RU

Yeni dəyişiklik GÜNDƏMDƏ – Məktəbə telefon gətirən şagirdin valideyni cərimələnəcək?

Qazaxıstanda yeni qaydaya əsasən, şagirdlərin dərs zamanı mobil telefondan istifadə etməsi qadağan edilir. Əgər bu qayda pozularsa, məsuliyyət birbaşa valideynin üzərinə düşəcək.
 

Qaydanı pozan şagirdin valideyni xəbərdar ediləcək, təkrar hal baş verərsə, ona təxminən 70 manat civarında cərimə tətbiq olunacaq.


Müəllimlər isə dərs zamanı telefon istifadə edən şagird aşkar etdikdə, bu barədə dərhal aidiyyəti qurumlara məlumat verməli olacaqlar.

Bu addımın məqsədi məktəblərdə intizamı artırmaq, şagirdlərin diqqətini dərs prosesinə yönəltmək və mobil asılılığın qarşısını almaqdır.

Maraqlıdır, bəs bu cür yanaşma Azərbaycanda da tətbiq edilə bilərmi?

Təhsil üzrə ekspert İradə Talıbova Bizim.Media-ya açıqlamasında bildirdi ki, dərs zamanı mobil telefonlardan istifadənin məhdudlaşdırılması şagirdlərin dərsə daha yaxşı fokuslanmasına kömək edə bilər.

Eləcə də tənəffüslərrin daha səmərəli keçirilməsi mümkün olar.

“Bu həm də valideynlərin məsuliyyətinin artırılması deməkdir. Çünki bəzi valideynlər şagirdin davranışına yalnız müəllim və məktəbin cavabdeh olduğunu düşünürlər. Belə bir qadağa isə həm şagirdə, həm müəllimə faydalı olacaq, valideyn də nəticədən razı qalacaq.
 

Amma bunun üçün ilk olaraq qanunvericilikdə dəyişiklik edilməlidir. Dərs zamanı mobil cihazlardan istifadəyə dair şərtlər və valideynlərin məsuliyyətləri açıq şəkildə göstərilməlidir.


Əks halda narazılıq yaranacaq. Düşünürəm ki, belə bir təşəbbüs mümkündür, lakin onun uğurlu olması üçün sadəcə cərimə kifayət etməz, valideyn-müəllim əməkdaşlığı, şagirdlərin davranışına psixoloji yanaşma kimi alternativlər də olmalıdır”.

Şəfiqə Şəfa, Bizim.Media

Избранный
40
bizim.media

1Источники