RU

Bərpaolunan enerji layihələri çox geniş miqyaslıdır

Azərbaycan bu gün artıq “yaşıl ölkə” kimi dünyanın diqqətindədir. Ötən il ölkəmizin beynəlxalq nüfuzunun, eyni zamanda, iqtisadi imkanlarının dünyaya təqdimatı olan COP29-un əhəmiyyətindən bəhs edərkən bu mötəbər tədbirin investisiya axınına öz müsbət təsirini göstərdiyi  xüsusi qeyd edildi. Əminliklə deyə bilərik ki, Qarabağ və Şərqi Zəngəzur  iqtisadi inkişafımızın yeni bir dayaq nöqtəsi olacaq. İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur, eləcə də Naxçıvan Muxtar Respublikası yaşıl enerji zonası elan olunub.  Azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma prosesində ətraf mühitin qorunması prioritetdir. Həmin ərazilərdə “ağıllı şəhər”, “ağıllı kənd” kimi innovativ yanaşmalar tətbiq edilir, ekosistem bərpa olunur. Yaşıl enerji növlərinin yaradılması və yaşıl enerjinin dünya bazarlarına nəqli Azərbaycanın enerji siyasətinin prioritetidir. Azərbaycan elektrik enerjisi istehsalının qoyuluş gücündə bərpaolunan enerji mənbələrinin payının 2030-cu ilə qədər 30 faizə çatdırılmasını hədəfləyir.

Noyabrın 3-də Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubiley yığıncağındakı çıxışında “Azərbaycanda icra edilən bərpaolunan enerji layihələri çox geniş miqyaslıdır” söyləyən dövlət başçısı İlham Əliyev onu da vurğuladı ki, bu gün yeni sahələr arasında əsas yerdə bərpaolunan enerji növlərinin yaradılmasıdır. Burada da Azərbaycan ön sıralardadır. Təkcə Qarabağda və Şərqi Zəngəzurda son 5 il ərzində 30-dan çox su elektrik stansiyası inşa edilmişdir. Onların toplam generasiya gücü 300 meqavatdan çoxdur. Günəş və külək elektrik stansiyalarının inşası gedir. Bu yaxınlarda Cəbrayıl rayonunda 100 meqavatlıq iki stansiyanın təməli qoyuldu. O stansiyaların yanında 240 meqavat gücündə üçüncü Günəş elektrik stansiyası inşa edilir. Bütövlükdə 2030-cu ilə qədər Günəş, külək və su elektrik stansiyalarının generasiya gücü 6 min meqavata çatmalıdır. Bu, böyük bir sənaye sahəsidir, sənayenin inkişafının növbəti istiqamətidir. Cənab İlham Əliyev  Azərbaycan alimlərini burada da fəal olmağa dəvət etdi.

Ölkə Prezidenti çıxışında bir neçə aydır  Qarabağda və Şərqi Zəngəzurda böyük geoloji işlər aparıldığını da diqqətə çatdırdı. Bildirdi ki, geoloji kəşfiyyat işləri xüsusilə Qarabağda və Şərqi Zəngəzurda çox böyük əhəmiyyət kəsb edir. Çünki bu ərazi sovet vaxtında lazımınca tədqiq edilməmişdir və tədqiq edilsə idi belə, yenə də ovaxtkı texnologiyalarla onları tam öyrənmək mümkün deyildi. Yəni, bu gün müasir texnologiyalarla peykdən tədqiqat, zondlama aparılır. Təbii resurslar, o cümlədən qeyri-ənənəvi neft yataqlarının aşkarlanması bir çox hallarda fiziki, yəni, əraziyə girmədən müəyyən edilir: “Azərbaycan alimlərini bu işlərə dəvət edirəm, dövlət strukturlarına da göstəriş verirəm. Hesab edirəm ki, yaxın bir neçə ay ərzində bizə çox yaxşı xəbərlər gələcək. Bizim çox zəngin təbii resurslarımız var - qızıl, gümüş, mis yataqları, polimetal yataqlar. Onların aşkarlanması, kəşfiyyatı, işlənməsi bizə böyük xeyir gətirəcək, Qarabağ və Şərqi Zəngəzur regionlarımızda iş yerlərinin böyük sayda yaradılmasına gətirib çıxaracaqdır”.

 Azərbaycanın enerji diplomatiyasının uğurları biri-birini əvəzləməkdədir. COP29  Azərbaycanın  bərpaolunan enerji resurslarını dünyaya təqdim etdi. Cənab İlham Əliyevin Sərəncamı ilə 2024-cü il ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan edildi. Dövlətimizin başçısı qeyd etmişdir ki, ev sahibliyi edən ölkə kimi bizim əsas məqsədlərimizdən biri birliyi və həmrəyliyi yaratmaqdır. COP zamanı və ondan sonra sədrliyimizin davam edəcəyi dövrdə elə müsbət mühit qurmaq istəyirik ki, ölkələr, şirkətlər bir-biri ilə istəklə işləsin və qarşılıqlı iddiaları kənara qoysunlar, planetin qorunması ilə əlaqədar əsas gündəliyə diqqət yetirsinlər.

Azərbaycanın ötən  il COP29-a - dünya miqyasında ən böyük beynəlxalq konfransa ev sahibliyi ölkəmizin beynəlxalq nüfuzunun, enerji diplomatiyasının  uğurlarının təqdimatı oldu.  Bu baxımdan qeyd edilir ki, bərpaolunan enerji növləri ilə bağlı hədəflərimiz aydındır. Dövlət başçısı İlham Əliyevin əminliklə vurğuladığı kimi,  çox ölkə Azərbaycanda bu sahəyə vəsait qoymaq istəyir.

Azərbaycanın  böyük bərpaolunan enerji potensialına malik olması təqdir edilir.  Azərbaycan tarixən neft ölkəsi kimi tanınmasına baxmayaraq bu gün qaz və elektrik enerjisi ixracatçısı kimi də mövqeyini möhkəmləndirir. Ölkəmiz regionda yaşıl enerjiyə keçidə hədəflənən qabaqcıl yanaşmaların tətbiqi üzrə liderdir və iqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizəyə böyük töhfə verir.  Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair müəyyənləşdirdiyi  beş milli prioritetdən biri “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” kimi müəyyən edilib. COP29 Azərbaycanın etibarlı və arzuolunan tərəfdaş kimi mövqeyini daha da möhkəmləndirdi. Azərbaycan hər bir çağırışı yüksək səviyyədə cavablandırmağa səy göstərir. Reallıq budur ki, Azərbaycan qlobal və regional enerji təhlükəsizliyinin təminatında mühüm aktorlardan biri kimi,  xüsusən də bərpaolunan enerjinin inkişafı sahəsində davamlı layihələr həyata keçirir, regionda sülhü, sabitliyi və təhlükəsizliyi dəstəkləyir.

Fəxrəddin Vəliyev,
​YAP Şəmkir rayon təşkilatının sədri

Избранный
47
ikisahil.az

1Источники