RU

Bakıda Azərbaycan–Özbəkistan II Gənclər Forumu keçirildi

BAKI, 6 noyabr. TELEQRAF

Bu gün Fairmont Hotelində Azərbaycan–Özbəkistan II Gənclər Forumu baş tutub. Tədbir Vətən uğrunda canından keçmiş qəhrəmanlarımızın xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Ardınca Azərbaycan və Özbəkistan dövlət himnləri səsləndirilib.

Teleqraf xəbər verir ki, forum çərçivəsində iki ölkə arasında dostluq və əməkdaşlıq münasibətlərini əks etdirən videoçarx nümayiş olunub.

Əsas məqsəd ondan ibarətdir ki, iki ölkə gəncləri arasında dostluq münasibətlərini gücləndirmək, və birgə layihələrin icrasına marağı yaratmaqdır.

Tədbirdə Gənclər və idman naziri Fərid Qayıbov, Özbəkistan Respublikasının ölkəmizdəki Fövqəladə və Səlahiyyətli Səfiri Baxrom Aşrafxanov, Azərbaycan–Özbəkistan parlamentlərarası işçi qrupunun üzvü, Milli Məclisin deputatı Günay Əfəndiyeva, Özbəkistan Respublikası Ali Məclisinin Senatı nəzdindəki Gənclər Parlamentinin sədri Laylo Aslonova, həmçinin Ali Məclisin Qanunvericilik Palatası nəzdindəki Gənclər Parlamentinin sədri Otabekkhuja Sobitov çıxış ediblər.

Çıxışlardan sonra azərbaycanlı gənc Şəbnəm İbrahimli və özbəkistanlı gənc Xumoyun Soatov forumla bağlı təəssüratlarını bölüşüblər.

Tədbir bədii hissə ilə davam edib. Tarda ifa edən Səxavət Məmmədovun çıxışı böyük maraqla qarşılanıb. Ardınca Özbəkistanın 2025-ci il “Gənclərin səsi” müsabiqəsinin qalibi Navruza Muxammadjanova səhnəyə çıxıb. Proqram rəngarəng və əyləncəli rəqs kompozisiyaları ilə davam etdirilib.

Forumun növbəti hissəsində “Urbanizasiya və gənclik”, “Süni intellekt və innovasiyalar” mövzularında interaktiv panel müzakirələri keçirilib.

Избранный
51
1
teleqraf.com

2Источники