RU

Qəzetçilik məktəbini bağlamaq yox, yeniləmək lazımdır » AzadMedia.az

Qəzetçilik
Elnurə Abuşova,
Ailə və Uşaqlara Sosial Dəstək İB-nin sədri


Son günlər mediada səslənən “dövlət qəzetlərə maliyyə ayırmayacaq” fikirləri müxtəlif müzakirələrə səbəb olub. Əslində, burada təəccüblü heç nə yoxdur. Dövlət uzun illərdir bu sahəyə ciddi maliyyə vəsaiti yönəldir. Amma sual yaranır: qəzetlərimiz bu illər ərzində hansı yeniliyə imza atıb, hansı modern media modelini formalaşdıra bilib?

Uzun müddət eyni mövzularda, eyni yazı üslubunda fəaliyyət göstərən, bəzən səhər saytda yayılan materialı axşam qəzetdə dərc edən media orqanları rəqabət qabiliyyətini itirib. Gəlin reallığı etiraf edək; media cameəsinin bütün üzvləri bu vəziyyəti yaxşı bilir.

Qəzetin üstünlükləri danılmazdır. Yazı silinmir, arxiv qalıcı olur, məsuliyyət yükü daha ağırdır. Amma bu üstünlüklərdən faydalanmaq üçün qəzetlər tutarlı faktlara əsaslanan, analitik və yaradıcı yazılar təqdim etməlidirlər. Qəzetçilik bir məktəbdir, və bu məktəbin qapılarını birdən bağlamaq olmaz. Axı bu gün mediada fəaliyyət göstərənlərin əksəriyyəti həmin məktəbdən yetişib.

Jurnalistlər illərdir dövlətin maliyyələşdirdiyi müxtəlif təlimlərdə iştirak edir, sertifikatlar alır. Amma nəticədə yazı üslubu, tədqiqat mədəniyyəti, janr müxtəlifliyi eyni qalır. Qəzetlər həftədə bir neçə dəfə, lakin keyfiyyətli və araşdırma yönümlü yazılarla çıxmalıdır. Dövlət isə öz növbəsində satış nöqtələrinin artırılmasına, sağlam rəqabət mühitinin və şəffaf reklam bazarının formalaşmasına dəstək verməlidir.

Qəzetlər ələbaxımlılıqdan qurtulmalı, söz sahibi olmalı və ictimai etibarını bərpa etməlidir. Təəssüf ki, bəzi hallarda dövlət tərəfindən ən çox maliyyə ayrılan qəzetlərdə belə, bu vəsait redaksiya kollektivinə deyil, birbaşa baş redaktorun şəxsi gəlirinə çevrilir. Hətta bu qəzetlərin mətbəədən birbaşa meyvə yeşiklərinin altına getməsi kimi acınacaqlı hallarla da qarşılaşmışıq.

Belə vəziyyətdə, düşünürəm ki, dövlətin vəsaiti qəzetlərə deyil, jurnalistlərin həyat və iş şəraitinin yaxşılaşdırılmasına yönəldilməlidir. Bunun üçün müvafiq komissiyalar yaradılmalı, vəziyyət yerində öyrənilməlidir.

Bu gün media aləmində orta təbəqə demək olar ki, yoxdur: bir tərəfdə illərlə dövlət dəstəyindən faydalanan, varlanmış Baş redaktorlar, digər tərəfdə isə qonorar və borc arasında yaşayan, fədakar jurnalistlər... Dövlət dəstəyindən kənarda qalan, saytı çətinliklə yaşadan peşəkar jurnalistləri də unutmaq olmaz.

Məvacibi və sosial təminatı yaxşı olan jurnalist artıq kəmiyyətə deyil, keyfiyyətə işləyəcək. Qəzetlər də məhz belə peşəkarlarla yeni nəfəs alacaq, araşdırma yönümlü və maraqlı yazılarla oxucusunu tapacaq.

Əgər sağlam rəqabət və azad reklam bazarı formalaşsa, bu sahədə hər şey dəyişəcək. Lakin hazırda reklam bazarının böyük hissəsi müəyyən şəxslər və qrupların nəzarətindədir. Reklam tapşırıqlarının çoxu formal xarakter daşıyır, bəzən ucuz piar və trolluq qarışılığında təqdim olunur. Belə şəraitdə qəzetçilik inkişafdan yox, yalnız “inkişaf nağıllarından” danışa bilər.

Əslində, qəzetçiliyin inkişafı üçün ən vacib resurs yenə də insan amilidir — vicdanlı, yaradıcı, peşəkar jurnalist.

Избранный
48
1
azadmedia.az

2Источники