İqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda keçirilən Ərəb Koordinasiya Qrupunun Yüksək Səviyyəli Dəyirmi Masası çərçivəsində İslam İnkişaf Bankı (İİB) Qrupunun sədri Məhəmməd Süleyman Əl-Casir ilə görüşüb.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, görüşdə İİB ilə iqtisadi əməkdaşlığın genişləndirilməsinin, o cümlədən enerji, infrastruktur, şəhərsalma, kənd təsərrüfatı, su təchizatı və digər istiqamətlərdə həyata keçirilən layihələrin önəmi vurğulanıb.
Görüşdə İslam İnkişaf Bankı Qrupunun illik toplantılarının 2026-cı ildə Bakıda keçirilməsi ilə bağlı gündəlikdə olan məsələlər müzakirə edilib. Tədbirlərin Bakıda keçirilməsinin İslam maliyyə institutları ilə tərəfdaşlığın genişlənməsinə, ölkəmizin investisiya potensialının regional və beynəlxalq miqyasda tanıdılmasına töhfə verəcəyi nəzərə çatdırılıb.
Tərəflər əməkdaşlığın prioritet istiqamətləri, qlobal maliyyə sistemində inklüziv yanaşmalar və qarşılıqlı maraq doğuran digər məsələlərlə bağlı fikir mübadiləsi aparıblar.