RU

Tramp: Putin mənə Ukrayna münaqişəsini 10 il ərzində həll etməyə çalışdıqlarını dedi...

ABŞ prezidenti bildirib ki, Rusiya lideri müharibənin nizamlanması cəhdlərinin uzun illər nəticə vermədiyini söyləyib...

Poliqon xəbər verir ki, ABŞ prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putinlə son telefon danışığı zamanı Ukrayna münaqişəsinin nizamlanması barədə maraqlı açıqlama eşitdiyini bildirib. Trampın sözlərinə görə, Putin ona Rusiyanın artıq 10 ildir bu münaqişəni diplomatik yolla həll etməyə çalışdığını, lakin buna nail ola bilmədiyini deyib.

ABŞ prezidenti bu barədə Mayamidə keçirilən biznes forumunda çıxışı zamanı danışıb. “Prezident Putinlə iki həftə əvvəl danışdım. O mənə dedi: ‘Biz artıq 10 ildir müharibəni nizamlamağa çalışırıq, amma bacarmadıq’”, – deyə Tramp bildirib. Forumun videoçarxı Ağ Evin YouTube kanalında yayımlanıb.

Donald Tramp çıxışında əlavə edib ki, prezidentliyi dövründə bir neçə beynəlxalq münaqişəni şəxsi diplomatik təmaslar vasitəsilə həll edib. Onun sözlərinə görə, “bəzilərini bir saat ərzində və BMT-nin iştirakı olmadan” nəticələndirmək mümkün olub.

Xatırladaq ki, RusiyaABŞ prezidentləri sonuncu dəfə 16 oktyabrda telefonla danışmışdılar. Həmin görüşdən sonra Tramp Vladimir Putinlə Budapeştdə görüşəcəyini elan etmiş, lakin daha sonra bu görüşün ləğv edildiyini bildirmişdi.

Ekspertlər hesab edirlər ki, Trampın bu açıqlaması həm onun diplomatik fəallığını vurğulamaq, həm də Putinlə dialoqun saxlanıldığını göstərmək məqsədi daşıyır.

Poliqon.info

Избранный
55
poliqon.info

1Источники