyasətindən ən çox təlaş keçirən məhz Rusiyaya bağlı radikal qüvvələr, “5-ci kolon”dur. Aydındır ki, Ermənistan Azərbaycan və Türkiyə ilə əlaqələri normallaşdıran kimi bu qüvvələrin “kitabı” həmişəlik bağlanacaq. Rusiya isə bu ölkəni əvvəlki kimi rahatca qarışdıra, istədiyi vaxt öz marionetini gətirib hakimiyyətdə oturda bilməyəcək. Hərçənd cəhdlər davam edəcək. Neçə ki, çevriliş cəhdinə görə keşişlərə kimi, neçə-neçə saxlanılan var.

Moskva üçün Ermənistanda 1999-cu ilin 27 oktyabr hadisələrinə (parlamentin gülləbaran edilməsi) bənzər qətliamlar törətmək də asan olmayacaq. Daha bir səbəbə: parlamentin spikeri, onun müavini və daha 7 deputatın öldürülməsi ilə yekunlaşana həmin terror hadisəsi Bakı və İrəvan arasında Qarabağla bağlı gedən sülh prosesindən Moskvanın narazılığı ilə xeyli dərəcədə əlaqəli idisə, artıq Dağlıq Qarabağ konflikti tarixdə qalıb, hətta sülh müqaviləsi paraflanıb. Paşinyan isə ermənilərin Qarabağa dönüşü məsələsinin daha gündəmdə olmadığını açıq şəkildə bəyan və izah edib...

Hazırda Ermənistandakı əhalinin xilası və qurtuluşu üçün tək bir yol görünür - başına gələnlərdən düzgün dərs alıb və hamılıqla daşları ətəyindən töküb iki əsas qonşu ilə düşmənçiliyə son vermək. Məgər 35-37 illik itirilmiş zaman kəsiyi onu nə Rusiyanın, nə də uzaq Fransa və Avropanın ağ günə çıxarmayacağına yəqınlik hasil eləmək üçün yetərli olmadı? Daha nə(lər) baş verməlidir?

Bu qəbil suallar çox, zaman isə az. Əsas seçim də bəlli: yaxınlaşan kritik parlament seçkiləri və referendumla bağlı erməni elektoratı son dərəcə diqqətli olmalı, avantüristlərin və şarlatan-revanşistlərin, Rusiyanın emissarlarının felinə gedib toruna düşməməlidir. Yoxsa erməni xalqı sonuncu tarixi fürsəti də qaçıra, budəfəki səhvin bədəlini qaldıra bilməyəcək. Bunun yaşanmaması naminə Azərbaycanla sülh müqaviləsinin imzalanması üçün cəmiyyət Paşinyan hökumətinə gərəkən dəstəyi verməli, onu Putin Rusiyası ilə baş-başa buraxmamalıdır...

“Emənistan regional əməkdaşlıq və platformalarla maraqlanır”.

Bunu bu gün Ermənistanın xarici işlər naziri Ararat Mirzəyan bildirib.

Nazir Ermənistanın yaxın qonşuları ilə münasibətlərin xarici siyasətdə xüsusi yer tutduğunu, bunlardan ikisi ilə əla münasibətlərin olduğunu, digər ikisi - Azərbaycan və Türkiyə ilə isə inkişaf etdiyini vurğulayıb. “Biz həm ikitərəfli münasibətlərdə, həm də regional çoxtərəfli əməkdaşlıqda maraqlıyıq. Biz əməkdaşlıq etməyə məhkumuq”, - XİN başçısı qeyd edib.

Əlbəttə, qulağa xoş gələn sözlərdir. Yaxşı deyiblər, “avazı yaxşı gəlir, əgər oxuduğu Quran” olsa.

Məsələ də ondadır ki, sözdən işə keçmək vaxtı çoxdan çatıb. Azərbaycan və Türkiyə ilə barışıq üçün yeganə şərt bəlli: konstitusiyanı beynəlxalq hüquqa uyğunlaşdırıb sülh müqaviləsinin yolunu açmaq. Bu, 2026-cı ildə Mirzəyan və hökuməti daxil, ümumən erməni xalqı üçün 1 nömrəli “ev tapşırığı” olacaq...

Analitik xidmət

Избранный
25
1
musavat.com

2Источники