Ombudsmandan bəyanat: mina xəritələri məsələsi həllini tapmalıdır!
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombdsman) Səbinə Əliyeva Zəfər Gününün 5-ci ildönümü ilə əlaqədar bəyanat yayıb.
aia.az-ın məlumatına görə bəyanatda deyilir:
"2020-ci il 27 sentyabr tarixində Ermənistanın silahlı qüvvələri işğal siyasətini davam etdirmək məqsədilə azərbaycanlı mülki əhalinin sıx yaşadığı yaşayış məntəqələrini intensiv şəkildə və ağır silahlardan istifadə etməklə atəşə tutaraq müharibə cinayətləri törətmişdir. Nəticədə, çoxsaylı dinc insanlar həlak olmuş, yaralanmış, mülki, inzibati və sosial obyektlər dağıdılmışdır.
Bu hərəkətlərlə Ermənistan beynəlxalq hüququn, dövlətlərin suverenliyi və ərazi bütövlüyünə hörmət, gücdən istifadə etməmək və mübahisələri sülh yolu ilə həll etmək prinsiplərini pozaraq, Azərbaycanın suveren ərazisinə hərbi təcavüz etməklə sülh və təhlükəsizliyə, insanların həyat və sağlamlığına ciddi təhdidlər yaratmışdır.
Azərbaycan BMT Nizamnaməsində təsbit olunmuş özünümüdafiə hüququndan istifadə edərək, vətəndaşların həyat və sağlamlığının müdafiəsi, otuz ilə yaxın müddət ərzində işğal altında qalmış torpaqlarımızın azad olunması məqsədilə əks-hücum əməliyyatları həyata keçirmişdir. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında, xalqımızın həmrəyliyi ilə rəşadətli ordumuz cəmi 44 gün ərzində ərazilərimizi işğaldan azad etdi və bununla da tarixi uğura imza atmaqla şanlı Zəfər sevincini xalqımıza yaşatdı.
Müharibədən sonrakı dövrdə sülh və əmin-amanlıq üçün təhlükə yaradan separatçı qüvvələrin təxribat əməllərinin qarşısının alınması, habelə insan hüquq və azadlıqlarının qorunması məqsədilə 2023-cü ilin sentyabrında lokal xarakterli antiterror əməliyyatları həyata keçirildi. Vətən müharibəsi və antiterror tədbirləri zamanı əldə olunmuş qələbə nəticəsində dövlətimizin suverenliyi və ərazi bütövlüyü tam təmin edildi, regionda insan hüquq və azadlıqlarının qorunması üzrə geniş imkanlar yarandı.
Cari ilin avqust ayında ümumilikdə Cənubi Qafqazda dayanıqlı sülhün təmini məqsədilə Amerika Birləşmiş Ştatlarının Prezidentinin iştirakı ilə Azərbaycan və Ermənistan liderlərinin Vaşinqton şəhərində görüşü zamanı “Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis olunması haqqında Saziş”in paraflanması ilə regionda yaşayan xalqların sülh şəraitində, bir-birlərinin daxili işlərinə qarışmadan firavan həyat sürmələri üçün münbit şəraitin əsası qoyulmuşdur.
Bütün müsbət irəliləyişlərə baxmayaraq, işğal və müharibə dövründə itkin düşmüş soydaşlarımızın taleyinin aydınlaşdırılması, keçmiş məcburi köçkünlərin işğaldan azad edilmiş ərazilərimizə təhlükəsiz və ləyaqətli qayıdış hüququnun tam təmini və minatəmizləmə prosesinin sürətləndirilməsi məqsədilə dəqiq mina xəritələrinin ölkəmizə təqdim olunması kimi həlli vacib olan problemlər isə hələ də qalmaqdadır.
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) olaraq qeyd etmək istərdim ki, beynəlxalq təşkilatlar, dünya dövlətləri, xarici ölkələrin ombudsman və milli insan hüquqları təsisatları beynəlxalq hüquq normalarının təmini, müharibə nəticəsində pozulmuş insan hüquq və azadlıqların bərpası, dayanıqlı inkişafın və daimi sülhün bərqərar edilməsi üçün birgə təşəbbüslərini əsirgəməməlidir.
Ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin tam təmin olunması uğrunda həyatlarını itirmiş şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad edir, ölkəmizə, regiona və dünyaya davamlı sülh və əmin-amanlıq arzu edirəm".