RU

Çelsi nin unutmayacağı gecə...

ain.az, Azpost saytına istinadən bildirir.

Unutmayacağımız gecə

Kaşuk o topu vursaydı…

Vursaydı, bəlkə də ürəyimiz dayanardı sevincdən.

Sonrakı qələbələrə də nəsə saxlamaq lazımdır. O qələbələr ki, hələ qabaqdadır və şübhəsiz ki, yaşanacaq. Başda Qurban Qurbanov olmaqla “Qarabağ” elə bir iş görüb və görməkdə də davam edir ki, bunu izah etməyə söz tapmaq olmur. Möcüzə deyil, nəsə başqa şeydi. Məntiqə sığmayan, reallıqla uzlaşmayan bir məhfumdu. Burada məntiq acizdi.

“Zadəganlar”ın “göylə getməsi”

Enzo Mareska start heyətində 7 nəfər ehtiyat oyunçuya şans verməsiylə bizimlə matça münasibətini ortaya qoymuşdu. İtalyan mütəxəssis həm həftəsonu Premyer Liqada keçirəcəkləri “Vulverhempton” matçını düşünüb əsas heyətdəkiləri qorumaq niyyətini, həm də “bir ayaqla” Bakıdan 3 xalla rahat qayıdacaqlarına inamını göstərmişdi. Bizə də bu lazım idi. Çünki yetərincə tanınmış və istedadlı futbolçulardan qurulan bu komanda 90 dəqiqənin startından tam gücü və konsentrasiya ilə oynasaydılar, xal qazanmağımız çətin olardı. Onlar bizə “yuxarıdan-aşağı” baxmalı, boşalmalı, biz də bundan maksimum istifadə etməliydik. Ki, belə də oldu.

Həmişəki heyət

İngilis həmkarından fərqli olaraq Qurban Qurbanov gözlənilən heyəti meydana çıxarmış, heç bir sürpriz etməmişdi. Əsas maraqlı olan komandanın oyunu necə keçirəcəyi, güclü rəqibinə qarşı hansı həmləni edəcəyi idi. Artıq ilk dəqiqələrdən bunu görə bildik. Oyundan öncəki yazımda da qeyd etmişdim ki, “Çelsi”ni ancaq onu topsuz qoymaqla “ovlamaq” olar. Təbii ki, dildə bunu demək asandı, əsas bunu meydanda tətbiq etməkdi. Amma başqa çıxış yolu da yox idi. Müdafiədən təhlükəli paslaşma ilə çıxan “Qarabağ”, rəqibi pressinqə dəvət edib arxada boşluqlar verməsini gözləyirdi. Bu məqamda diqqətli olmaq, ötürmələrdə kobud səhvə yol verməmək gərəkirdi. Müdafiədən çıxandan sonra iş orta xəttə düşəcəkdi. Amma burada axsadıq. Xüsusilə Kadi və Zubir özünə bənzəmədi. Bunun bir səbəbi də rəqibin bizi yaxşı öyrənməsi və bu oyunçuların açar oyunçular olmasını bilərək faktiki fərdi pressinq tətbiq etməsiydi. Müasir futbolun əsas elementlərindən biri olan bu fəndi orta xətdə eləmək çətindi, amma “Çelsi” buna getdi. Mark Kukurelyanın Kadinin əməlli-başlı nəfəsini kəsməsini izləmək bir başqa dərslik idi. Braziliyalının faydalı iş əmsalı düşdüyündən həm hücuma çıxmaqda çətinlik çəkirdik, həm də hücumda lazımi təzyiqi təmin edə, pressinqimizi dərinləşdirə bilmirdik. Bu baxımdan onun zədələnməsi üzücü olsa da, sanki yerinə düşdü. İlk hücumdaca qol vurduq, ardından təzyiqimizi davam etdirərək ikinci dəfə də rəqibi meydanın mərkəzinə dəvət edə bildik. Hər iki qolda Kamilo Duran möhtəşəm oynayaraq Hatonun “başına oyun açdı” və fasiləyə üstün yollandıq.

Məşqçi müdaxiləsi

Sonrası da yaxşı ola bilərdi. Oyunun əldən getməməsi üçün əlindəki Enzo, Qarnaço və Delap kimi keyfiyyətli materialı döyüşə atan Mareska istəyinə çatdı. Ancaq buna qədər biz meydanda əla top gəzdirir, rəqibin mübarizlik ruhunu aşağı salmağa nail ola bilirdik. Bu məqamda komandada ən çox etibar edilən futbolçu – Marko Yankoviçin fərdi səhvi bizə baha gəldi. İcazənizlə, dünənki analiz yazımdan daha bir cümləmi çıxarış edim. Yazmışdım ki, “burada (yarımmüdafiədə) çox təhlükəli və amansızdılar, səhvləri bağışlamırlar”. Təəssüf ki, belə də oldu. “Çelsi” kimi nəhənglərə fərqlənmək üçün bir yox, yarım şans belə bəs edir. Əsas olan bundan sonra ayaqda qalmaq, toparlanaraq irəli gedə bilməkdi. “Qarabağ” bunu bacardı, hətta sonda 3 xalı əldən verdi. Kaşuk o son toxunuşu dəqiq edə bilsəydi, indi başqa şeylərdən danışırdıq. Buna qədər isə Qurban Qurbanov çox nadir hallarda etdiyi və adətən uğursuz alınan gedişini etdi. “Köhlən atlar” 5-li müdafiəyə keçərək cərimə meydançımızın içində artan təhlükənin qarşısını ala bildilər. Amma bu həmlə yalnız hesabı qorumaq məqsədi güdmürdü. Müdafiənin mərkəzində bir adamın çoxalması həm top trafikini yüksəltmiş, həm də “zadəganlar”ın gözləmədiyi halda hücuma həm orta, həm də cinahlardan çıxmağımıza davam etməyə imkan vermişdi. Təsadüfi deyil ki, oyunun sonlarına yaxın ardıcıl təhlükəli epizodlar yaradaraq qola daha çox yaxınlaşdıq. Qurban Qurbanov sanki bu gedişlə italiyalı həmkarını aldatmağı bacardı. Hə, o ayrı məsələ ki, onun əlinin altında şansları yüksək əmsalla dəqiq yerinə yetirən futbolçular yoxdu və Hoca bu baxımdan taleyi ilə barışıb. Hər halda, həm bu gözəl həmlə, həm də bütünlükdə bu oyun Qurban Qurbanovun növbəti böyük əsərlərindən biridir.

Unuda bilməyəcəklər!

“Qarabağ” dünya nəhəngini Bakıdan cəmi 1 xalla yola saldı. Əminliklə söyləmək olar ki, “Çelsi”nin bəxti gətirdi və heç o xalı da əldə etməyə bilərdilər. Təmsilçimiz həm dünya səviyyəli futbol nümayiş etdirdi, həm adlı-sanlı rəqibindən qorxmadı, həm də onun oyunöncəsi məşq və konfrans addımı, həmçinin start heyəti ilə verdiyi saymazyanalıq mesajlarının cavabını artıqlamasıyla verdi. Komandada hər kəs meydançanın hər qarışı üçün mübarizə apardı, gərəkdiyi zaman müdafiə olundu, gərəkdiyi zaman pressinq etdi, döyüşdü, var gücünü ortaya qoydu. Final fitindən sonra futbolçular meydançanı dövrə vuranda hər şey aydın göründü. Oyunçular o qədər yorulmuşdular ki, xüsusi bayram etməyə, tribunalara qaçıb azarkeşlərlə birlikdə coşmağa nə taqətləri, nə də enerjiləri qalmamışdı. Hamısını 90 dəqiqədə meydanda qoymuşdular.

Tribunalar demişkən, onları da unutmayaq. Oyunun vacib anlarında onlar da bu axına qoşularaq öz dəstəklərini verdilər, rəqibə də, hakimə də təzyiq edərək çox da cizgini keçməməsini təmin etdilər. Bir sözlə, bütöv, tam bir uğur, hamılıqla qazanılan qələbəyə bərabər bir xal oldu. Özümüz-özümüzü təbrik edə bilərik. İngilislərin dünyaca məşhur “San” qəzeti oyun bitən kimi matçla bağlı yazıya “Azərbaycanda “Çelsi”nin unutmaq istəyəcəyi gecə” başlığını atdı. Amma onlara demək lazımdır ki, bu, elə də asan olmayacaq. Hələ uzun müddət xatırlayacaqlar bizi, hələ uzun müddət danışacaqlar onların unutmaq istədiyi, bizim isə unutmaq istəmədiyimiz və heç vaxt da unutmayacağımız bu gözəl gecədən.

Çox gözəl gecə idi. Zəfər gecəsi.

5 il əvvəl Qarabağda silah topla yazdığımız tarixi, bu gün “Qarabağ” dəri topla təkrarlayır.

Necə də möhtəşəm, yaşanılası günlərdir…

Sizə isə, “Welcome and good bye”, hörmətli “zadəganlar”!

Kənan MƏSTƏLİYEV

AzPost.az

Paylaş

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
5
2
azpost.info

3Источники