Azərbaycanın rəqəmsal infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi istiqamətində kompleks tədbirlər həyata keçirilir.
Bu barədə Finss.az-ın sorğusuna cavab olaraq Elektron Təhlükəsizlik Xidmətindən (ETX) məlumat verilib.
Qurumun açıqlamasında bildirilir ki, “Azərbaycanın rəqəmsal infrastrukturunun təhlükəsizliyinin gücləndirilməsi istiqamətində Elektron Təhlükəsizlik Xidməti (ETX) tərəfindən müxtəlif tədbirlər həyata keçirilir.”
ETX-in əsas fəaliyyət istiqamətlərindən biri ölkə üzrə informasiya infrastrukturunun subyektlərinin fəaliyyətini koordinasiya etmək, kibertəhlükəsizlik sahəsində yaranan riskləri izləmək və qarşısını almaqdır. Qurum bu məqsədlə həm texnoloji, həm də maarifləndirici tədbirlər həyata keçirir:
“ETX ölkədə informasiya infrastrukturunun subyektlərinin fəaliyyətini koordinasiya edir, kibertəhlükəsizlik sahəsində informasiya sistemləri, şəbəkələr, kompüter avadanlıqları və proqram təminatına qarşı yönəlmiş kiberhücumlar və elektron təhlükələr barədə məlumatları toplayır və təhlil edir.”
Bununla yanaşı, Elektron Təhlükəsizlik Xidməti ictimai və dövlət sektorlarını potensial təhlükələrdən qorumaq üçün ölkə səviyyəsində məlumatlandırma və maarifləndirmə fəaliyyətini davam etdirir:
“Bundan əlavə, qurum mövcud və potensial elektron təhlükələr barədə ölkə səviyyəsində məlumatlandırma aparır, istifadəçilərin maarifləndirilməsini təmin edir, təhlükələrin qarşısının alınması üçün metodiki tövsiyələr və təlimatlar hazırlayır.”
ETX-in məlumatına görə, qurum həmçinin qlobal səviyyədə baş verə biləcək kibertəhdidlərə qarşı qabaqlayıcı tədbirlər görür və beynəlxalq əməkdaşlığı gücləndirir:
“ETX həmçinin aidiyyəti qurumlarla birgə qlobal kiberhücumların qarşısını almaq məqsədilə qabaqlayıcı texnoloji tədbirlər həyata keçirir, kibertəhlükəsizlik üzrə qarşılıqlı hazırlığı təmin edir.”
Qurum bildirir ki, rəqəmsal təhlükəsizliyin mühüm tərkib hissələrindən biri də normativ-hüquqi nəzarətin həyata keçirilməsidir:
“Qurumun fəaliyyət istiqamətlərindən biri də internet informasiya ehtiyatlarında qanunla qadağan edilən məlumatların yayılmasının qarşısını almaq və ‘Fərdi məlumatlar haqqında’ Qanunun tələblərinə əməl olunmasına nəzarəti təmin etməkdir.”
ETX-in bu tədbirləri Azərbaycanın milli rəqəmsal infrastrukturunun etibarlılığını artırmaqla yanaşı, həm dövlət qurumlarının, həm də vətəndaşların informasiya təhlükəsizliyinin qorunmasına yönəlib.
Fuad Mədətov
Finss.az