RU

“İki həftəyə atom bombası hazırlaya bilərik” hədə-qorxusu

Tehranın növbəti addımı müharibəyə, yoxsa dialoqa səbəb olacaq?

Hərbi zərbələr bəzən problemi həll etmir, sadəcə, onu görünməzə çevirirr. Alovu söndürür, lakin külün altındakı közu qoruyub saxlayır. Bu yaxınlarda ABŞ-nin İranın nüvə obyektlərinə endirdiyi və Prezident Tramp tərəfindən “təsirli hərbi uğur” kimi təqdim edilən “Gecə yarısı zərbəsi” əməliyyatından sonra yaranan sükut aldadıcı sakitlik idi. İndi isə həmin külün altından qalxan tüstü bütün Yaxın Şərqin səmasını yenidən bürüməyə başlayıb.

İslam Respublikası Ali Liderinin müşaviri Cavad Laricaninin İranın iki həftədən az müddətdə atom bombası yarada biləcəyi barədəki bəyanatı ritorik atışma mənası daşımır. Bu, Vaşinqtonun endirdiyi “çəkic” zərbəsinin İranın nüvə iradəsini sındırmadığını, əksinə, onu daha da cəsarətləndirərək strateji qeyri-müəyyənlik pərdəsini kənara atmağa vadar etdiyini göstərən cavab notasıdır. Laricaninin bəyanatının hər bir cümləsi İranın onilliklər boyu formalaşdırdığı strateji qeyri-müəyyənlik doktrinasının klassik nümunəsidir. Bir tərəfdən o, ölkəsinin texniki imkanlarını bütün dünyaya bəyan edir: “Ölkə iki həftədən az müddətdə atom bombasına sahib ola bilər”. Bu cümlə ABŞ və İsrailin hərbi zərbələrinin İranın nüvə proqramının beynini elmi potensialını və texnoloji bacarıqlarını məhv edə bilmədiyinin açıq etirafıdır. Yəni, dağıdılan zavodları yenidən tikmək olar, lakin alimlərin beynindəki biliyi bombalamaq mümkün deyil.

Bu, Tehranın Vaşinqtona göndərdiyi mesajıdır: “Sizin çəkiciniz bizim infrastrukturumuzu əzə bilər, lakin iradəmizi və qabiliyyətimizi qıra bilmədi”.

Eyni zamanda, Laricani dərhal əlavə edir: “...Lakin biz dinimizə sadiqik”. O, Ali lider Ayətullah Xameneinin kütləvi qırğın silahlarının yaradılmasını və istifadəsini qadağan edən məşhur ifadəsinə istinad edərək İranın hələlik bu yola getmək niyyətində olmadığını vurğulayır. Həmin ifadə fars hüququndakı dərin kökləri ilə Tehranın diplomatiyasında uzun illərdir həm müdafiə qalxanı, həm də mənəvi üstünlük arqumenti rolunu oynayıb. Bu ikili yanaşma bir tərəfdən texniki qabiliyyətin nümayişi, digər tərəfdən dini və mənəvi məhdudiyyətlərin vurğulanması Tehranın əsl məqsədini ortaya qoyur. Laricaninin nüvə potensialının genişləndirilməsini çəkindirici amil kimi görməsi, məhz həmin strategiyanın etirafıdır.

Bu, ilk belə bəyanat deyil. Hələ aprel ayında iyun müharibəsindən əvvəl, Ali liderin digər müşaviri və parlamentin sabiq sədri Əli Laricani İran dövlət televiziyasına müsahibəsində oxşar fikir səsləndirmişdi. O demişdi ki, əgər ABŞ tərəfindən birbaşa hücum olarsa, İranın nüvə silahı yaratmaqdan başqa çıxış yolu qalmayacaq. Əli Laricaninin bəyanatı "qırmızı xətt" cızmaq cəhdi idi. Cavad Laricaninin indiki bəyanatı isə artıq həmin xəttin keçildiyi reallıqda səslənir. Bu, artıq post-faktum qiymətləndirmədir. Tehran demək istəyir ki, ABŞ hücum etdi və bununla da İranın əl-qolunu açdı. İndi fətvaya sadiqlik, sadəcə, Tehranın xoş məramından asılıdır və hər an dəyişə bilər. Bu, danışıqlar masasında İranın mövqeyini gücləndirən, qarşı tərəfi daha böyük güzəştlərə məcbur etməyə yönəlik riskli diplomatik gedişdir.

Hadisələrin bu həddə gəlib çatmasının səbəbini anlamaq üçün iyun ayında baş verən hadisələri bilmək zəruridir. 12 günlük İran–İsrail müharibəsi, regionda onsuz da mövcud olan bütün gərginlikləri partlama həddinə çatdırdı. Həmin münaqişənin detalları tam açıqlanmasa da, aydın olan odur ki, müharibənin uzanması və potensial olaraq bütün Yaxın Şərqi əhatə etməsi riski Vaşinqtonu birbaşa müdaxiləyə məcbur etdi. İyunun 22-də ABŞ-nin Hərbi-Hava və Hərbi-Dəniz Qüvvələri “Midnight Hammer” əməliyyatına başlayaraq İran ərazisinə birbaşa zərbələr endirdilər. ABŞ prezidenti Donald Trampın əməliyyatı şəxsən elan etməsi və detallarını açıqlaması Vaşinqtonun bu addımı nə qədər ciddiyə aldığını göstərirdi. Tramp bəyan etdi ki, Amerika aviasiyası İranın nüvə proqramına aid üç əsas obyektə dağların dərinliyində yerləşən Fordo, uranın zənginləşdirilməsi üzrə əsas mərkəz olan Natanz və nüvə yanacağı istehsalında mühüm rol oynayan İsfahan komplekslərinə uğurlu zərbələr endirib. O, “Truth Social” sosial şəbəkəsindəki paylaşımında daha da irəli gedərək yazdı: “İranın uranın zənginləşdirilməsi üzrə ən iri zavodları tamamilə məhv edildi.”

Daha sonra xalqa müraciətində Tramp bu əməliyyatı “təsirli hərbi uğur” adlandıraraq hər üç obyektin “tamamilə məhv edildiyini” və “terrorun əsas sponsoru” olan ölkədən gələn nüvə təhlükəsinin aradan qaldırıldığını bildirdi. Vaşinqton demək istəyirdi ki, o, öz hədəflərinə çatıb və müharibənin davam etməsində maraqlı deyil.

Ancaq məhz Trampın "tamamilə məhv edildi" ifadəsi bu gün Cavad Laricaninin bəyanatına zəmin yaradan əsas amildir. Hərbi ekspertlər o zaman da şübhə ilə yanaşırdılar ki, hava zərbələri ilə, xüsusən Fordo kimi dərinliklərdə yerləşən bir obyekti tamamilə məhv etmək praktiki olaraq mümkün deyil. Zərbələr infrastruktura ciddi ziyan vura, sentrifuqaları (maye və ya qaz qarışıqlarını onların sıxlığına görə ayırmaq üçün istifadə olunan cihazlardır) sıradan çıxara və proqramı illərlə geri ata bilər, lakin İranın elmi-texniki potensialını sıfırlaya bilməzdi. İndi Tehran Trampın həmin maksimalist bəyanatından istifadə edərək ABŞ-nin əməliyyatının əslində uğursuz olduğunu və ya ən azından gözlənilən nəticəni vermədiyini iddia etmək üçün mənəvi haqq qazanmış olur.

Bu mürəkkəb prosesdə İranın daxilində cərəyan edən prosesləri də nəzərdən qaçırmaq olmaz. Laricani kimi liderlərin barışmaz bəyanatları İran siyasi elitasının yalnız bir qanadını təmsil edir. Prezident Məsud Pezeşkian administrasiyasının daha barışdırıcı siqnalları və diplomatik həll yollarına üstünlük verməsi fonunda, Laricaninin çıxışı həm də daxili güc mübarizəsinin bir təzahürü kimi oxuna bilər. İnqilab Keşikçiləri Korpusu və ona yaxın olan mühafizəkar dairələr ABŞ ilə hər hansı bir güzəştə getməyin əleyhinədir və onlar nüvə proqramını rejimin təhlükəsizliyinin yeganə qarantı kimi görürlər. Onlar bu cür sərt bəyanatlarla həm ABŞ-yə xəbərdarlıq edir, həm də Pezeşkian hökumətinin manevr imkanlarını məhdudlaşdırmağa çalışırlar. Məsud Pezeşkian isə iqtisadi sanksiyaların ağır yükü altında əzilən ölkəni bu izolyasiyadan çıxarmaq üçün Qərblə yeni dialoq başlatmağın yollarını axtarır. Bu, Tehranın siyasətindəki ənənəvi ikiliyi bir tərəfdən prinsipial müqavimət ritorikası, digər tərəfdən isə praqmatik həll axtarışını bir daha nümayiş etdirir. Bu baxımdan, Laricaninin sözləri İranın yekun qərarı yox, daxildə gedən mürəkkəb müzakirələrin su üzünə çıxan bir parçasıdır.

Yaxın Şərq yenidən son dərəcə təhlükəli mərhələyə qədəm qoyur. "Gecə yarısı çəkici" əməliyyatı problemi həll etmədi, sadəcə onu bir müddətlik dondurdu və indi problem daha kəskin formada geri qayıdır. Hər iki tərəf özünü müəyyən mənada haqlı sayır. Vaşinqton İranın nüvə proqramının hərbi yolla cilovlandığını və təhlükənin aradan qaldırıldığını düşünür. Tehran isə birbaşa hərbi təcavüzə məruz qaldığını, lakin buna baxmayaraq nüvə qabiliyyətini qoruyub saxladığını və indi daha güclü çəkindirmə amilinə malik olduğunu iddia edir.

Qarşıdakı aylar həlledici olacaq. Cavad Laricaninin bəyanatı ya yeni və daha dağıdıcı hərbi eskalasiyanın başlanğıcı olacaq, ya da tərəfləri reallığı qəbul edərək, yeni diplomatik prosesə başlamağa məcbur edəcək. Hərbi zərbələrin problemi kökündən həll etmədiyi artıq aydındır. Yeganə çıxış yolu İranın təhlükəsizlik narahatlıqlarını nəzərə alan, eyni zamanda onun nüvə proqramı üzərində sərt və şəffaf beynəlxalq nəzarəti təmin edən hərtərəfli sazişin hazırlanmasıdır. Prezident Pezeşkian administrasiyasının mövcudluğu bu dialoq üçün fürsət pəncərəsi aça bilər.

Yusif ŞƏRİFZADƏ
XQ

Избранный
15
1
xalqqazeti.az

2Источники