RU

“Səmimi söhbət”imin yeni qonağı

(Yazıçının məşhur simalarla bağlı yazıları silsiləsindən)

 

Əziz dostlar, hörmətli oxucular! Uzun fasilədən sonra sizi yenidən “Səmimi söhbət”imə qatılmağa dəvət edirəm. Bugünkü qonağım  Sumqayıt Şəhər İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri, həkim, yazıçı, publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident mükafatçısı, Sumqayıt Dostlar Klubunun sədri Hümbət Quliyevdir (Həsənoğludur). Həmsöhbətim çox maraqlı insandır. Düşünürəm ki, söhbətimizə qatılsanız peşiman olmazsınız.

Sual: Sizcə Hümbət Quliyev kimdir?

Cavab: İnsan. Azərbaycanlı. Özünü və həyatı dərk etməyə çalışan adam.

Sual: Sizcə insan özünü dərk etmək üçün nə etməlidir?

Cavab: Dərk sözü ilk olaraq anlamaq mənasındadır. İnsan da meyvə kimi yetişir. Meyvəni günəş yetişdirirsə, insan ilk olaraq özü özünü yetişdirir. Təbii ki, ailənin, məktəbin, cəmiyyətin də rolu bu işdə önəmlidir. İnsan ömrü boyu oxuya- oxuya, düşünə- düşünə də özünü, yaşadığı dünyanı anlamağa çalışır. Bu dünyaya niyə gəldiyini, nə üçün gəldiyini araşdırmağa cəhd edir. Dərk üçün insan ömrü boyu öz qarşısında suallar qoyub, onlara cavab axtarmağa çalışmalıdır. Bu səbəbdən təhsilin əsas prinsipi davamlılıqdır. Qərb təzəlikcə qəbul edib ki, təhsillənmə  ömür boyu davam etməlidir.  Müsəlmanlar bunu çoxdan bilirlər, çünki müqəddəs Quran deyir ki, “beşikdən qəbr evinə qədər öyrənmək lazımdır.” Beləliklə, dərk ömrü boyu insanı müşayət edən ağıl, təfəkkür prosesidir.

Sual: Siz göz həkimisiniz. Uzun illər minlərcə insanın gözünə nur vermisiniz . "Gözlər qəlbin aynasıdır" ifadəsini elm də təsdiq edirmi?

Cavab: Maraqlı sualdır. Gözlər haqda mühazirələr oxumuş insan olduğum üçün qısa cavaba sığışmaq çətin olacaq. Mən hətta gözlərlə bağlı bir Quran ayəsi açmışam, Azərbaycan Dövlət Televiziyasında ayrıca veriliş olub bu barədə. Sualınızla bağlı. Gözlər həqiqətən də insanın daxili hisslərini, emosiyalarını əks etdirir. Hesab edirəm ki, insan baxışı ali ünsiyyət formasıdır. İnsana da heyvanlar kimi danışmaq qabiliyyəti verilməsəydi, insanlar daha yaxşı cəmiyyətdə yaşayardılar. Ən azı gözlərin yalan danışa bilməmək qabiliyyətinə görə. Yalan danışanlar gözlərini bu səbəbdən gizlətməyə çalışırlar. Qara eynəklər də günəşdən çox qarşıdakı insanı aldatmaq vasitəsidir. Bir baxış yüz sözün çatdıra bilmədiyini bir anda çatdırar. İnsan özünü sevincli göstərə bilər, amma kədərlidirsə, gözləri kədərli qalacaq, yalandan qəhqəhə cəkib gülsə belə. Mən deyirəm ki, göz həqiqət carçısıdır. Sevgini də ən dəqiq ifadə edən gözlərdir. Sevən gözləri heç bir gözlə səhv salmazsan. Ruhlar haqda insan heç nə bilmir. Quranda da bu təsbit olunub. Amma mülahizə olaraq gözlərlə ruhun bağlılığını təsdiqləyərdim.

Sual: Yazıçılıq, həkimlik üstəgəl həyat təcrübəniz sizi müdrikləşdirib. Bunu çəkinmədən deyirəm, çünki hekayələriniz, esseləriniz və xüsusilə, aforizmləriniz buna bariz nümunədir. Özünüzü bu nəticə qane edirmi?

Cavab: Heç kəs sterotiplərdən xali deyil. Mənim də bir neçə ali təhsilim var, çoxlu kitablar oxumuşam, 40- a yaxın ölkədə olmuşam, Rusiyada, Almaniyada həkim işləmişəm, həkim kollektivlərinə başçılıq etmişəm. Beş dilə tərcümə olunmuş əsərlərimi 14 kitabda cəmləşdirmişəm.  6 mindən çox aforizmim var və ən azı say baxımından türk dünyasında öndəyəm. Bəlkə də daha böyük coğrafiyada.

Bu sualınızdan istifadə edib bir məsələni vurğulamaq istəyirəm. Ermənilər bütün(!) atalar sözlərimizi erməni dilinə tərcümə edib dünyaya yayıblar. Bizim Elmlər Akademiyasının müvafiq qurumu bu faktı rəsmən təsdiqləyib. Və o atalar sözlərimizi, təəssüf ki, Qarabağımızı qaytardığımız kimi qaytara bilməyəcəyik.

Nəzərə alsaq ki, aforizm elə müəllifi bəlli atalar sözüdür, mən ədəbi irsimizə, daha ermənilərin sahib çıxa bilməyəcəkləri 6 mindən çox atalar sözü əlavə edirəm.

Amma bir fenomen haqda deməliyəm, mən onu “Allahın insanla zarafatı” adlandırmışam. Allah insanın içinə öyrənmək istəyi adlı bir fitrət qoyub. İnsan həmişə məlumatlanmağa, öyrənməyə həvəslidir. Amma nə qədər çox oxuyursa, xüsusən də çox öyrənirsə, daha çox səy göstərirsə, mütləq bir nəticəyə gəlir ki, onun bildikləri heç zərrə belə deyil. Mən də özüm üçün bu nətcəyə gəlmişəm.

Müdrikliyim varsa, o yalnız Allahın zarafatını təbəssümlə qarşılamağa çatır.

Sual: Vətənpərvərsiz. Bu yazılarınızdan hiss edilir.  Qarabağ dərdi çəkənlərdən olmusunuz uzun illər.  Hekayələrinizin birində adi orta məktəb müəllimi Fransa prezidentinə tarix dərsi keçir və “Qarabağ Azərbaycandır!” deməyə məcbur edir. Sizin üçün vətən nədən başlayır?

Cavab: Uşaqlığım Qarabağda- Cəbrayılda nənəmin yanında keçib. Döşəməsi torpaq, damı qarğı, ortasında odun peçi, adı çavıstan olan evdə elə ikimiz qarşılıqlı və sonsuz bir sevgi içərisində yaşayırdıq. Məndə yaxşı nə varsa, nənəmdəndir. Onun danışdıqları nağıllar mənim təfəkkürümü formalaşdırıb. Uşaq təfəkkürünün inkişafı üçün nağıldan təsirli heç nə yoxdur. Vətənimi də, onun qəhrəmanlarını da mənə elə nənəmin nağılları sevdirib. Məmnuniyyətlə deyirəm ki, mənim üçün vətən nənəmdən başlayir.

Sual: Yazılarınız həmişə oxucuya nəsə öyrədir. Bu bir missiyadır bəlkə?

Cavab: Tarix boyu Azərbaycan ziyalılarının, hansı peşə sahibləri olmalarından asılı olmayaraq bir maarifçilik missiyaları olub. Ümumiyyətlə, bildiyini bölüşmək savab işlərdən biridir. Elə gətirib ki, mən çox yaxşı təhsil almışam, yaxşı kitablar oxumuşam, dünyanı gəzmişəm. Bildiklərimlə, təəssüratlarımla da həvəslə bölüşürəm.

Sual: Sizin ən çox sevdiyim “Fotoqraf” adlı bir hekayəniz var. Bu kiçik hekayə dünya miqyasına çıxarılmağa layiq bir hekayədir, məncə.  Nə xoş ki, hekayənin əsas görünməz qəhrəmanı qadındır. Həyatda qadınlara münasibətiniz hekayədəkindən çox fərqlidir?

Cavab: Çətin sualdır. Etiraf edirəm ki, mənim qadınlara münasibətim, yumşaq desəm, birmənalı deyil. Kişi və qadın arasındakı fizioloji, psixoloji və digər fərqliliklər çox vaxt ziddiyyətlərə səbəb olur. Bir yazımda bu haqda geniş yazmışam. Qadın kişinin qabırğasından yaradıldığından təhtəlşüur səviyyəsində kişi özünü qadından üstün sayır.  Elə həmin səviyyədə qadın kişini doğduğundan onu özünə borclu sayır. Əslində qadın və kişini ayrı- ayrılıqda götürüb analiz etmək qüsurlu yoldur. Hər iki cinsi Allah yarımçıq yaradıb və yalnız onlar birlikdə olanda tam varlığa çevrilirlər. Eyni zamanda bir prinsipial məqam var.

Hər insan iki hissədən, sağ və sol hissədə ibarətdir. Sağaxaylarda, sağ qulaq, sağ göz, sağ ağ ciyər, sağ böyrək solda olanlardan azacıq qüvvətlidir. Solaxaylarda əksinə. Məsələn hər iki göz eyni gücdə olsa, insan görməz.  Cüt orqanların hamısında bu prinsip mütləq gözlənilir, yəni biri bir az öndədir. Qırıcı təyyarələrdə iki pilot olur. Mütləq biri aparıcı olmalıdır, ikisi də eyni zamanda idarə edə biməzlər, əks halda təyyarə qəzaya uğrayar. Qadın kişi münasibətlərində də az da olsa, kişi qabaqda olmalıdır. Quran da buyurur: onlar( kişilər) bir addım sizdən öndədirlər. O qadınlar ki, kişilərlə münasibətdə o addıma riayət edirlər, xoşbəxt olurlar. Harda ki, qadın bu mütənasibliyi pozur, problemlərlə üzləşir.

Müasir ailələrdə, təəssüf ki, bu prinsip pozulduğundan fəsadlar yaşanır. O qadın ki, öz kişisini başının tacı sayır, kişi onu öz şahzadəsi edir və belə şahzadə üçün dağları yerindən oynatmağa hazırdır. Etiraf edək ki, mənəvi dəyərlərimizə, həmçinin ailə dəyərlərimizə Qərb institutları tərəfindən güclü basqı var. Öz dəyərlərimizi qorusaq, xalqımızı da qoruyacayıq. Prezidentimizin bu sahədəki mövqeyi birmənalıdır. Bizə yad dəyərlər lazım deyil, öz dəyərlərimizi qoruyub yaşatmalıyıq. Bir alman dostum mənə dedi ki, biz dəyərlərimizi qoruya bilmədiyimizdən, emiqrantların uşaqlarına güvənmək məcburiyyətindəyik. Heç olmasa, siz öz dəyərlərinizə sahib çıxın. Qadının da azərbaycan ailəsində çox yüksək və şərəfli yeri həmişə olub. Amma nənələrimiz babalarımızın yanında öz yerlərini heç vaxt səhv salmayıblar.

Sual: Doktor, həkimlərə həmişə yaxşı mənada qibtə etmişəm. Sizə həm də bu qədər dərin bilikli , bu qədər geniş dünya görüşlü olduğunuz üçün qibtə edirəm. İncimirsiz ki?

Cavab: Necə inciyə bilərəm ki? Bilirəm ki, həkim olmaq arzunuz olub. Allah kimin arzusunu yerinə yetirmirsə, deməli onun üçün o arzudan da yaxşı nəsə hazırlayıb. Siz öz sahənizdə çox uğurlu olmusunuz, Maşallah. Ədəbiyyat sahəsindəki uğurlarınız çoxşaxəlidir. Hesab edurəm ki, siz ədəbiyyatımızın həkimisiniz və yazarlarımızın əsərlərinə dolğun ədəbi diaqnoz qoyursunuz.

Sual: Siz Azərbaycanda və bir çox digər ölkədə analoqu olmayan Sumqayıt Dostluq Klubu yaratmısınız. Bir qədər bundan danışsaydınız maraqlı olardı.

Cavab: Həqiqətən Sumqayıt Dotlar Klubunun anoloqu yoxdur. Süni intellektlərə də sual vermişik, cavab belə olub ki, dünyada bu kimi Klub yoxdur. Uzağı demirəm, heç Bakıda da yoxdur. Şəhər və Respublika səviyyəsində tanınmış yazarların, həkimlərin, alimlərin 9 il birlikdə olmaları həqiqətən qürurvericidir.

21 nəfərdən ibarət İdarə Heyəti, ilk növbədə, gənc nəslin düzgün tərbiyəsi, onlara mənəvi dəyərlərimizin aşılanması istiqamətində məqsədli işlər görür. Fəaliyyət meydanımız məktəblər, kitabxanalar, muzeylərdir. Gənclərlə çoxlu görüşlər, diskusiyalar keçiririk. Bilirsiniz, uşaqlar böyüklərə qulaq asmırlar, onlar böyüklərə baxırlar. Bu baxımdan Klubumuzun hər bir üzvü öz həyatı, dünyagörüşü, yaradıcılığı ilə gənclərə örnəkdir. Biz həm də Beynəlxalq Klubuq və 30- a yaxın xarcilərdən ibarət fəxri üzvümüz var. Onların əksəriyyəti yazarlardır.

Müasir dövrdə texniki imkanlar xarici əməkdaşlıq üçün rahat şərait yaradır.

Klubumuzun gələcəklə bağlı hələ çox layihələri var. Məsələn, biz artıq qalib xalqıq. Uşaqlarımıza, gənclərimizə qalib hissini aşılamalıyıq. Onlar bu hissdən qürurlana bilməlidirlər. Onlar azərbaycanlı olduqlarından fəxarət hissi keçirtməyi bacarmalıdırlar. Biz özümüz başımızı dik tutmalıyıq ki, onlar da bizə baxıb başlarını uca tutub bu xalqa sahiblənsinlər.

Sual:Doktor, bayaqdan mən sizə suallar verib cavablarınızı dinləyirəm. Əgər siz sual verməli olsaydınız mənə hansı sualı verərdiniz?

Cavab: Düzü, sizə verə biləcəyim heç bir sual ağlıma gəlmir. Ağlıma dilək gəlir.

İlk növbədə sizə can sağlığı diləyirəm. Yazar kimi də, tərcüməçi kimi də sizi uğurlu sayıram. Çox xoşbəxtəm ki, mənim seçilmiş əsərlərimi məhz siz rus dilinə tərcümə eləmisiniz.  Mənə qadın yazarlar öz qadın baxışları ilə maraqlıdırlar. Bu baxımdan əsərlərinizdəki qadın personajların necə düşünmələri, hadisələrə onların münasibətləri mənə maraqlıdır. Sizdə qadınla bağlı süjetlər yaxşı alınır. Sizə çoxlu həyat və yaradıcılıq uğuları diləyirəm. Öz məşhur layihəniz üçün məni növbəti həmsöhbət seçdiyinizə görə də sizə ayrıca minnətdarlığımı bildirirəm.

Həmişə var olun!

Sual: Çox sağ olun, doktor. Seçilmiş əsərlərinizi rus dilinə xüsusi bir maraqla tərcümə edirdim və hər hekayədə, hər essedə, hər novellada sizin geniş dünya görüşünüzü, yüksək intellektinizi hiss edirdim. Oxuculara bu kitabınızı hər iki dildə oxumağı tövsiyə edərdim. Mənimlə həmsöhbət olmağa razılıq verdiyiniz üçün sizə təşəkkür edirəm. Düşünürəm ki, söhbətimiz alındı və bu söhbətə qatılanlar bizi çox maraqla dinlədilər. Sizə fəaliyyət göstərdiyiniz hər sahədə uğurlar arzu edirəm.

Cavab. Qarşılıqlıdır. Mən də sizə can sağlığı və yaradıcılığınızda daha böyük uğurlar arzu edirəm.

Təranə MƏMMƏDLİ, 
yazıçı, dramaturq, tərcüməçi



Избранный
27
herbiand.az

1Источники