RU

9 ayda məhsul buraxılışı 9,4, orta aylıq nominal əməkhaqqı 8,7 faiz artıb

Son illər həyata keçirilən irimiqyaslı layihələr, iqtisadiyyata cəlb olunan investisiyalar  regionların da inkişafına təsirsiz ötüşmür. Regionların inkişafı isə  əhalinin həyat səviyyəsinin yüksəlməsi deməkdir. 

Bu baxımdan, Göygöl rayonu da istisna deyil. Rayon icra hakimiyyəti başçısının müavini, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Arzu Qocayev deyir ki, iqtisadiyyatın əsasını kənd təsərrüfatı təşkil edən rayonda məhsul istehsalını artırmaq üçün bütün imkanlardan maksimum istifadə edilir: "Götürək üzümçülüyü. Rayonda, əsasən, "Bayan-Şirə", "Mədrəsə", "Rkasiteli", "Saperavi", "Kaberne-Savinyon", "Pino" və başqa sortlar becərilir. Hər il olduğu kimi, cari ildə də bağbanlar plantasiyalarda bol məhsul yetişdirməyə nail oldular. Nəticədə 717,7 hektar sahədən 4632,2 ton üzüm yığıldı. Onu da deyim ki, üzüm bağlarımızın böyük hissəsi Göygöl Şərab Zavoduna və "Azəraqroinvest" MMC-yə məxsusdur".

Digər sahələrdə də müsbət göstəricilərə nail olunmuşdur. İqtisadiyyatın əsas sahələri üzrə məhsul buraxılışının dəyəri əvvəlki ilin müvafiq dövrünə nisbətən sabit qiymətlərlə 9,4 faiz artaraq 210 milyon manat olmuşdur. İstehsal edilmiş məhsulun rayon əhalisinin hər nəfərinə düşən dəyəri isə 3227,5 manata çatmışdır. Məhsul və xidmətlərin 68,3 faizi istehsal, 31,7 faizi xidmət sahələrinin payına düşmüşdür. Həmçinin öyrəndik ki, cari ilin ötən dövrü ərzində istehsal edilən kənd təsərrüfatı məhsullarının faktiki qiymətlərlə dəyəri 63 milyon 64,9 min manat olmuşdur. Bunun 41 milyon 66,3 min manatlığı heyvandarlığın, 21 milyon 998,6 min manatlığı bitkiçilik sahəsinin  payına düşmüşdür. Rayon üzrə ümumi məhsul buraxılışında kənd təsərrüfatının xüsusi çəkisi 30 faiz təşkil etmişdir. 2025-ci ilin yanvar-sentyabr aylarında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə kənd təsərrüfatı məhsulları istehsalının dəyəri sabit qiymətlərlə 2,9 faiz artmışdır.

Göygöldə taxılçılığın inkişafına xüsusi fikir verilir. Rəqəmlərə gəldikdə, bu il 4382,5 hektarda dənli bitkilər əkilmişdir. Onun 2310,5 hektarı buğda, 2016,5 hektarı arpa, 55,5 hektarı xəsil olmuşdur. Sahələrdən 12328 ton taxıl götürülmüşdür. Məhsuldarlıq əvvəlki ilə nisbətən 12 sentner artmışdır. 

Hazırda kənd təsərrüfatı məhsullarının yığımı davam edir və oktyabr ayının 1-nə kimi tarlalardan 14897,8 ton dənli paxlalı bitkilər, 112,2 ton qarğıdalı, 2951,3 ton tərəvəz, 2908,8 ton meyvə və giləmeyvə yığılmışdır.

Heyvandarlıqda da müsbət dəyişikliklər var. 9 ay ərzində quş əti də daxil olmaqla, rayon üzrə diri çəkidə 2691 ton ət, 19711 ton süd, 171 ton yun, 8 milyon 837 min ədəd yumurta istehsal olunmuşdur. 2024-cü ilin müvafiq dövrünə nisbətən diri çəkidə ət istehsalı 0,6, süd istehsalı 0,1, yun istehsalı 3, yumurta istehsalı 0,2 faiz artmışdır. Bundan başqa, oktyabrın 1-dək  rayon üzrə 20,5 min baş qaramal (onun 9,9 min başı inək və camışdır), 119,7 min baş qoyun və keçi bəslənilir. 

Yola salınan aylar ərzində  sənaye müəssisələrində məhsul istehsalının dəyəri əvvəlki ilin müvafiq dövrünə nisbətən sabit qiymətlərlə 18,4 faiz artaraq 45 milyon 831,9 min manat olmuşdur. Sənayenin dövlət mülkiyyətində 13 milyon 836 min, qeyri-dövlət mülkiyyətində 31 milyon 995,9 min manatlıq məhsul istehsal edilmişdir. Sənaye məhsullarının həcmində qeyri-dövlət mülkiyyətinin xüsusi çəkisi 69,8 faizə çatmışdır.

Tikinti sahəsində də müsbət dinamika qeydə alınmışdr. 9 ayda  tikinti müəssisələri tərəfindən 34 milyon 683,7 min manatlıq iş yerinə yetirilmişdir ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 31,3 faiz çoxdur.

Rayonda həyata keçirilən tədbirlər əhalinin gəlirlərinə də müsbət təsir etmişdir. Hesabat dövründə orta aylıq nominal əməkhaqqı 728,9 manata çatmışdır ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 8,7 faiz artm deməkdir.

Sabir ƏLİYEV,

"Azərbaycan"

Избранный
54
azerbaijan-news.az

1Источники