RU

Nyu-York sosial narazılığa səs verdi

34 yaşlı merin qələbəsi siyasi seçimdə yeni mərhələ açır

Nyu-Yorkda keçirilən mer seçkilərində Demokratlar Partiyasının namizədi, 34 yaşlı Zöhran Mamdaninin qələbəsi ABŞ-da və onun hüdudlarından kənarda böyük rezonans doğurdu.

Seçkilərin nəticələrini şərh edən siyasi müşahidəçilərin sözlərinə görə, bu hadisə yalnız şəhər siyasətinin deyil, bütövlükdə Amerika siyasi sistemində baş verən gərginliklərin yeni mərhələsini göstərir. Beynəlxalq mətbuat da seçkilərin nəticələrini sosial narazılıq, ideoloji qütbləşmə və ölkədə güclənən siyasi qarşıdurma kontekstində şərh edir.

ABŞ mediası hesab edir ki, Zöhran Mamdaninin qələbəsi ideoloji dönüşün nəticəsi kimi deyil, sistemdən narazılığın toplanmış forması kimi ortaya çıxıb. Məsələn, “Fox news” yazır ki, Nyu-York sosial baxışlara görə deyil, mövcud nizamlama və iqtisadi ədalətsizlikdən yorulduğuna görə Mamdanini seçdi. Bu tendensiya müəyyən mənada prezident Donald Trampın yüksəliş dövrünü xatırladır: o zaman da bəzi amerikalılar özlərini unudulmuş sanır, sistemə qarşı etirazını seçki sandığında ifadə edirdilər. İndi isə oxşar emosiyalar başqa siyasi qütbə işləyir.

“The New York Times” qəzeti isə qeyd edir ki, Mamdani bütün sosial problemləri həll edə bilməsə də, real dəyişiklik üçün imkanlar mövcuddur. Şəhərdə münasib qiymətli yaşayış evlərinin çatışmazlığı, təhsil və uşaq bağçalarının əlçatan olmaması, nəqliyyat sisteminin yüklənməsi artıq uzun müddətdir siyasi gündəmin əsas hissəsinə çevrilib. Əgər Mamdani təhlükəsizlik səviyyəsini 2010-cu illərin əvvəlindəki kimi bərpa etməyə, sosial xidmətləri genişləndirməyə və yüksək maaşlı iş yerlərinin sayını artırmağa nail olsa, Nyu-Yorkun ən uğurlu merlərindən biri kimi yadda qala bilər.

Seçkilərin nəticəsi ABŞ siyasətində yeni qarşıdurma xəttini də kəskin şəkildə üzə çıxardı. Britaniyanın “The Times” qəzeti yazır ki, Mamdani ilə prezident Tramp arasında açıq siyasi müharibə artıq real faktdır. Cənab Tramp onu kommunist və “yəhudi düşməni” adlandırmaqla öz elektoratına mesaj verir, Mamdani isə çıxışlarında özünü prezidentin “ən pis kabusu” kimi təqdim edir. Demokrat Partiyasında rəsmi lider fiqurunun olmaması fonunda Mamdaninin tezliklə partiyanın əsas simalarından birinə çevrilə biləcəyi istisna edilmir.

Almaniyanın “Der Spiegel” nəşri Mamdaninin qələbə nitqini siyasi bəyanat kimi dəyərləndirir. O, seçicilər qarşısındakı çıxışında ABŞ prezidentinə birbaşa müraciət ünvanladı və “siyasi qaranlığın” qarşısında Nyu-Yorku “işıq” kimi təqdim etdi. Qəzet hesab edir ki, bu ritorika yerli seçkilərin məhdud çərçivədən çıxaraq milli siyasi səhnəyə daşındığını göstərir.

İsveçrənin “Le Temps” qəzeti də Mamdaninin qələbəsini prezident Tramp siyasətinə qarşı ilk ciddi mesaj adlandırır. Nəşr iddia edir ki, ölkədə sosial narazılıq artır: işsizlik təhlükəsi, səhiyyə və sosial xərclərin ixtisarı, gömrük tarifləri səbəbindən inflyasiya riski əhalinin böyük hissəsində narahatlıq yaradır. Mamdaninin qələbəsi bu narahatlığın siyasi ifadəsi kimi qiymətləndirilir və analitiklər bu prosesin digər iri şəhərlərdə də təkrarlana biləcəyini istisna etmirlər.

Bütün bu qiymətləndirmələr fonunda Nyu-York seçkiləri ABŞ cəmiyyətində artan sosial bərabərlik tələblərinin, siyasi qarşıdurmanın və ideoloji qütbləşmənin yeni mərhələyə keçdiyini nümayiş etdirir. Analitiklərin sözlərinə görə, Mamdaninin mer postundakı uğuru və ya uğursuzluğu yalnız şəhərin deyil, Demokrat Partiyasının, hətta Tramp administrasiyasının gələcək siyasi taleyinə təsir göstərə bilər. Nyu-Yorkun yaxın illərdə sosial və iqtisadi idarəçilik modelinin ABŞ siyasətində alternativ yol axtarışının nümunəsinə çevrilə biləcəyi də iddia olunur.

Beləliklə, Zöhran Mamdani Nyu-York tarixində ilk müsəlman mer olacaq. Uqandada doğulan Mamdani tanınmış alim Mahmud Mamdani və kinorejissor Mira Nairin oğludur. Ailəsi o, uşaq ikən ABŞ-a köçüb. Mamdani seçki kampaniyasında həyat yoldaşı, suriyalı Rama Duvajinin də rolu diqqət çəkib. Respublikaçılar və mərkəzçi dairələr Mamdanini “sol radikalizmi” təşviq etməkdə və şəhərin iqtisadi sabitliyini risk altına atmaqda ittiham edirlər.

Səbuhi MƏMMƏDOV
XQ

Избранный
44
1
xalqqazeti.az

2Источники