RU

Prezident İlham Əliyev NATO nümayəndə heyətini qəbul edib » AzadMedia.az

Prezident

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 6-da NATO nümayəndə heyətini qəbul edib.

Nümayəndə heyətinə Türkiyə, Yunanıstan, Macarıstan, Monteneqro, Niderland, Şimali Makedoniya, Norveç, Slovakiya, Sloveniya, İsveç, Çex, Portuqaliya, İspaniyanın NATO-dakı daimi nümayəndələri, həmçinin ABŞ və Fransanın NATO-dakı daimi nümayəndələrinin müavinləri daxildir.

NATO nümayəndə heyətinin Prezident İlham Əliyev tərəfindən qəbul olunmasının əhəmiyyətini vurğulayan Türkiyənin alyansdakı daimi nümayəndəsi Basat Öztürk dövlət başçısının NATO mənzil-qərargahına səfərlərini məmnunluqla xatırladıb.

O, Azərbaycanın hazırkı inkişafının təməlinin Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulduğunu deyərək Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkənin bütün sahələrdə daha da gücləndiyini vurğulayıb.

Qonaqlar Azərbaycanla Ermənistan arasında sülh gündəliyinin irəli aparılması istiqamətində Vaşinqtonda əldə edilmiş nailiyyətlər münasibəti ilə Prezident İlham Əliyevə təbriklərini çatdırıblar.

Təbriklərə görə təşəkkürünü bildirən dövlət başçısı bu məsələdə ABŞ Prezidenti Donald Trampın xüsusi rolunu qeyd edib və əldə olunmuş razılaşmaların regionun inkişafı üçün geniş imkanlar açdığını dedi.

Prezident İlham Əliyev də öz növbəsində NATO mənzil-qərargahına səfərlərini xatırladaraq qeyd edib ki, Əfqanıstandakı əməliyyatlara dəstək Azərbaycan-NATO əməkdaşlığının vacib hissəsi olsa da, ölkəsi ilə alyans arasında regional inkişaf, enerji təhlükəsizliyi və digər istiqamətlər üzrə əməkdaşlıq da gündəmdədir.

Dövlət başçısı Azərbaycan Ordusunun NATO standartlarına uyğunlaşdırıldığını və bu çərçivədə Türkiyə ordusu ilə sıx əməkdaşlığı vurğulayıb. Bu xüsusda ölkəsi ilə alyans arasında əlaqələrin genişləndirilməsinin roluna toxunub.

Prezident İlham Əliyev Azərbaycanın ötən əsrin əvvəllərində müstəqilliyini qazandıqdan bəri əsas məqsədinə çatdığını - torpaqların işğaldan azad olunduğunu vurğulayaraq qeyd edib ki, ordunun müasiriləşdirilməsi prosesi bundan sonra da davam edəcək.

Dövlət başçısı NATO nümayəndə heyətinin ölkəyə səfərinin uğurlu olacağına ümidvarlığını bildirib.

Söhbət zamanı Azərbaycanın NATO-nun dəyərli tərəfdaşı olduğu vurğulanıb, Silahlı Qüvvələrin Əfqanıstanda "Qətiyyətli dəstək" əməliyyatlarındakı xidmətləri, bu xüsusda ölkəmizin regional nəqliyyat və logistika mərkəzi kimi töhfələri yüksək qiymətləndirilib, ölkə sülhməramlılarının Əfqanıstanı sonuncu tərk edən hərbi qulluqçular olduğu qeyd edilib.

Azərbaycanın alyans üzvləri ilə sıx dostluq və strateji tərəfdaşlıq əlaqələrinə toxunulub, NATO-nun "Sülh naminə tərəfdaşlıq" Proqramı çərçivəsində ölkənin 1994-cü ildən alyansın proqramlarında fəal iştirak etdiyi bildirilib.

Görüşdə Azərbaycan-NATO əməkdaşlığının perspektivləri müzakirə olunub, regional və qlobal məsələlərə dair fikir mübadiləsi aparılıb.

Избранный
5
49
azadmedia.az

10Источники