BAKI, 6 noyabr. TELEQRAF
“Bir sıra müxalif partiyaların qadağan olunması ölkədə demokratiyanın müdafiəsi üçün zəruridir, çünki həmin siyasi qüvvələr Gürcüstan dövlətçiliyinə qarşı çıxır və mövcud hakimiyyəti tanımırlar”.
Teleqraf xəbər verir ki, bunu Gürcüstan Baş naziri İrakli Kobaxidze deyib.
“Bu, ölkəmiz üçün mühüm məsələdir. Görürsünüz ki, ölkəmiz və onun siyasi sistemi sanki bir dairədə ilişib qalıb. Ölkədə narahatlıq yaradan cinayətkar qruplaşma və xarici agentura mövcuddur. Bunlar mahiyyət etibarilə antidemokratik və antikonstitusion qüvvələrdir və daim ölkənin konstitusion quruluşunu devirməyə çalışırlar. Belə şəraitdə, əlbəttə, demokratik sistem özünü müdafiə etməlidir”, - o bildirib.
Xatırladaq ki, bundan əvvəl hakim partiya “Gürcü Arzusu” Konstitusiya Məhkəməsinə müraciət edərək, sabiq prezident Mixeil Saakaşvilinin “Vahid Milli Hərəkat”, eləcə də “Dəyişikliklər uğrunda Koalisiya” və “Güclü Gürcüstan” partiyalarının qadağan olunmasını tələb edib. Müvafiq qurum işi qeydə alıb.