RU

Məşhur sızanaq dərmanı şizofreniya riskini azaldırmış

Elm dünyasını təəccübləndirən yeni araşdırma antibiotiklərin beyin sağlamlığına təsiri ilə bağlı fikirləri dəyişə bilər.

Milli.Az xəbər verir ki, Edinburgh Universitetinin, eləcə də Finlandiya və İrlandiya alimlərinin apardığı genişmiqyaslı tədqiqatda məlum olub ki, infeksiyalar və sızanaqların müalicəsində geniş istifadə olunan dok­sisiklin adlı antibiotik gənclərdə şizofreniya riskini xeyli azaldır.

"American Journal of Psychiatry" jurnalında dərc edilən araşdırmada Finlandiyada psixiatrik yardım alan 56 mindən çox yeniyetmənin tibbi məlumatları təhlil olunub. Nəticələr göstərib ki, doksisiklin qəbul edən şəxslərdə gələcəkdə şizofreniya inkişaf etmə ehtimalı bu dərmanı qəbul etməyənlərlə müqayisədə 30-35 faiz daha azdır.

Alimlərin fikrincə, bu qoruyucu təsir dərmanın iltihab əleyhinə xüsusiyyətləri və beynin neyron əlaqələrini "təmizləmə" mexanizminə təsiri ilə əlaqəli ola bilər. Normalda bu proses beynin səmərəli işləməsi üçün vacibdir, lakin pozulduqda psixi pozğunluqlara gətirib çıxara bilər.

Tədqiqatçılar bildirirlər ki, hələlik bu nəticələr müşahidə xarakterlidir, lakin gələcəkdə iltihab əleyhinə preparatların ağır psixi xəstəliklərin profilaktikasında istifadəsinə yol aça bilər.

İsmayıl
Milli.Az

Избранный
9
1
milli.az

2Источники