RU

Şuşa qələbəsi: Zəfərdən tam suverenliyə



Hər bir xalqın tarixində qüdrət və milli qürurunun təntənəsini əks etdirən müqəddəs günlər var. Azərbaycan üçün belə bir tarix 8 Noyabr – Zəfər Günüdür. Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə təsis edilən 8 Noyabr – Şuşa Şəhəri Günü isə Vətən müharibəsində qazanılmış tarixi qələbənin, xüsusən də həlledici Şuşa Zəfərinin əbədiləşdirilməsi məqsədini daşıyır. Bu gün, 28 illik həsrətə son qoyaraq, xalqımızın qəhrəmanlığının və milli qürurunun təntənəsinə çevrilən möhtəşəm bir nailiyyətdir.

Şuşasız işin yarımçıq qalacağını bəyan edən Prezident İlham Əliyevin qətiyyəti və Ulu Öndər Heydər Əliyevin təməlini qoyduğu güclü Azərbaycan Ordusu bu tarixi qələbənin əsasını təşkil etdi. İldən-ilə artan iqtisadi-hərbi potensial, ən müasir silah-sursatla təminat və gənc nəslin vətənpərvər ruhu bizi bu hədəfə addım-addım yaxınlaşdırdı. Nəticədə, BMT Təhlükəsizlik Şurasının 27 il kağız üzərində qalan dörd qətnaməsini Azərbaycan döyüş meydanında özü icra etdi. Şuşa əməliyyatı bütün Qarabağ Zəfərinin zirvəsi kimi qiymətləndirilir. Əlverişli mövqedə yerləşən, tank və zirehli texnika ilə silahlanan düşmənin qarşısına qəhrəman döyüşçülərimizin yüngül silahlarla çıxması, sıldırım qayaları və dərin dərələri aşaraq uzun məsafə qət etməsi yüksək peşəkarlıq, fədakarlıq və inam tələb edirdi. Bu, bir əsgərin belə döyüş meydanından yayınmadığı, on minlərlə fərarinin olduğu düşmən ordusuna qarşı Vətən eşqi ilə irəliləyən bir Ordunun qəhrəmanlıq dastanı idi. Müzəffər Ali Baş Komandanın dediyi kimi, “Bu tarixi Qələbəni döyüş meydanında qazandıq, danışıqlar masası arxasında yox.” Bu, "məğlubedilməz erməni ordusu" mifini birdəfəlik darmadağın edən şanlı bir dərs idi.
Şuşa Zəfəri sadəcə bir şəhərin azad edilməsi deyildi; bu, Azərbaycanın ərazi bütövlüyünün və milli birliyinin bərpası yolunda həlledici addım idi. Prezident İlham Əliyevin Şəhidlər Xiyabanında bəyan etdiyi "Dəmir yumruq" birliyimizin və qüdrətimizin sarsılmaz rəmzinə çevrildi. Bəzilərinin proqnozlarının əksinə olaraq, Azərbaycan 2020-ci ilin nəticəsi ilə kifayətlənmədi. Zəfər yürüşünün məntiqi davamı olan 2023-cü ilin sentyabrın 19-20-dəki antiterror əməliyyatı cəmi 23 saat 48 dəqiqə çəkdi və düşmən yenidən ağ bayraq qaldırmağa məcbur edildi. Bununla da, Qarabağda separatçı rejimə birdəfəlik son qoyuldu. Xankəndi, Xocalı, Xocavənd, Əsgəran və Ağdərədə Dövlət Bayrağımızın ucaldılması Azərbaycan Respublikasının tam suverenliyini təmin etdi. Bu şanlı qayıdışdan sonra Şuşada həyata keçirilən quruculuq işləri Zəfər ruhunun davamıdır. Belə ki, Zəfər Yolu (101 km) tikilərək Şuşaya giriş asanlaşdırılıb, şəhərsalma prosesi Baş Plan əsasında aparılır, ilk sakinlər köçürülür, yeni yaşayış kompleksləri tikilir. Eyni zamanda, "Şuşa" yarımstansiyası, su-təmizləyici qurğular kompleksi, Şuşa Radio-Televiziya Yayım Stansiyası fəaliyyətə başlayıb, Şuşa şəhəri 1 nömrəli tam orta məktəbin açılışı, modul tipli xəstəxananın və Şuşa Müalicə-Sağlamlıq Mərkəzinin inşası davam edir. Şuşa Şəhəri Günü təkcə keçmiş qüruru xatırlatmaq deyil, həm də “Əziz Şuşa, biz səni dirçəldəcəyik!” vədinin gerçəkləşməsinin şahidliyi günüdür. Bu şanlı tarix təkcə bizim üçün deyil, gələcək nəsillər üçün də qürur mənbəyi olaraq qalacaq. Biz xəyalların gerçəkləşdiyi Azərbaycanın, qalib ölkənin qalib vətəndaşları olmağın tükənməz sevincini yaşayırıq.

Ilqar Kərimov,
YAP Tovuz Rayon Təşkilatının sədr müavini




Избранный
5
aia.az

1Источники