
ABŞ Prezidenti Donald Tramp Nyu-York meri seçkilərini qazanan Demokrat namizəd Zohra Mamdaniyə qarşı “Dünən gecə Nyu-Yorkda suverenliyimizin bir hissəsini itirdik, amma bununla məşğul olacağıq, narahat olmayın” deyə qiymətləndirmə edib.
ABŞ Prezidenti Tramp Mayamidə keçirilən “Amerika İş Forumu”nda iştirak edərək burada açılış nitqi söyləyib.
Əsasən öz administrasiyasının bir il ərzində atdığı iqtisadi addımlardan təriflə danışan Tramp vəzifədə olduğu bir ildə sabiq ABŞ Prezidenti Co Baydenin dörd ildə etdiklərindən daha çox nailiyyət qazandıqlarını iddia edib.
Başda Nyu-York olmaqla bəzi ştatlarda keçirilən bələdiyyə və qubernator seçkilərinə toxunan ABŞ Prezidenti Respublikaçılar olaraq seçki nəticələrindən çox məmnun qalmadıqlarını bildirib.
Tramp Mamdaninin seçkiləri qazanmasına dair “5 noyabr 2024-cü ildə (prezident seçkilərində) Amerika xalqı hökumətimizi geri aldı və suverenliyimizi yenidən qazandıq. Dünən gecə Nyu-Yorkda suverenliyimizin bir hissəsini itirdik, amma bununla məşğul olacağıq, narahat olmayın” deyə şərh verib.
Seçkilərin saxtakarlıqla keçirildiyini iddia edən Tramp “Nyu-Yorkda baş verənləri izləyin, dəhşətli şeylər görəcəksiniz. Ümid edirəm, olmaz, amma dəhşətli şeylər görəcəksiniz” deyib.
Demokratların Nyu-Yorkda bir “kommunist” namizədi seçdiklərini və əgər Konqres ara seçkilərini qazansalar, eyni şeyi Konqresdə də edəcəklərini irəli sürən Tramp, Respublikaçı seçiciləri buna imkan verməməyə çağırıb.
“Konqresdəki Demokratların Amerikaya nə etmək istədiklərini görmək istəyirsinizsə, dünən Nyu-Yorkda keçirilən seçkilərin nəticələrinə baxın” deyən Tramp, Nyu-Yorkdakı bir çox insanın yaxın zamanda “kommunizmdən qaçaraq” başqa şəhərlərə köçəcəyini irəli sürüb.