RU

Fransa “daşları” yığmağa başladı - Bakıda mühüm görüş

Politoloq: “Paris də artıq anlayıb ki, Azərbaycanın iştirakı olmadan Fransnın regionla bağlı maraqlarını təmin etmək mümkün deyil”

Fransa diplomatları Bakıda danışıqlar aparıblar. Görüş zamanı ikitərəfli münasibətlər və regional məsələlər müzakirə edilib. Bu barədə Fransanın Azərbaycandakı səfiri Sofi Laqut sosial media platforması X-də yazıb.

Diplomatın sözlərinə görə, Azərbaycan paytaxtında hər iki ölkənin diplomatları arasında hərtərəfli və məhsuldar müzakirələr aparılıb. Səfir yazıb: “Fransa Prezidentinin Kontinental Avropa üzrə diplomatik müşaviri Bertrand Buxvalter və Fransa Xarici İşlər Nazirliyinin Kontinental Avropa Departamentinin direktoru Bris Rokfey Azərbaycan Prezidenti Administrasiyasının Xarici Siyasət şöbəsinin müdiri, Prezident köməkçisi Hikmət Hacıyev və Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyovla ikitərəfli münasibətlər və regional məsələləri müzakirə etmək üçün Azərbaycana gəliblər”.

Xatırladaq ki, ötən ay Prezident İlham Əliyev Fransanın ölkəmizə yeni təyin olunan səfiri Sofi Laqutun etimadnaməsini qəbul edən zaman Kopenhagendə Fransa Prezidenti Emmanuel Makronla görüşünü xatırladaraq, həmin görüşün nəticəsində ölkələr arasında anlaşılmazlığa səbəb olan məsələlərin keçmişdə qaldığını söyləmişdi. İkitərəfli gündəlikdə yeni dövrün başladığını vurğulayan dövlət başçısı, ilk növbədə insanlararası və biznes nümayəndələrinin təmaslarının, mədəni, humanitar sahələrdə əməkdaşlığın bərpasının və inkişaf etdirilməsinin önəminə toxunmuşdu.

Bəs əlaqələrin tam qaydaya düşməsindən nə vaxt danışmaq mümkün olacaq? Rəsmi Paris hansı addımları atmalıdır?

Yusif

 Yusif Bağırzadə

Politoloq Yusif Bağırzadə “Yeni Müsavat”a bildirdi ki, Fransa diplomatlarının Bakıya səfəri və danışıqlar aparması uzun fasilədən sonra ilk real diplomatik təmaslardan biri kimi dəyərləndirilə bilər: “Görüş zamanı ikitərəfli münasibətlər, regional vəziyyət və sülh prosesi müzakirə olunub ki, bu da tərəflərin qarşılıqlı etimadı bərpa etmək üçün yeni mərhələyə keçdiyini göstərir. Şübhəsiz ki, Fransa üçün bu danışıqlar rəsmi Parisin Cənubi Qafqazda yenidən aktiv diplomatik xətt qurmaq istəyi ilə bağlıdır. Məlumdur ki, Fransa uzun bir dövr ərzində açıq şəkildə Ermənistanı dəstəkləyən mövqe sərgiləyib. Ermənistan ordusuna silah tədarükü və hərbi təlimlərin keçirilməsi, Fransa parlamentində Azərbaycan əleyhinə qətnamələrin qəbul edilməsi, Qarabağ münaqişəsi dövründə birmənalı şəkildə Ermənistanı müdafiə edən ritorika və beynəlxaq təşkilatlarda Azərbaycan əleyhinə aparılan kampaniya buna əyani misaldır. Fransanın bu siyasəti isə haqlı olaraq rəsmi Bakının Fransaya olan etimadını ciddi şəkildə zədələdi və iki ölkə arasında diplomatik əlaqələr uzun müddət minimal səviyyəyə endi. Odur ki, indi Bakıda keçriilən görüş, ilk növbədə, Fransanın balanslı münasibətlərə qayıtmaq niyyətində nə qədər səmimi olduğunu yoxlamaq baxımından əhəmiyyətlidir”.

Politoloqun fikrincə, əslində Fransa hakimiyyəti də artıq anlayıb ki, Azərbaycanın iştirakı olmadan regionda heç bir sülh və təhlükəsizlik arxitekturası qurmaq və ya hər hansı bir şəkildə regionla bağlı Fransa maraqlarını təmin etmək mümkün deyil: “Lakin bunu anlamaq bir şeydir, praktik addımlar başqa şey. Ona görə də münasibətlərin tam normallaşması üçün rəsmi Parisin praktik addımlar atması vacibdir. Yəni Ermənistanla hərbi əməkdaşlığın balanslaşdırılması, Azərbaycanın suverenliyinə açıq şəkildə hörmət nümayiş etdirməsi, Qarabağ mövzusunu birdəfəlik unutması lazımdır. Əgər Fransa bu istiqamətdə real dəyişikliklər edəcəksə, o zaman qarşılıqlı etimadın bərpa olunması da mümkün olacaq. Yəni başqa sözlə, baş vermis görüş və aparılan müzakirələr diplomatik münasibətlərin bərpası istiqamətində ilk pozitiv siqnal sayılsa da, Azərbaycan-Fransa münasibətlərində tam normallaşmaya nail olmaq üçün Fransa tərəfinin konkret addımlar atmasına ehtiyac var”.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

 

 

Избранный
16
musavat.com

1Источники